Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:38

Eurovision 2012 məhbusları məhkəməyə çıxarıldı


-

İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Eurovision 2012» mahnı yarışması ərəfəsində Azərbaycanda partlayış və qətllər törətməyi planlaşdırmaqda təqsirləndirilən 29 dini fəalın məhkəməsinə hazırlıq iclası keçirilib.

İclasa sədrlik edən hakim Əfqan Hacıyev jurnalistləri zala buraxmayıb. Yer azlığını əsas gətirən hakim məhkəmə zalına yalnız hər dustağın bir qohumunun girişinə icazə verib. Onların iddiasına görə, iclasa məhkəmə nəzarətçiləri deyil, çox sayda MTN əməkdaşı göz qoyurdular. Adamlar ciddi yoxlamadan keçirilir, vəkil və məhkəməni izləməyə gələnlərin mobil telefonları alınırdı.

Eurovision 2012
Eurovision 2012
İttiham aktına görə, tutulanlar «Eurovision 2012» yarışmasını pozmaq üçün Bakıda terror aktları həyata keçirməyi planlaşdırıblar. İstintaq MTN-də aparılıb və belə qənaətə gəlinib ki, dini fəallardan ibarət dəstəyə Samir Saniyev adlı şəxs başçılıq edib. O, ötən il Gəncədə gerçəkləşdirilən əməliyyatda MTN əməkdaşını qətlə yetirməkdə də təqsirləndirilir. Samir Saniyevin vəkili hazırlıq iclasında vəsatət qaldırıb ki, bu ittiham sübuta yetirilmədiyi üçün qəsdən adamöldürmə maddəsinə xitam verilsin. Vəsatət təmin olunmayıb.

Təqsirləndirilən şəxslərdən biri – Nahid Dadaşovun vəkili Elman Osmanov AzadlıqRadiosuna müsahibəsində ittihamların böyük bölümünün təsdiqini tapdığını söyləyib, ancaq əlavə edib ki:

«Düzdür, bu ittihamlarda təsdiqini tapan çoxlu məqamlar var. Bu adamların belə məsələləri həqiqətən də planlaşdırdıqları təsdiqlənib. Təqsirləndirilən şəxslərin özü də bunu etiraf edirlər. Amma tutulan şəxslərin evində axtarış zamanı silah-sursatın tapılmasına dair ittihamlar saxtadır. Məsələn, mənim müdafiə etdiyim Nahid Dadaşovun evində axtarış aparılarkən guya uşağın beşiyindən qumbara tapıblar. Bu, saxta ittihamdır. Ümumiyyətlə, silah-sursatla bağlı ittihamlarda uydurmalar çoxdur».

MƏHKƏMƏ BAXIŞI İYULUN 9-DA OLACAQ

Hakim məhkəmə baxışını iyulun 9-na təyin edib.

İttihama görə, beynəlxalq terrorçu şəbəkə Azərbaycanda terror aktı törətmək istəyib. Vüqar Padarova və «əmir» təyin edilən «Əbu Ubeydə» ləqəbli S. Saniyevə eyni səlahiyyət verilib. Onlar cinayətkar şəbəkə yaradaraq, «Eurovision 2012» ərəfəsində Bakıda və regionlarda terror hücumları həyata keçirməyi planlaşdırıblar.

İlham Əliyev Baku Crystal Hall-un açılışı zamanı
İlham Əliyev Baku Crystal Hall-un açılışı zamanı
İstintaq bu qənaətə gəlib ki, plana prezident İlham Əliyevə sui-qəsd də daxil imiş. Digər yandan «Baku Crystal Hall»da, «Hilton Baku» və «JW Marriot Hotel Absheron» mehmanxanalarında, Dövlət Bayraq Meydanında partlayış törətmək nəzərdə tutulubmuş.

Silahlı atışma zamanı MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev həlak olub. Yaralanmış digər 3 əməkdaş Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib. Əməliyyatlar nəticəsində Bakıda və Qazax rayonunda da hüquq-mühafizə orqanlarının 10-a yaxın əməkdaşı xəsarət alıb.

Son 1 ildə «Eurovision 2012» ərəfəsində Azərbaycanda terror aktı törətməyə cəhddə təqsirləndirilən 3 dəstənin 29 üzvünə hökm oxunub.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində «Eurovision» müsabiqəsinə etiraz etməkdə ittiham olunan «Azad Xəbər» internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Temirxan Hüseynov, Əli Əliyev, Səfər MəmmədovValeh Abdullayevin məhkəməsi davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG