Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:14

«Baku Steel Company»yə qarşı yeni açıqlamalar


«Baku Steel Company» daxili bazarda ən böyük armatur istehsalçısıdır.
«Baku Steel Company» daxili bazarda ən böyük armatur istehsalçısıdır.
-
«Prokurorluq yoxdur, daxili işlər, hüquq mühafizə orqanları – bu adamlar üçün qanun yoxdur. Feodal cəmiyyətinin nümayəndələridir onlar».

Bu fikirləri «Bakelektroqaynaq» ASC-nin səhmdarları iyulun 1-də keçirdikləri mətbuat konfransında səsləndiriblər. Onlar iddia edirlər ki, kağız üzərində payçı olsalar da, gəlirdən onlara pay çatmır. Vergilər Nazirliyinə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciətləri də nəticəsiz qalıb.

KVADRATI 1 MANATA RƏSMİLƏŞDİRİLƏN İCARƏ MÜQAVİLƏSİ...

«Fəaliyyət müddətində istehsal gücünü 2 dəfədən çox artırdığını bəyan edən bir şirkətin rəsmi sənədlərinə baxarkən, iflasa uğradığını görürsən» – Bir qədər qəribə səslənən bu təzada səhmdarların öz izahı var: Məqsəd – vergidən yayınmaq, bu yolla dövlət büdcəsinə və səhmdarlara ödəniş etməməkdir. «Bakelektroqaynaq» ASC-nin səhmdarlarının dediyinə görə, bu müəssisədə yoxlanış aparılmasına dair dəfələrlə Vergilər Nazirliyinə müraciət ediblər, amma vergidən yayınma halları araşdırılmayıb:

««Baku Steel Company» təkcə biz səhmdarlara deyil, bütövlükdə Azərbaycanın dövlət büdcəsinə ziyan vurur. Bu şirkət külli miqdarda vergidən yayınır. Amma Vergilər Nazirliyi də, bir çox digər dövlət qurumları da bu qanunsuzluğa göz yumur. «Bakelektroqaynaq» ASC-nin gerçək gəliri bir yana, açıqladığı 300 min manatlıq illik gəlirini də yoxlamırlar. Amma balaca bir köşkü hər ay yoxlayıb, vergidən cüzi yayınmaya görə külli miqdarda cəriməyə məruz qoyurlar. Böyük bir müəssisənin kvadratını guya 1 manatdan icarəyə verirlər. Halbuki, real bazar qiyməti ilə hesablasaq, heç balaca bir quş damının da icarəsi 1 manat deyil».

RƏSMİ SƏNƏDLƏRDƏ İFLASA UĞRAYAN ŞİRKƏT...

«Baku Steel Company» «Bakelektroqaynaq» ASC-nin səhm paketinin 98 faizinin sahibidir. Şirkət təkcə ölkədə deyil, Qafqazda da özünü ən güclü dəmir istehsalçısı kimi tanıdır. Səhmdarlar deyirlər ki, rəsmi statistikaya inanılsa, bu şirkət müflis sayılmalıydı.

İyunun 28-də «Baku Steel Company»nin əsas nəzarət paketinə sahib olduğu «Bakelektroqaynaq»
Hafiz Babalı
Hafiz Babalı
ASC-nin ümumi yığıncağı keçirilib. Adətən, bu cür yığıncaqlarda müəssisənin illik fəaliyyəti, gəlir və xərcləri haqda səhmdarlara hesabat verilir. Müzakirələrdən sonra birgə qərar qəbul edilir. Amma qaydalar «Bakelektroqaynaq» ASC-nin yığıncaqlarına şamil deyil. Səhmdarlardan biri – Hafiz Babalı deyir ki, cəmi 2-3 dəqiqəlik yığıncaqda qərar oxunur və bununla da yığıncaq başa çatır:

«Bu cəmiyyəti müəyyən şəxslər zəbt edərək şəxsi maraqları üçün yarar saxlayırlar. Biz səhmdarlara da yalnız zərər bəyan olunur. Səhmdarların ümumi yığıncağında özləri deyib, özləri eşidirlər. Sözlərini bitirəndən sonra da qalstukda otağı tərk edirlər. Biz səhmdarlar da donub qalırıq».

ARAZ AĞALAROV, RAMİZ MEHDİYEV, BƏYLƏR ƏYYUBOV...

Səhmdarların ümumi yığıncağına Rusiyada yaşayan azərbaycanlı işadamı Araz Ağalarovun vəkili Nazim Əliyev rəhbərlik edir. Səhmdarlar bildirirlər ki, dəfələrlə Ramiz Əliyevin qanunsuz hərəkətləri ilə bağlı Araz Ağalarovun özünə yazılı müraciət ediblər, amma vəziyyət yaxşıya yox, pisə doğru dəyişib:

«Hər müraciətimizdən sonra Ramiz Əliyev biz səhmdarla daha kobud davranır. Sanki Araz Ağalarova şikayət etdiyimizə görə bizdən əvəz çıxır».

Foto: Arxiv
Foto: Arxiv
Səhmdarlar bu ASC-də baş verən qanunsuzluqları dövlət qurumlarının bu şirkət qarşısında acizliyi ilə də izah edirlər. Burada tək Araz Ağalarovun, yox Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, prezidentin mühafizəsinin rəhbəri Bəylər Əyyubovun da adı çəkilir:

«Bu Cəmiyyətin arxasında dayananlar Prezident Administrasiyasında əyləşiblər və onlar tərəfindən himayə olunurlar. Biz buna dözməyəcəyik. Sona qədər mübarizə aparacağıq. Bu mübarizənin sonunda ölüm varsa, biz buna hazırıq. Çünki bu şəxslər özlərini qanunlardan da üstün bilirlər və bizi böcək qədər də saymırlar».

Səhmdarlar keçirdikləri mətbuat konfransına həm Vergilər Nazirliyindən, həm də Qiymətli Kağızlar üzrə Dövlət Komissiyasından nümayəndə dəvət ediblər. Bildirirlər ki, adıçəkilən dövlət qurumları təqdim etdikləri faktları araşdırmadıqları kimi, bu konfransa da qatılmamaqla öz biganəliklərini göstərirlər.

Vergilər Nazirliyindən bildiriblər ki, şikayətçi səhmdarların səsləndirdikləri ittihamlar araşdırıldıqdan sonra bu məsələyə münasibət bildiriləcək.

«BAKU STEEL COMPANY» MEDİADA...

«Baku Steel Company» daxili bazarda ən böyük armatur istehsalçısıdır.
«Baku Steel Company» daxili bazarda ən böyük armatur istehsalçısıdır.
«Baku Steel Company» MMC-nin adı bundan əvvəl də dəfələrlə mediada hallanıb.

Zülfüqarlı qardaşlarına məxsus şirkəti zorla özəlləşdirdiyi iddia olunan «Baku Steel Company» ötən il dəmir biznesi olan müəssisələrin zorla qapadılması ilə gündəmə gəlmişdi. Bu şirkətin qanunsuz hərəkətləri ilə əlaqədar hüquq-mühafizə orqanlarına edilən müraciətlərə isə hələ də baxılmayıb.

«BAKU STEEL COMPANY»...

«Baku Steel Company»nin açılışını 2001-ci ildə prezident İlham Əliyev gerçəkləşdirib. Müəssisənin rəsmi internet saytında yazılıb ki, son 2 ildə yeni istehsal sahələrinin yaradılmasına və yenidənqurma işlərinə 45 milyon dollar investisiya qoyulub və istehsal gücü ildə 770 min tona çatdırılıb.

Gələcəkdə daha 30 milyon investisiya yatırıb istehsalın həcmini 1 milyon 100 min tona çatdırılması nəzərdə tutulur.

Şirkət saytında qеyri-nеft sektorunun ən böyük vergi ödəyicilərindən biri olduğunu da yazır.

«Baku Steel Company» daxili bazarda ən böyük armatur istehsalçısıdır. Müəssisənin saytında «Rusiya və Gürcüstana, Türkmənistan və İrana məhsul ixrac etmək təcrübəsi» barədə də qeydlər var.
XS
SM
MD
LG