Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:38

Ərəstun Oruclu: «Mən riskə gedirəm» - [Video]


-

Müxalif düşərgəni təmsil edən və prezidentliyə namizədliyini irəli sürən Ərəstun Oruclu iyulun 1-də keçirdiyi mətbuat konfransında öz seçki platformasını açıqlayıb. O, AzadlıqRadiosunun suallarını da cavablayıb:
- Ərəstun bəy, Azərbaycan 2013 Hərəkatı (A13) 2013-cü ildə prezident seçkilərinə sizin namizədliyinizi irəli sürüb. Kimlərdir A13-ə qatılanlar? Hansı kəsimlərin təmsilçiləridir?
- A13 hərəkatı yeni bir hərəkatdır. 2013-cü ilin əvvəlində rəsmi olaraq təsis edilib. Hərəkatın yaranma ideyası 2012-ci ilin noyabr ayında doğulub. İdarə heyətində 18 nəfər təmsil olunur. Çoxu xarici ölkələrdə təhsil almış gənclərdir. Onlar müasir siyasi texnologiyaları, çağdaş dünyagörüşünü qəbul edə bilən, liberal düşüncəli insanlardır. Ümumiyyətlə, hərəkatın özü, deyərdim ki, gənclik hərəkatıdır...
- Başlıca hədəfiniz nədir?
- Başlıca hədəfimiz Azərbaycanda liberal dəyərlərə söykənən azad, demokratik cəmiyyət qurmaqdır. Yəni məqsəd təkcə seçki deyil. Bu seçki bizim üçün həm də sınaqdır. Əslində, mən riskə gedirəm, amma hərəkat qururuqsa və bu hərəkatın formalaşmasını, çəkişib- bərkişməsini istəyiriksə, bu baxımdan hesab edirik ki, bu, normal praktikadır. Eyni zamanda özüm də iddialı siyasətçiyəm. Seçkilərə qatılmaqda israrlıyam. Təbii ki, buna imkan veriləcəksə. Amma imkan verilməyə də bilər. Biz Azərbaycan hakimiyyətini tanıyırıq. Parlament seçkilərində hakimiyyət əlindən gələni etdi ki, mənim namizədliyimi qeydə almasın və belə də alındı.
- A13-ün mövcud siyasi partiya və hərəkatlardan prinsipial fərqi nədir?
- Prinsipial fərq ondan ibarətdir ki, biz iqtisadi islahatları önə çəkirik. Hesab edirik ki, iqtisadi islahatlar keçirilmədən, ölkədə iqtisadi azadlıqlar təsbit olunmadan, azad, ədalətli, demokratik cəmiyyət qurmaq yalnız utopiyadır, xülyadır.
- Prezidentliyə namizəd kimi, ayrı-ayrı sosial kəsimlərə hansı mesajınız var? Məsələn: kimi orta təbəqə sayırsınız və onlara mesajınız nədir?
- Liberal hərəkat olduğumuz üçün, bizim əsas istinad nöqtələrimizdən biri orta təbəqəni təmsil etməli olan sahibkar təbəqəsidir – kiçik və orta sahibkarlar. Amma təəssüf ki, Azərbaycanda bu zümrə sıradan çıxarılıb, çünki ölkə iqtisadiyyatı monopoliyaların nəzarətinə keçib. Amma istənilən halda, bu zümrə fəaliyyət göstərib və həmin bu kəsimə əsas mesajımız ondan ibarətdir ki, onlar bizim səylərimizi dəstəkləsinlər. Onlardan heç bir maliyyə dəstəyi istəmirik. Yardım edərlərsə, sağ olsunlar, eləməzlərsə, bir təmənnamız, umacağımız yoxdur... Hesab edirik ki, bu kəsimin inkişafı həm bizim, həm də ölkə iqtisadiyyatının inkişafıdır. Eyni zamanda bizim orta təbəqə kimi seçdiyimiz hədəf – həkimlər və müəllimlərdir. Ən böyük hədəf qruplarımızdan biri də tələbə gənclərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG