Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:36

Michel Houellebecq: “Şairlik indi çox ümidsiz bir işdir”


Michel Houellebecq
Michel Houellebecq
-

“Dünyada, bizim ətrafımızda baş verən qeyri-adi, görünməmiş hadisələr məni heyrətləndirir.

Mənə başqa şairlərin bütün bunları necə görməzdən gəlmələri aydın deyil, bəlkə onlar kənddə yaşayırlar...

Axı, bütün adamlar supermarketə gedirlər, illüstrasiyalı jurnallar oxuyurlar, axı, hamının televizoru, avtocavablandırıcısı var...”



Müsahibə 1997-ci ildə “Ankor”jurnalında (N 5) nəşr olunub.


Michel Houellebecq (Mişel Uelbek) 1958-ci ilin fevralında anadan olub. 1976-cı ildə Parisə köçür, Milli Aqronomçuluq İnstitutuna daxil olur və tezliklə orada “Karamazov” adlı ədəbi jurnal nəşrə başlayır. İlk şeirləri də həmin jurnalda nəşr olunur. Eyni zamanda Lümyer adına Milli Kinematoqrafiya İnstitutunda təhsil alır. 1991-1992-ci illərdə onun iki şeir toplusu və Lavkraft haqqında essesi nəşr olunur. Kitablar ədəbi tənqid tərəfindən heç bir reaksiya görmür. Müəllifin “Mübarizə sahəsinin genişlənməsi” adlı ilk romanı 1994-cü ildə nəşr olunur və sonradan iki dəfə ekranlaşdırılır. “Elementar hissəciklər” romanı 1998-ci ildə Fransanı məşhur “Flammarion” nəşriyyatında çap olunur və roman ətrafında böyük qalmaqal yaranır. Roman nüfuzlu “Prix Novembre” ədəbiyyat mükafatına layiq görülür. Uelbekin “Lansorete”, “Platforma”, “Adanın imkanları” romanları da qalmaqalsız ötüşmür. Sonuncu romanı “İnteraliye” ədəbi mükafatını alır və müəllifinə, hələ nəşrindən əvvəl Avropanın ən iri həcmli qonorarını qazandırır. Uelbek müasir Avropanın ən maraqlı esse ustalarından da hesab olunur.


Tanınmış fransız yazıçısı Michel Houellebecq ilə Sabina Odrerinin söhbəti


- “Döyüş ruhu”nu yazandan sonra siz “Xoşbəxtliyi təqib edərkən” adlı ilk şeirlər toplunuzu yenidən işləməyə qərar verdiniz. Bu o deməkdimi ki, siz indi poeziyaya daha çox üstünlük verir, şeirə daha tez-tez müraciət edirsiniz?

- Yox, elə demək olmaz, indi mən bir roman yazmağa çalışıram. Mənə elə gəlir ki, indi mən eyni vaxtda iki əks istiqamətdə inkişaf edirəm: nəsrim daha qəddar və murdar olursa, şeirlərim daha işıqlı, daha möcüzəli olur. Bir istiqamətdə uzağa getdiyimi hiss edəndə, o saat başqa istiqamətə, başqa yola keçmək istəyirəm. Bu dinamik tarazlıq sintez həddinə çatmayıbsa da, görünür, bu gün üçün mənim bacardığım ən yaxşı şeydir.
Michel Houellebecq
Michel Houellebecq

- Nəsrdən fərqli olaraq poeziya insanda emosiya yaratmaq, sanki hansısa daxili həyatı üzə çıxarmaq, qeyd eləmək üçündür. Necə bilirsiz?

- Poeziya ilk növbədə sirli dünyabaxışıdır. O, başqa vasitələrlə ifadə olunması mümkün olmayanı, daha dərində gizlənmiş şeyləri göstərmək, onlara işıq salmaq üçündür... və nəticə həmişə, hər dəfə məni təəccübləndirir. Bəzən bu, şeirin musiqililiyi, melodiyalılığı ilə bağlıdır, bəzən isə yox, eləcə hansısa qəribə, heç nəylə bağlılığı olmayan bir şeydir. Əlbəttə, özündə bu cür izaholunmaz şeyləri hiss eləmək maraqlıdır; mən hər dəfə daha çox hiss edirəm ki, istəklə bağlı olmayan gözəllikdə nəsə bir qəribəlik var. Düzdür, bunu romanda da hiss eləmək olar, amma daha az, çünki, orda hadisələrin və personajların mexanikası adamı çəkir. Heç bir söz oyunbazlığına yol vermədən demək olar ki, romanda aktiv başlanğıc poetik sıradan olan bir hadisədir.

- “Lənətlənmiş şairlər”- bü günün şairlərini belə adlandırmaq olarmı?

- Lənətlənmiş... bu nədir ki... hələ azdır. Şairlik indi çox ümidsiz bir işdir. Həyatı boyu hər bir kəs nə vaxtsa özündə şeir yazmaq ehtiyacı hiss edir, amma bu gün şeirin oxucuları sanki köcüblər. İndi poeziyanın darıxdırıcı bir şey olduğunu düşünmək dəbdir və poeziyaya olan tələbat mahnılar vasitəsilə ödənir, əlbəttə, qismən.

- Özünüzü müasir şairlərə yaxın hiss etmirsiniz?

- Ötən yüz ilin çoxlu şairlərini oxumuşam, amma müasirlərimi olduqca az tanıyıram. Mənim musiqidə də, poeziyada da ən cox sevdiyim dövr alman romantizminin ilkin mərhələsidir. Bu gün nəsə bənzər bir şey tapmaq mümkün deyil, çünki bizim dövrümüz patetika və lirizmdən yan qaçır. Mən avanqard cərəyanların heç birinin nə tərəfdarı, nə də əleyhdarıyam, amma bilirəm, başqalarından fərqim budur ki, əhatəsində olduğum dünya məni ədəbiyyatın dilindən daha çox maraqlandırır. Dünyada, bizim ətrafımızda baş verən qeyri-adi, görünməmiş hadisələr məni heyrətləndirir və mənə başqa şairlərin bütün bunları necə görməzdən gəlmələri aydın deyil, bəlkə onlar kənddə yaşayırlar... Axı, bütün adamlar supermarketə gedirlər, illüstrasiyalı jurnallar oxuyurlar, axı, hamının televizoru, avtocavablandırıcısı var... Mən bu reallıqdan qurtula bilmirəm, ətrafdakı bütün bu şeylərə dəhşətli dərəcədə həssas reaksiyam var.

- Özünüz üçün sanki “metodik tövsiyələr” olan “Sağ qalmalı”nın mətninə çox kiçik düzəlişlər eləmisiz.

- Bu mətn ani qeydlər, momental eskizlərdir, belə şeyləri dəyişmək elə də asan deyil. Və doğrudur, orda mən bu gün də sadiq qaldığım metodu izah edirəm. Bilirəm, ilk romanım, “Mübarizə sahəsinin genişlənməsi” gözlənilməzlik effekti yaratdı. Amma, ona qədər “Sağ qalmalı”nı oxuyan o azsaylı adamlar, çox güman, başqalarından daha az təəccübləniblər.

- Sizin yazdığınız kimi bütünlüklə mənəviyyatdan məhrum dünyada ədəbiyyatın rolu necə ola bilər?

- Bütün hallarda çox çətin bir roldur. Cəmiyyətin yaralarını nişan verən adam özünü ümumun antipatiyasına məhkum edir. Kütləvi informasiya vasitələrinin bizi zibilləyən gözəl nağılları fonunda ironiya nümayiş eləyən, şeylərə qaranlıq nəzərlərlə baxan ədəbi istedadı üzə çıxarmaq çətin deyil. Ən çətini sonradır, bu sinizmin öhdəsindən necə gələcəksən, onu necə dəf edəcəksən. Əgər bu gün öz əsərlərində eyni qədər dürüst və optimist olmağı bacaran bir yazıçı belə varsa, o, dünyanın taleyini dəyişəcək.

Tərcümə: Səlim Babullaoğlu

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG