Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:17
-
Etimad Bağırov turizm şirkətlərinin birinin qarşısında dayanıb müştəriyə «gəl-gəl» deyən elana baxırdı. Orada yazılmışdı ki, Yunanıstanda 630 manata, Çernoqoriyada 620 manata, Tunisdə 515 manata bir həftə dincəlmək olar. Bir nəfər üçün bu qiymətə təyyarə ilə gediş-gəliş, 7 günlük 4-ulduzlu oteldə qalmaq, 2 dəfə yemək, viza, sığorta daxildir.

Etimad Bağırov deyir ki, o, keçən il xanımı ilə birgə istirahətini Qəbələdə keçirib və dincəlişinin bir həftəsinə 400 manat ödəyib:

«Fikirləşirəm ki, 400 manata daha yaxşı istirahət etmək olardı. Biz hələ ev tutub qalırdıq. Əslində, ölkə daxilində istirahət həddindən artıq bahadır. Oteldə qalmağın heç adını çəkmirəm».

Onun dediyinə görə, turizmdə ad çıxarmış Tunis, Çernoqoriya və Yunanıstan kimi ölkələrin birində dincəlmək daha cəlbedici görünür.

«OTELLƏRİN QİYMƏT SİYASƏTİ HƏLLEDİCİDİR»

Həmin ölkələrdə dincəlişə çağıran turizm şirkətinin meneceri Lalə Əliyeva deyir ki, qiymətlərin əlçatımlı olması otellərin endirim siyasəti ilə bağlıdır:

«Orada nə qiymət göstərilirsə, doğrudan da elədir. Həmin ölkələrin otellərində, adətən, endirimlər var. Onlar bizə ucuz xidmət təklif edəndə, biz də müştəriləri sevindirə bilirik. Hər şey oteldən asılıdır».

Bir başqa sakin – Sara Əliyev ötən il Türkiyədə dincəlib. Üstəlik, cibinəuyğun qiymətə:

«Dəniz sahilində dincəldim. Bilet də, yemək də daxil, 500 manat xərcim çıxdı. Qaldığım otelin ulduzu yüksək olmasa da, xidmət çox yüksək səviyyədə idi».

Nabran

Nabran

Azərbaycanın Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Masallı rayonlarındakı otellərdə gecələməyin qiyməti 40-120 manat arasındadır. Qubada turizm sahəsində çalışan Eldar Məhərrəmovun fikrincə, bu qiymətləri baha adlandırmaq doğru deyil:

«Bir günə 30-50 manat ödəməlisən. 120-150 manatlıq yerlər də var. Qubanın mənzərəsi, təbiəti heç də xarici ölkələrdən geri qalmır».

«OTELLƏRİN ÇOXUNDA İNTERNET YOXDUR»

Sosial-İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyi istirahətini Azərbaycanın turist obyektlərində keçirənlərin xidmətin səviyyəsinə münasibətini öyrənib. Birlik sədrinin müavini Natiq Hüseynov bildirir ki, sorğuya qatılanların çoxu göstərilən xidmətdən narazılıqlarını dilə gətiriblər. Onlar otellərin çoxunda internetin, yükdaşımaların və başqa xidmətlərin olmamasından və xidmət personalından gileyləniblər. Sanitariya qovşaqlarının – hamam və tualetlərin ən adi tələblərə cavab verməməsi, özəlliklə isti suyun olmaması da dincəlişçilərin ən çox şikayət etdiyi çatışmazlıqlardandır.

Lənkəranda turizm obyekti olan Əhmədağa Əliyev başqa fikirdədir. O deyir ki, turistlərin sayı ilbəil çoxalır:

«Gələnlər arasında yerlilər də, əcnəbilər də var. Bir günün qiyməti 50 manatdır. Bundan aşağı qiymət olmur ki».

«TURİST SAYI İLBOYU 100 MİNİ AŞMAZ»

Bilgəhdə «Jumeirah» oteli

Bilgəhdə «Jumeirah» oteli

Turizm meneceri çalışan Rüfət Əlimərdanovun dediyinə görə, ölkədaxili istirahət yerlərində göstərilən xidmət və istirahət günlərinin sayı baxımından qiymətlər dəyişir:

«Həftə sonları daha baha qiymətlər təklif edilir. Axı otel, istər-istəməz, dolur. Otel sahibi fikirləşir ki, 30 manata razı olan 40 manat da verər. Bakının özündə 10 gün öncə 150 manata tutacağınız otel otağına şənbə günü 450 manat ödəməyə məcbur qalacaqsınız. Xarici ölkələrlə müqayisəyə gəlincə, biri var Azərbaycanın daxili turizm potensialı, biri də var, məsələn, Türkiyənin. Oraya milyonlarla turist axışır. Amma bizdə, özümüzünkü və əcnəbi qarışıq, turist sayı ilboyu 100 mini aşmaz. Yarımil rayonlarımızda da həmişə turist olsa, rəqabət də güclənər və qiymətlər ucuzlaşar. Rəqabət aparan şirkətlərin də sayı çox deyil».

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov da problemi çözməyin yolunu rəqabət qabiliyyətini artırmaqda görür:

«Çox adam istirahətini Azərbaycanda keçirmək istəyər, amma mövcud qiymətlərə gücləri çatmır. İş getməlidir. Daha çox otel tikilməlidir. Azərbaycan otellərinin yataq yerləri də çox azdır. Cəmi 31-32 min yataq yerimiz, təxminən 515 otel var. 40-50 otel də tikilməkdədir. Bunların sayı sürətlə artmalıdır. Gənclər düşərgələri, 2-3 ulduzlu otel və motel şəbəkələri genişlənməlidir. Daha çox yataq yeri təklif edən müəssisələr olmalıdır ki, rəqabət mühiti yaransın, tələblə təklif arasında tarazlıq olsun. O halda qiymət də ucuzlaşacaq».

«XİDMƏT SAHƏLƏRİ ÇOXALSA, QİYMƏT UCUZLAŞAR»
Əbülfəs Qarayev

Əbülfəs Qarayev


Mədəniyyət və Turizm Nazirliyi daxili turizm sektorunun müdiri Mahir Qarayev deyir ki, qiyməti dövlət tənzimləmir:

«Bu gün Azərbaycanda 10-15 manatdan 150 manatadək yerləşdirmə xidmətləri var. Hər kəs öz büdcəsinə görə bunlardan yararlana bilər. Əsas hədəfimiz – xidmət sahələrinin çoxalmasıdır. Belə olsa, qiymətlər aşağı düşər. İnfrastrukturu genişləndirməkdə, xidmət sahələrinin sayını artırmaqda və çoxçeşidliliyə nail olmaqda maraqlıyıq».

Bir neçə gün öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bildirib ki, indiki şərtlərdə qiymətləri ucuzlaşdırmaq mümkün deyil:

«Azərbaycanın turizm müəssisələrinin böyük əksəriyyətində növbəti ay üçün yerlər öncədən tutulub. Bu o deməkdir ki, cəmiyyətdə imkanlar mövcuddur. İnsanlar gedəcəksə, kimisə qiyməti aşağı salmağa məcbur etmək mümkün deyil».

Nazir ölkədaxili turizm müəssisələrində monitorinqlərə başlandığını, nöqsanları aradan qaldırmaq üçün yoxlamalar aparıldığını deyib.

Şərhləri göstər

XS
SM
MD
LG