Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:43

X-cı ildə “gəlib” dünyaya... (Seçmə şeirlərdən)


Əli Şirin Şükürlü

Əli Şirin Şükürlü

-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. Bütün əsərlər müəllifi göstərilmədən Münsifə göndərilib.


Əli Şirin Şükürlü


qayıdır...

qayıdır...
hər şey yerə qayıdır.

quş yerə qayıdır.
yarpaq, çiçək, gül,
yarpağın, gülün, çiçəyin üstündə
şeh, damcı yerə qayıdır.

qayıdır...
buludlar,
günəş, ay, ulduzlar – göy üzü
yerə qayıdır.

qayıdır...
hər şey yerə qayıdır.

dəniz saçlım, yarpaq gözlüm,
ay bənizli, səma üzlüm,
gül qoxulu, yağmur baxışlım,

uçsan da
bir ömür bəs edir
yerə qonmağa,

cəmi bir ömür – yenidən torpaq olmağa.

... – 01.03.2013



gedir – X-cı ildə doğulub.

qatar
vaqonlardan ibarətdir,
vaqon adamlardan.
bir də pəncərələrdən.

vaqondakı pəncərələr
daha çox göz və əllər deməkdir;
göz və əllərdən
ibarət olur adamlar
ayrılıqlar gəldiyi zaman.

gedər, qatarlar gedər.
qalar, ayrılıqlar qalar
qatarların getdiyi yerdə.

vağzallar
ayrılıq yeri deyil ki təkcə,
görüş yeridir həm də.

gələr, qatarlar gələr.
qalar, ayrılıqlar qalar
qatarların gəldiyi yerdə.

hər ayrılıq bir görüşün,
hər görüş bir ayrılığın
nöqtəsi – aqibətidir.
hər nöqtə
son və başlanğıcın sığındığı yer.

A nöqtəsindən B nöqtəsinə gəldi,
B nöqtəsindən C nöqtəsinə getdi.
“gəldi” və getdi”lər
parça-parça doğrayar yolları.
ayrılıq – kəsilən yeri yolların.

A nöqtəsindən B nöqtəsinə gəldi –
elə A nöqtəsindən getdi deməkdir.

bütün gəlişlər – gedişdi öncə.

gedir beləcə hər şey:
bəzisi sürətlə, bəzisi asta.
bəzisi tərpənmir – gedir amma.

gedir o ağac,
gedir
o ağacın yanındakı o ev,
gedir
o evin içindəki
o masa, o şkaf, o çarpayı.

çarpayıda
illərdi yataq xəstəsi:
baxıb ümidsiz-ümidsiz
“gedirəm” – dedi.

o
nə vaxtsa yaraşıqlı –
səyahət etməyi sevərdi qatarlarda,
indi ümidsiz xəstə;
X-cı ildə “gəlib” dünyaya.

... – 30.03.2013



bölünə-bölünə

gün nədir?
sıxılmışam yenə otağa. qarşıda yollar –
sonsuz sayda. getməyə yer yox. bir yol ola, bir adam.
o yol gedə o adama. gedəsən.
gedəsən: gəlmişəm deməyə lüzum olmaya – illərdi səni gözləyə.

gün nədir? – çıxıb ayın içindən. ay ilin, il illərin. beləcə, bölünüblər.
bölünər hər şey. bölünər – sonsuz sayda. nə varsa sonsuzluq,
aramsız, kəsilməz bölünməsiylə. nə varsa bir-birinə bərabər
sonsuz hissələriylə. ölçülər aldadar adamı. ölçülər:
uzunluq,sahə, həcm.

gün nədir? – otaq indi.
otaq ölçülər həcmiylə. otaqda mən. sanki neçə illərdi dayanmış
qatardayam. ötüb keçən ətrafdakılar. uzunluq boyu ötüb keçər.
müxtəlif əşyalar səpələnibotaqda. səpələnib uzunluq, sahə, həcm boyu.
qarşımda masa – səthi ölşülər sahəsiylə. masanın üstündə
vərəqlər. birində bu günün tarixçəsi. xoşuma gəlmir nədənsə.
götürüb bir neçə yerə ayırıram.parça-parça edilsə də yox olmur.
sonsuz böləsi deyiləm ki. atıram yeşiyə parça-parça edilmiş hissələri –
düzsən yan-yana; bir günün tarixçəsi.

gün nədir? – çıxıb ayın içindən. ay ilin,il illərin. bölünə-bölünə
ötüb gedirlər. qoşulub onlara gedirəm bölünə-bölünə.
gün nədir? – ötüb gedən. qarşıda bir yol – sonsuz yollardan biri.
o yol özümə gedir deyəsən; gəlmişəm deməyə lüzum yox.
gəlmişəm azala-azala deyirəm.

gün nədir? – gün qurtarır. gedirəm. illərdi məni gözləyən var.
gedirəm bölünə-bölünə. gecəniz xeyrə qalsın, məndən ayrılanlar.
gecəniz xeyrə qalsın. sabaha qədər.

gün nədir - sabaha qədər?..

... – 09.04.2013



məzar daşında yazı
məzar daşında yazı:
Əsədova Göyçək Murad qızı
(1932 – 2007)


o Muradın qızı
mənim anamdır. mən
beş bacının qardaşı,
iki bacı bir qardaşın atası.

gün işığı gəzir
məzar daşında, bərq vurur
üstündəki yazılar.

qürub edəcək günəş...
günəş – milyon illərdi azalmır,
bütövdür;
milyon illərdi işıq saçar.

bölünməklə
azalmayan yaranan da var demək.

qürub edəcək günəş.
zülmətdə uyuyacaq yazı,
yatağı məzar daşı.

altı il ötdü qürubundan.
altı il, ana,
işığın üz-gözümdə.

bir gün
bir neçə misralıq yazıya çevriləndə,
çevrilib, zülmətdə uyuyanda
o işıq gəzəcək üz-üz,
gəzəcək göz-göz.

yaranan var ki,
dəyişmir -
bölünməklə azalmaz.

... – 13.03.2013



bir qış gecəsi – müxtəlif talelər

eyni ildə, eyni gündə
doğulmuşuq –
soyuq qış gecələrinin birində.

eyni məktəbdə, eyni sinifdə
oxuyardıq.
dostluq etdiyimi xatırlamıram
onunla,
nə barədə söhbət etmişik – o da
yadımda deyil.

o kənddə yaşayır indi. ustadır.
ev tikir yəni. daşı daş üstə qoyur.

mən şəhərdə yaşayıram. şeir yazıram.
sözü sözə calayıram.

səhv etmirəmsə
cəmi bir neçə dəfə görüşmüşük
ötən illər ərzində - o da təsadüfən.

anam tez-tez xatırlayardı
o gecəni – mən doğulduğum.
sevgi ilə xatırladığı o gecədə
İsgəndər də vardı.
eyni gündə doğulmuşuq onunla –
soyuq qış gecələrinin birində.
bəlkə də
eyni ulduz altında.

iki ana bir-birini tanıyan;
iki insan doğmuşdu
eyni gündə -
soyuq qış gecələrinin birində.

o iki ananın oğlu
o iki insan bir-birini tanıyır
uzun illərdi.

o iki insan
eyni ildə, eyni gündə doğulub
uzun qış gecələrinin birində, bəlkə
eyni ulduz altında.

o iki insan uzun illərdi
ayrı-ayrı tale yaşayır.

... – 03.04. 2013

Günün bütün mövzuları

XS
SM
MD
LG