Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:00

Ədəbiyyat başdan-ayağa riyakarlıq üzərində qurulan sənətdir


İngilis yazıçısı, satiriki Jerome Klapka Jerome-dan esse (Seyfəddin Hüseynlinin tərcüməsi)

Jerome K. Jerome

Jerome K. Jerome

-

...Biz öz inancımıza da riyakarlıq qatırıq...

..Özümüzü elə aparırıq ki, guya bütün qadınlar ismətlidirlər, kişilərin də hamısı qeyrətlidir...



Jerome Klapka Jerome


DÜŞÜNDÜYÜMÜZÜ DANIŞMALI, DANIŞDIĞIMIZI DÜŞÜNMƏLİYİKMİ?

esse


(Ruscadan Seyfəddin Hüseynli tərcümə edib)


Mənim bir gicbəsər dostum var, iddia edir ki, bizim dövrün ən səciyyəvi cəhəti riyakarlıqdır. Onun fikrincə, insanlar arasındakı ünsiyyətin əsasında riyakarlıq dayanır…

Qulluqçu gəlib xəbər verir ki, mister və missis Heyvərələr gəliblər, qonaq otağındadırlar.

- Lənət şeytana! – deyir ər.

- Sakit! – deyir arvad. – Qapıları bərk-bərk bağlayın, Süzen. Sizə neçə dəfə deyilməlidir, qapıları açıq qoymayın?!

Ər, barmaqlarının ucunda yuxarı çıxıb, kabinetinə çəkilir. Arvad güzgünün qabağında bəzi hərəkətləri məşq edib, hisslərini büruzə verməmək üçün özünü kifayət qədər tox tuta bilənədək ləngiyir, sonra isə qollarını açıb, gülərüzlə qonaq otağına keçir: elə bil insan onun görüşünə gələn mələyin pişvazına çıxır. Deyir, Heyvərələri görməyinə çox sevinir, nə yaxşı gəliblər! Bəs o biri Heyvərələri niyə gətirməyiblər? Hanı o dəcəl bala Heyvərə? Niyə heç bizə baş çəkməyə gəlmir? Gərək ona əməlli-başlı təpinim. Bəs o sevimli körpə Heyvərə - Flossi hanı? Çox balacadır deyə, qonaq gedə bilməz? Bu nə sözdür?! Necəsiniz indi, hamılıqla gəlmədiyinizə görə, heç üzünüzə də baxmayaq?

Onu evdə tapacaqlarına çox da ümid etmədiklərini, ancaq mehribanlıq naminə ildə ən azı dörd dəfə onlara dəyməyi özlərinə borc bildiklərini deyən Heyvərələr buraya gəlmək üçün necə əldən-ayaqdan getmələrindən söz salırlar.

- Bugün, – missis Heyvərə söhbəti çözələyir, – qərara aldıq ki, necə olursa olsun, gəlməliyik. “Con, əzizim, - dedim səhər-səhər, - bugün nəyin bahasına olsa da, istəklim missis Dələduzu görməyə gedəcəyəm”.

Sözlərindən belə çıxır, guya bu Heyvərələrə qonaq getmək istəyən Uels şahzadəsinə çatdırılıb ki, bugün onu qəbul edə bilməyəcəklər; ya axşamçağı gəlsin, ya da bir başqa gün; indi isə Heyvərələr öz könüllərincə vaxt keçirmək fikrindədirlər, missis Dələduza baş çəkməyə hazırlaşırlar.

- Bəs mister Dələduz necədir? – missis Heyvərə xəbər alır.

Missis Dələduz bir anlıq sükuta dalıb, ətrafı dinşəyir. O, ərinin pilləkənlə enib, qonaq otağının qapısına yaxın bir yerdə gizləndiyini hiss edir. Giriş qapısının necə astaca açılıb-örtüldüyünü də duyur o. Nəhayət, özünü ələ alır, elə bil yuxudan ayılır. Guya bayaqdan bəri mister Dələduzun, qayıdanbaş, nədən məhrum olduğunu öyrəndikdə necə heyfsilənəcəyini fikirləşirmiş...

Və bütün bunlar təkcə Heyvərələrlə Dələduzların deyil, bizim hər birimizin – Heyvərə və Dələduz olmayanların da başına gəlir. Cəmiyyətin bütün təbəqələrinin mövcudluğu buna əsaslanır: elə davranırıq ki, guya hamıdan ötrü ürəyimiz gedir; guya hər kimi görsək, şadlanırıq; guya hamının bizdən ötrü gözü uçur; guya hamı xoş gəlir, səfa gətirir; guya, doğrudan da, gələnlərin qayıdıb getmək vaxtı yetişəndə dilxor oluruq...

Biz nəyi seçərdik – hələ də yemək otağında oturub siqarımızı axıracan sümürməyi, yoxsa qonaq otağına keçib, miss Cikkəçinin oxumağına qulaq verməyi? Bu nə sualdır?! Tələsiklikdə bir-birimizi itələyib yıxırıq. Baxın, miss Cikkəçi həqiqətən oxumaq istəmir, amma bir halda ki, israr edirik… Və bizim israrımızdan sonra Miss Cikkəçi gözəl, nazlı bir ədayla razılıq verir. Biz bir-birimizə baxmamağa çalışırıq. Oturub, gözlərimizi tavana zilləyirik. Miss Cikkəçi oxumağını bitirib özünü dartır.

- Elə bu?!.. – Alqışlar kəsilib, ağız deyəni qulaq eşidə bildiyi andaca dillənirik. Miss Cikkəçi axıra kimi, hamısını oxuduğuna əmindirmi? Yoxsa, bu zarafatcıl xanım bizimlə məzələnib, arada bir bəndi buraxıb? Miss Cikkəçi and-aman eləyir ki, onda günah yoxdur, təqsir romansın müəllifindədir. Amma o, başqalarını da oxuya bilər. Bu eyhamı tutan kimi üzümüz yenidən sevinclə işıqlanır. Hay-küy qoparır, təkid edirik ki, birini də oxusun…

Ev sahibinin bizə süzdüyü şərab – ömründə bundan dadlısı dəyməyib dilimizə! Yox, yox, bu qədər bəsdir, daha olmaz, həkim qəti şəkildə qadağan edib... Hələ ev sahibinin siqarı! Heç ağlımıza gəlməzdi ki, bu mənasız dünyada hələ də belə siqarlar buraxılır. Yox, birini də çəkməyə, doğrudan, halımız yoxdur. Neynək, bu qədər dirəşirsə, birini götürüb cibə qoymaq olmazmı? Düzünə qalanda, biz elə də tütünbaz deyilik. Bəs ev sahibinin təklif etdiyi qəhvə? Bəlkə bunun sirrini bizə açsın? Hələ evin balacası! Deməyə sözmü var! Əvvəllər o qədər adi uşaqlar görmüşük ki. Açığı, indiyəcən uşaqlarla aramız olmayıb, onlar barədə elə-belə, nəzakət xətrinə xoş sözlər demişik. Amma bu balaca! Bir o qalır ki, soruşaq: bunu hardan almısınız belə? İstərdik, bizim də beləsi olsun. Gör bu balaca Cenet “Diş həkimində” şeirini nə gözəl söyləyir! İndiyədək kiminsə şeir oxumasından bu qədər təsirlənməmişdik. Ancaq burda gerçək bir dühadan söhbət gedir! O, mütləq hazırlaşıb, səhnəyə çıxmalıdır. Anası səhnə sənətini bəyənmir? Ancaq biz, teatr naminə, ona yalvararıq: səhnə belə bir istedaddan məhrum olmamalıdır!

Təzə gəlinlərin hamısı gözəldir. Hər bir təzə gəlin füsunkar görünür öz sadə geyimində… (sonrakı təfərrüatlar üçün yerli qəzetlərə baxın!) Hər bir toy ellikcə şadlanmaq üçün bəhanədir. Yeni evlənənləri gözləyən ideal həyatdan əminliklə söz açırıq məclis əhlinə, əlimizdə də şərab piyaləsi. Başqa cür necə ola bilər axı? Gəlin – xalis anasının qızı (alqışlar)! Bəy – nə söz ola bilər, hamımız tanıyırıq (yenə də alqışlar, üstəlik, tərbiyəsiz bir cavanın qəfil ucalan, tezcə də boğulan qəhqəhəsi)!

Biz öz inancımıza da riyakarlıq qatırıq. Kilsədə oturub, bizə ayrılan vaxt ərzində, qürur hissiylə Tanrıya bildiririk ki, bəs, biz aciz, zavallı, bədniyyət soxulcanlarıq. Belə başa düşürük ki, bizdən də elə bu tələb olunur: bizə bir zərəri yoxdur bunun, əksinə, xoşdur.

Özümüzü elə aparırıq ki, guya bütün qadınlar ismətlidirlər, kişilərin də hamısı qeyrətlidir: ta onlar bizi bunun heç də belə olmadığını nəzərə almağa məcbur edənəcən. Onda belələrinə yamanca acıqlanırıq, başa salırıq ki, onlar günaha batıblar, bizim kimi pak insanların tayı deyillər.

Varlı bibimizin ölümü bizə dözülməz dərd olur. Ruhumuzdakı sızıltının ifadəsi üçün göstərdiyimiz kiçicik cəhdlərdə köməyimizə yetən manufaktura dəllalları bütöv bir sərvətə yiyələnirlər. Təsəllimiz bircə bu olur ki, bibimiz “haqq dünyasına köçüb”. Bu tərəfdə əlinə keçənləri qamarlayandan sonra “hamı köçür haqq dünyasına”. Ağzıaçıq qəbrin yanında dayananda hamımız bir-birimizə belə deyirik. Keşiş isə, buna o qədər əmindir ki, vaxta qənaət naminə, həmin təsəlli formulunu əks etdirən hazır dualarla dolu kitabçaya əl atır.

“Hamının cənnətə gedəcəyi” barədə söhbətlər uşaq vaxtı məni yaman təəccübləndirirdi. Ölən adamların hamısını hesaba qatanda, belə məlum olurdu ki, cənnətdə boş yer qalmayıb.

Atılmış, unudulmuş İblisə yazığım gəlirdi, az qala. O, mənim təsəvvürümdə, nəyinsə intizarıyla bütün günü qapının ağzında oturan, bəlkə də hərdən öz-özünə, dodaqucu: “Deyəsən, dükanı bağlamağın vaxtıdır axı” - mızıldanan yalqız, nurani qoca kimi canlanırdı. Bir dəfə bu düşüncələrimi dayəmlə bölüşəndə qarı tam əminliklə qayıtdı ki, əgər belə fikirləşməkdə davam eləsəm, İblis mütləq məni öz yanına aparacaq. Görünür, yaramaz uşaq olmuşam. Ancaq məni – neçə ildən sonra ona baş çəkən yeganə insan övladını görəndə İblisin necə sevinəcəyini düşünmək bir qədər şirnikdirici gəlirdi: heç olmasa, ömrümdə bircə dəfə diqqət mərkəzində olacaqdım.

İstənilən iclasda sədrlik edən həmişə “yaxşı oğlan” olur. Marsdan birisi gəlib bizim qəzetləri oxusaydı, elə bilərdi ki, parlamentimizin hər bir üzvü şən, xeyirxah təbiətlidir, ali, nəcib, müqəddəs varlıqdır; fani insanlara çox cüzi bənzərliyi var, mələklərin onu diri-diri göylərə qaldırmasına da bircə bu mane olur. Məgər həmin “yaxşı oğlan”a bu adı bütün iştirakçılar birağızdan, ildırım kimi gurlayan səsləriylə verməyiblərmi? Özü də dalbadal üç dəfə. Onların hamısı belə deyir. Biz hər dəfə əsas natiqin parlaq nitqini son dərəcə diqqətlə böyük məmnuniyyətlə dinləyirik. Elə bilməyin ki, əsnəyirik: sadəcə, ağzımızı ayırıb, onun bəlağətli nitqini içimizə çəkirik.

İnsan cəmiyyət nərdivanında nə qədər yuxarıya qalxıbsa, onun altındakı riyakarlıq kürsüsü bir o qədər geniş olmalıdır. Çox vacib bir şəxsin başına hansısa müsibət gələndə onun ətrafındakı daha xırda çaplı adamlar həyatdan tamam-kamal əl üzürlər. Dünyada mühüm simaların həddən artıq çox olduğunu, zaman-zaman onların başına nələrsə gəldiyini nəzərə alanda isə, mat-məəttəl qalırsan ki, bu dünya indiyədək nə əcəb dağılmayıb.

Bir dəfə böyük və gözəl insanlardan biri nə cürsə naxoşlamışdı. Qəzetdə oxudum ki, bütün millət yasa batıb. Restoranlarda nahar edən adamlar ofisiantlardan bu xəbəri eşidəndə başlarını masaya döyüb hönkürürmüşlər. Bir-birini tanımayan adamlar küçələrdə qucaqlaşıb, balaca uşaqlar kimi ağlaşırmışlar.

Onda mən xaricdəydim, ancaq artıq evə qayıtmağa hazırlaşırdım. Nədənsə, qayıtmağa üzüm gəlmirdi. Güzgüdə özümə baxanda gördüklərim məni sarsıtdı: məndə son iki-üç həftədə heç bir pis hadisəylə üzləşməmiş adam görkəmi vardı. Hiss edirdim ki, dərddən üzülən insanların arasına belə sifətdə çıxmaqla yalnız onların kədərini daha da dərinləşdirə bilərəm. Belə nəticəyə gəlməli oldum ki, mən təbiətən xəbis və eqoistəm: Amerikada tale bir pyesimin üzünə gülüb, odur ki, lap öldürsələr də, heç cür özümü dərdli adam kimi göstərə bilmirəm. Bəzən elə məqamlar olurdu, özümü azacıq unudan kimi, bir də baxırdım, fışdırıq çalıram.

Əgər imkan olsaydı, taleyin hansısa zərbəsi məni həmvətənlərimlə eyni ovqata kökləyənə qədər xaricdə ləngiyərdim. Ancaq vacib işim vardı. Duvr limanında kəlmə kəsdiyim ilk adam gömrük məmuru oldu. Güman yeri vardı ki, o, qəm-qüssə üzündən, tutalım, qırx səkkiz dənə siqar kimi xırdalıqlara fikir verməyəcək. Heç elə şey yoxdur: əksinə, onları tapanda çox sevindi. Üç şillinq dörd pens tələb etdi, üstəlik, pulları alanda hırıldadı da. Duvr vağzalında bir qızcığaz hansısa xanımın zənbilinin itin üstünə aşdığını görəndə qəşş elədi, ancaq, məlum məsələdir ki, uşaqlar qayğısız məxluqlardır, ya da, ola bilsin, onun heç nədən xəbəri yox idi.

Mən ən çox təəccübləndirən isə, zahirən abırlı görünən bir nəfərin vaqonda gülgü jurnalı oxuması oldu. Düzdür, o, mümkün qədər abırlı davranır, xısın-xısın gülürdü, ancaq yenə də, yas içində olan bir vətəndaşın nəyinə gərəkdir gülgü jurnalı? Londona çatdığım heç bir saat olmazdı, istər-istəməz, belə qənaətə gəldim ki, biz – ingilislər çox soyuqqanlı millətik. Qəzetlərə qalsa, bugünlərdə bütün ölkə qəmdən üzülmək, dərddən qırılmaq kimi ciddi bir təhlükəylə üz-üzəydi. Ancaq ertəsi gün millət artıq toparlanmışdı. “Biz bütün günü ağladıq, - ingilislər özlərinə bu cür təskinlik verirdilər, - gecə də kirimək bilmədik. Bunun bir xeyri olmadı. Neyləmək olar, gəlin həyatın yükünü təzədən qaldırıb çiynimizə aşıraq”. Gördüyüm qədəriylə, onlardan bəziləri elə həmin axşam otelin restoranında, əsl fədakarlıqla, yeməyə girişmişdilər.

Biz ən müxtəlif işlərdə riyakarlığa əl atırıq. Müharibə vaxtı hər bir ölkənin əsgərləri dünyanın ən cəsur döyüşçüləri olurlar. Düşmən ölkənin əsgərləri isə, həmişə hiyləgər və məkrlidirlər, bax bunun hesabına bəzən qalib gəlirlər.

Ədəbiyyat başdan-ayağa riyakarlıq üzərində qurulan sənətdir.

- Hə, yığışın başıma, atın penniləri papağıma, - deyir yazıçı, - mən də, hardasa Beysuoterdə Ancelina adlı, dünya gözəli bir qız olduğunu uyduraram. Sonra da elə düzüb-qoşaram, Nottinq-Hilldə yaşayan Edvin adlı bir gənc həmin o Ancelinaya vurular...

Bir ara, əgər papaq pulla dolubsa, yazıçı lap dərinə gedir, basıb-bağlayır ki, ay Ancelina belə fikrə getdi, ay belə dil-dil ötdü, ay Edvin də min cür qəribə hoqqadan çıxdı... Biz bilirik, o, bütün bunları sözgəlişi uydurur. Bilirik ki, bunların hamısını bizim xoşumuza gəlsin deyə qurub-qoşur. Bir yandan da, özünü elə göstərməlidir ki, guya başqa yolu yoxdur, axı o, sənətkardır. Ancaq biz lap qəşəng bilirik: papağına penni yağdırmayaq, onda görərik, başqa nə yollar bilir.

Teatr rəhbəri təbilini bərk-bərk döyəcləyir:

- Yaxın gəlin! Yaxın gəlin! – çığırır. – İndi biz elə düzüb-qoşacağıq ki, guya missis
Conson şahzadədir, qocaman Conson isə özünü dəniz qulduru kimi qələmə verir. Yaxın gəlin, yaxın gəlin, gəlin baxın!..

Və budur ha, şahzadə donuna girmiş missis Conson, razılaşmaya əsasən, saray kimi qəbul olunan qondarma taxtabəndin arxasından çıxıb gəlir; qoca Conson isə, dəniz qulduru qiyafəsində, yenə də razılıq üzrə, okean gəmisi sayılan başqa bir amanabənd qurğuda ləngər vurur. Missis Conson özünü elə aparır, guya ona vurulub, ancaq biz bilirik ki, heç də belə deyil. Qoca Conson qorxunc quldur təki davranır, missis Conson isə, ta saat on birəcən, özünü ona inanmış kimi göstərir. Biz də düz iki saat oturub onlara qulaq asmaqdan ötrü - hərəyə bir şillinqdən yarım funta qədər -
pul xərcləyirik…

Amma, qabaqcadan tanıtdığım kimi, mənim dostum parabeyinin biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG