Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:29
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. Bütün əsərlər müəllifi göstərilmədən Münsifə göndərilib. Seçmə şeir və hekayələri bu gündən dərc etməyə başlayırıq.


Xuraman Hüseynzadə


Nə sən, nə vətən...

nə sən keçirsən ağlımdan
nə də vətən bu aralar...
qonşuda körpə ağlayır
nə dil qanır, nə də ağız-
allah bilir, nə dərdi var

iki dilənçi gördüm bayaq
biri susaraq dilənirdi
o biri yalvararaq
20 qəpiklə pozdum sükutu:
“allah səni xoşbəxt eləsin!”

bulvarda
bircə hava alanda
əlimin cibimə ehtiyacı olmur
dəniz dalğalanır
aylıq maaşımızı hesablayıram
kredit borclarımızı ödəyəndən sonra
bəs edəcəkmi bir ay dolanmağa
hava hikkəsindən qaralır...

yolpulu qalxır deyirlər
bir dilim çörək az yeyək
bir çimdik duz az işlədək
günümüz yollarda keçir
yamandıqca sırtılan yollar
yenə cibimizi sağır
yenə qanımızı içir
addımlarım
daş kimi düşür
asfaltın başına
evə dönürəm ağır-ağır

nə sən keçirsən ağlımdan
nə də vətən...


Ehtiras

pəncərəm günah iş görür
külək gəlir otağıma
tumarlayır jalüzləri

heç belə görməmişdim mən
ehtiraslı gecələri
üzüyola gündüzləri

sevgi yatır dibçəklərdə-
gecə düşəndə yumulur
güllərin ləçək gözləri

açır günəş düyməsini-
göyün yaxasında qalır
buludların əl izləri...


Məni bağışla

bilirəm qorxursan
məni itirməkdən
əllərimi unutmaqdan
çörəyinə zəhər qatmaqdan
qorxursan

ayaq barmaqlarımın
ucunda
yerimişəm
qabarlı əllərinlə
ürəyinə doğru
əllərini incitdimsə
ağrıtdımsa
ürəyinə bağışla
günahlarımı
göz yaşınla yoğurduğun
çörəyinə bağışla...
indi qəzəbdən yumruğa dönən
əllərimin
bir zaman daraq olub
tellərini oxşamağı da vardı
unutma...

Günün bütün mövzuları

XS
SM
MD
LG