Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:51

Bürkülü yayın kondisionerli avtobus xülyası


Bakıda avtobus
Bakıda avtobus
-
«Sahibkarlara avtobuslarda nəfəslik sisteminin işlək vəziyyətə gətirilməsi, insanları avtobuslarda gün vurmasın deyə, şüşələrin yuxarı hissələrində pərdələrin asılması barədə tövsiyələr verilib. Nəqliyyat Nazirliyinin bu tövsiyələrinə məhəl qoymayan, normaları pozan avtobus sürücülərinə cəza veriləcək».

Bunu Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov ötən il iyunun 15-də söyləmişdi. Ayrıca o da vurğulanmışdı ki, nəqliyyat müfəttişləri sərnişinlərin hüququnu qorumaq üçün ciddi fəaliyyət göstərəcəklər.

Bir ildən çox vaxt ötüb. Yay hələ lap qızmar çağına qədəm qoymasa da, isti və bürkü artıq özünü göstərir.

SÜRÜCÜ: «BU YUXARI TƏŞKİLATLARDAN ASILI MƏSƏLƏDİR»

«Bu istidə avtobuslarda vəziyyət iyrəncdir. Adamlar çox, hava isti. Əslində, avtobus sərin olmalıdır və tez-tez gəlməlidir ki, tünlük yaranmasın. Avropa ölkələrində olmuşam. Orada avtobuslarda kondisioner işləyir, adamlar da az olur».

Bu, 52 saylı marşrutun sürücüsü Asif Rüstəmovun sözləridir. O deyir ki, kondisionerli avtobusları sürücülər sərnişinlərdən çox arzulayır:

«Amma bu sürücülərdən asılı olan məsələ deyil. Bu iş yuxarı təşkilatlardan, Nəqliyyat Nazirliyindən asılıdır. Hərdən elə isti olur ki, sərnişinlər bizdən xahiş edirlər ki, heç olmasa, qapıları açıq qoyaq. Biz qapını açırıq, amma bu da qanun pozuntusudur. Bəzi ölkələrdə hətta dayanacaqlarda kondisioner sistemi işləyir. Bizdə heç biri yoxdur».

Namiq Həsənov
Namiq Həsənov
«AVTOBUSLARDA KONDİSİONER QURAŞDIRMAQ MÜMKÜN DEYİL»

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov iyunun ortalarında mətbuata verdiyi açıqlamasında paytaxtda avtobuslara kondisioner sisteminin quraşdırılması məsələsinin mümkünsüz olduğunu bildirib:

«Şəhər nəqliyyatında nəfəslik hissəsi olur. Yəni, pəncərələrinin yuxarı hissəsində xüsusi nəfəsliklər var. Bəzən sərinkeşlərdən istifadə edilir. Şəhərlərdə kondisioner sistemi özünü doğrultmur. Çünki avtobusun qapıları tez-tez açılıb-bağlanır. Ona görə də, kondisionerdən istifadə etmək effekt vermir. Amma şəhərlərarası, uzaq yol gedən avtobuslar üçün kondisionerlər var».

METROPOLİTEN YAY CƏDVƏLİNƏ KEÇİR

Bakı metropoliteni iyulun 1-dən qatarların yay qrafiki ilə hərəkət edəcəyini açıqlayıb. Qurumun internet səhifəsində yer alan məlumatda deyilir ki, sərnişin axınının gözəçarpan dərəcədə azalması diqqətə alındığından qatarlar arasında intervallarda bəzi dəyişikliklər olacaq. Yəni –bu sözləri dəftərxana dilindən canlı danışıq dilinə çevirsək – qatarı daha çox gözləyəcəksən.

Yay cədvəlinə görə, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasınadək və əks istiqamətdə qatarlar arasında interval gur saatlarda 2.5 dəqiqə,
Bakı metrosu
Bakı metrosu
«28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində interval 5 dəqiqə olacaq. İstirahət günlərində qatarlar 3 dəqiqədən bir gələcək.

Qatarlararası fasilə məlum. Bəs metronun soyutma sistemi çalışacaqmı?

Metronun «Nizami» stansiyası önündə fikirlərini paylaşan adamların çoxundan bənzər sözləri eşitmək olar: «Metro çox istidir, ancaq pəncərələrdən gələn sərinlik var. Metroya girdinsə, bitdin – tərin içində batırsan. Tünlük saatlarda lap pis, basabas, müxtəlif qoxular, adamın başı çatlayır».

Ən dözümlülər daha çox bu fikri dilə gətirirlər: «Dözmək olar, neyləyək. Olanımız budur. Hər halda bayırdan yaxşıdır».

ALMANİYADA MƏHKƏMƏYƏ ÇIXAN MƏSƏLƏ

Almaniyada yaşayan Sarvan Rizvanov yay mövsümündə kondisioner sistemi olmayan avtobus, tramvay və qatarlara rast gəlinmədiyini bildirir. Deyir, ötən il Berlin civarlarında hərəkət edən sürət qatarında kondisioner sisteminin yarım saat işləməməsi məhkəməyədək gedib çıxıb:
Eyyub Hüseynov
Eyyub Hüseynov
«Kondisioner yarım saat işləməmişdi. İndi bu məsələ məhkəməyə çıxarılıb. Dəmiryol idarəsi sərnişinlərə yarımsaatlıq əziyyətə görə təzminat ödəməlidir. Bundan başqa, həmin sistemi qatarlara quraşdıran şirkət də məhkəməyə cəlb olunub».

«MƏN PREZİDENTƏ MÜRACİƏT ETMİŞƏM»

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yay mövsümündə ictimai nəqliyyatdakı duruma insanlara sayğısızlıq kimi baxır:

«İstehlakçılardan yığılan pulun bir hissəsi əhaliyə göstərilən xidmətin yaxşılaşdırılmasına yönəldilməlidir. Bütün pullar sahibkarların cibinə getməməlidir. Mən prezidentə müraciət etmişəm. Hökumət üzünü istehlakçılara doğru çevirməlidir. Hökumət də, dövlət də – bir sözlə, hamı bilməlidir ki, biznesmeni, məmuru, hökuməti, ordunu saxlayan istehlakçıdır. Ölkədə istehlakçı siyasəti gücləndirilməlidir».

Eyyub Hüseynov deyir ki, birliyin nəzdində sərnişinlərin təhlükəsizliyini tənzimləyən yeni komissiya yaradıblar. Onun dediyinə görə, bu komissiya uyğun qurumlar qarşısında nəqliyyatda təhlükəsizlik məsələsi ilə yanaşı, kondisioner sistemin quraşdırılması məsələsini də qaldıracaq.
XS
SM
MD
LG