Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:37

Azərbaycan məmurlarının söyüş ənənəsi


Seçicilərinin yanında kişinin üzünü qızardı
Seçicilərinin yanında kişinin üzünü qızardı
-
«Ondan-bundan 5 manat qopartdı, yaşadı... Başı böyüdü, qulaqları da oldu bir metr... Təsəvvür edin ki, nəyə oxşayar. Ona görə də özünü elə aparmalıdır ki, heç yeri böyüməsin, Allah-taalanın verdiyi normanı saxlasın».

Bunu bir rayonun icra başçısı hesabatçı bələdiyyə sədrinin ünvanına, özü də elə bələdiyyə sədri seçicilərinin gözü önündə söyləyir. Necə deyərlər, seçicilərinin yanında kişinin üzünü qızardı.

İyunun 27-də Qusarda icra başçısı Şair Alxasovun Hil kəndində sakinlərlə keçirdiyi açıq qəbulda bələdiyyə sədrini təhqir etməsi gündəmdən düşmür. Beləliklə, prezidentin fərmanı ilə təyin olunan məmur xalqın seçdiyi bələdiyyə sədrini elə onun seçicilərinin gözü qarşısında alçaldır və... Və seçici bunu gülüşlə qarşılayır. Fərqinə belə varmadan ki, təyin olunmuş onun seçdiyini təhqir edib. Bu, mərkəzdən çox-çox uzaqda – Hil kəndində baş verir.

HƏMXASİYYƏT BAŞÇILAR

Şimal bölgəsindən söz düşmüşkən, ilyarım əvvəl Qubanın icra başçısı yerli sakinləri aşağıladığına görə rayon qarışmışdı. Hər halda, qubalılar küçəyə axışmalarının səbəbini belə yozurdular. Prezident bir fərmanla həmin icra başçısını işdən çıxarıb başqa fərmanla digərini təyin etdi. Ancaq əvvəlki başçının başına gələnlər yenisinə görk oldumu? Bu yaxınlarda nəqliyyat naziri Ziya Məmmədovun Qubada keçirdiyi qəbul zamanı başçının kəndlilərə göstərdiyi münasibətdən bəlli oldu ki, yox. Çeşid-çeşid problemlərinə nazirdən əlac uman və qapı qarşısına toplaşan kəndlilərlə təzə başçı kobud davrandı. Yumşaq desək, onları qovdu.

İlham Əliyev
İlham Əliyev
MƏMURLARIN ETİK DAVRANIŞ KODEKSİ YARADILSIN

Ancaq bundan da betərləri prezidentin öz müşavirəsində baş verir. Məsələn, bir neçə il öncə prezident İlham Əliyev professor İsmayıl Vəliyevi məmurların gözü qarşısındaca iclasdan qovur. Yaxud da başqa bir müşavirədə nazirlərin gözünün içinə deyir ki, övladları qudurub. Jurnalist Aynur İmranova da düşünür ki, prezidentin təyin etdiyi məmurların vəzifəcə kiçik və sadə vətəndaşları təhqir etmələrinə elə öz başçıları rəvac verir. Beləcə, təhqir şəbəkələnir:

«Necə ki prezident öz məmurları ilə danışanda «qudurğan» və s. qeyri-etik ifadələr işlədir, eləcə də məmurlar hər yerdə özlərindən aşağı olanları təhqir edir. Təklif edərdim ki, jurnalistlərin etik qaydaları kodeksi kimi beynəlxalq təcrübəyə əsaslanıb məmurların da etik davranış qaydaları kodeksini yaratsınlar».

MƏMURLAR QAPIYA GƏLƏNƏ DÖZÜMLÜ OLMALIDIRLAR

Kiçik bir sorğu apardıq: «Məmurların vətəndaşlarla davranışı ürəyinizcədirmi?». Bu da sorğunun nəticələri:

- Bir məmura rast gələ bilməzsiniz ki, vətəndaşı ürəyi istəyən kimi qarşılayıb yola salsın. Sanki onları orda oturdublar ki gələnləri kobudlayıb yola salsınlar.

- Məmur öz şəxsi, işgüzar stresslərini vətəndaşa yönəltməməli, gələn adamlarla xoş davranmalıdırlar. Ancaq görürük ki, əksər yerlərdə belə deyil.

Qəbul otağı
Qəbul otağı
- Məmurların, əsasən, yaşlı insanlarla davranışı xoşuma gəlmir. Kobud danışırlar, qaba davranırlar. Bu, normal davranış deyil.

Sorğuya qatılanların fikrincə, məmur ona pənah gətirmiş vətəndaşa münasibətdə dözümlü olmalıdır. Ancaq bunun tam tərsi baş verir və onlar hər gün məmurların qaba davranışıyla üzləşirlər.

İCRA BAŞÇISI VƏ SAHİBKAR

- Ölkənin yiyəsi var.

- Sənindir bura? Sən öləsən elə, sənin olar.

- Bəli, mənimdir.

- Canına azar, bəli. Qurumsağın biri qurumsaq.

Bu isə adı məmurları, eləcə də sadə vətəndaşları təhqir etməkdə tez-tez hallanan Yelmar Vəliyevlə bir sahibkarın deyişməsidir. Hələ Yevlaxda başçı olarkən, Yelmar Vəliyevin sahibkarlarla kobud davranışını əks etdirən videogörüntülər yayılmışdı. Sahibkarlar onun qaba hərəkətlərindən prezidentə də yazmışdılar. Ancaq nəticəsi bu oldu ki, prezident Yelmar Vəliyevi Yevlaxdakı vəzifəsindən çıxarılıb daha iri şəhərə - Gəncəyə icra başçısı təyin etdi.
XS
SM
MD
LG