Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:26

Həyatı kəndirdən «asılı» gədiklilər...


Gədikdə su problemi
Gədikdə su problemi
-

- Bizim günümüz belədir, bala. Sallanırıq bu kəndirdən, düşürük kanala. İp qırılsa, kanala düşsək, axırımız necə olacaq, bilmirik.

- Bu yovşandan yapışıb çıxdım, o olmasaydı getmişdim kanalın dibinə. Ayaqqabılarım getdi, özüm yovşandan yapışıb, çıxdım...

- Elə vaxt olur bu kanalın suyunu duruldub özümüz də içirik, mal-heyvanımıza da veririk. İki kanalın arasındayıq, yanırıq su üçün...

Qubanın Gədik kəndində su yoxdur. Adamlar həyatlarını riskə ataraq, kənddəki kanaldan vedrələrlə çəkdikləri çirkli suyu duruldub məişətdə istifadə edirlər. Çox vaxt kəndin heyvanları da, adamları da bu su ilə qidalanmalı olur.

«DEYİLƏNİ YOX, GÖZÜNLƏ GÖRDÜYÜNÜZÜ ÇƏKİN»

Gədik
Gədik
Kəndə çəkiliş gəldiyini eşidən adamlar bu vəziyyəti izah etmək üçün başımıza toplaşmışdılar. «Deyiləni yox, gözünüzlə gördüyünüzü çəkin» deyib, bizi kənddəki kanalın kənarına aparırlar. Biz də gördüklərimizi kameranın yaddaşına köçürürük. İlk gördüyümüz də bu oldu ki, kəndin kişiləri əlivedrəli qadınları kəndirlə kanala sallayırlar. Kəndirdən möhkəm yapışan qadınlar vedrələri çirkli kanal suyu ilə doldurub, bir anın içərisində yuxarı qalxıb, kənara çıxırlar. Kənd sakinləri deyirlər ki, bu proses kanal kənarında səhərdən-axşamadək davam edir. Gündə bir neçə dəfə kanala su çəkməyə gəlirlər, özü də ailəvi – biri kəndir sallayır, biri su çəkir, biri də suları çəlləklərə doldurur.

- Bu çəlləkləri neyləyəcəksiz?

- Su çəlləkləridir. Gətirib qoyuruq kanalın yanına, su yığırıq, mal-heyvanlarımız axışır gəlir, su içirlər. Bax, indi yığacam bu sulardan vedrələrə, aparacam evə, 5 nəvəm var, duruldub, onları çimdirəcəm.

Kəndlilər deyirlər ki, bu palçıqlı, iyli suyun xəstəlik mənbəyi olmasını yaxşı bilirlər:

«DƏRDİMİZİ KİMƏ DEYƏK, KİM ƏLAC ELƏSİN?»

- Neyləyək, Məcburuq. Dərdimizi kimə deyək, kim əlac eləsin?

Bu prosesi izləyib qayıdırıq kənddəki həyətlərə. Bir yaşlı qadın deyir ki, bu kənddə hələ indiyədək gözüdolusu su görməyib. Evinin qarşısında suyu damla-damla süzülən kranı göstərir:

«DÜNƏN QONŞUMLA GƏLİNİM BİR İÇİM SUDAN ÖTRÜ SAÇYOLDUYA ÇIXDI»

«Arvadlar damcılayan bu sudan ötrü kranın başında döyür-öldürür bir-birini, ay bala. Dünən qonşumla-gəlinim bir içim sudan ötrü burdaca saçyolduya çıxdı. Vallah, belə getsə biz də yığışıb gedib oturacağıq Bakıda. Yaşaya bilmirik, susuz həyat olar?».

Qubanın Su-Kanal İdarəsinin rəisi Camo Mehtiyev isə deyir, əvvəl şəhər, sonra kənd:

«ƏVVƏL ŞƏHƏR SONRA, KƏND»

- Hələ planda şəhərdir. Ancaq o kənddə su olmalıdır axı. Yenə də gedib ora da baxarıq...
XS
SM
MD
LG