Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:44

Hərbçilərin az qala 4 milyardlıq büdcədən payı


Bakıda hərbi parad - 26 iyun 2013
Bakıda hərbi parad - 26 iyun 2013
-
Dövlət Bayraq Meydanı salınarkən evləri sökülən 2-ci dərəcəli kapitan Emil Əzizov hələ də kirayədə yaşayır:

«Bizim Bayıldakı evimizi 2011-ci ildə sökdülər, əvəzində 10 min manat kompensasiya verdilər. Elə o vaxtdan kirayədə yaşayırıq. Əvvəl kirayə pulunu dövlət ödəyirdi, indi özüm».

Kapitanın dediyinə görə, hərbçilərin mənzil təminatı ilə bağlı prezident sərəncamından sonra hazırlanan siyahıda adı olub, amma hələ də mənzildən xəbər-ətər yoxdur:

«Uyğun qurumlara müraciətlərimə cavab verirlər ki, adın siyahıda var. Nə olsun? Ortada bir şey yoxdur».

Hərbçilərin sosial təminatına gəlincə, Emil Əzizov mənzil problemi olmasa, hərbi rütbəsinə görə aldığı 800 manat maaşı yetərli sayır:

«Əlbəttə, maşın və ya ev almağa yetməz, amma gündəlik dolanışığa, pal-paltar almağa çatır. Yaxşıdır, pis deyil».

«HƏRBÇİLƏRİN SOSİAL TƏMİNATI BÜDCƏYƏ UYĞUN DEYİL»

«Ehtiyatda və İstefada olan Zabitlər» Birliyinin rəhbəri Yaşar Cəfərli digər sosial qruplarla müqayisədə hərbçilərin maaşının nisbətən yüksək olduğunu desə də, onların indiki sosial durumunu 3.7 milyardlıq (ABŞ dolları ilə hesablansa) hərbi büdcəyə uyğun saymır:
Yaşar Cəfərli
Yaşar Cəfərli

«İndi minimum istehlak zənbili 125-130 manatdır. Amma baxın, zabitə ərzaq əvəzinə cəmi 65 manat kompensasiya verilir. Axı burda məntiq olmalıdır. Deyilir ki, minimum dolanışıq həddi 125-130 manatdır, amma zabitə, gizirə, müddətdən artıq xidmət etmiş hərbçiyə ondan iki dəfə az kompensasiya ödənilir. Bundan başqa, Bakıda bir hərbçiyə 47 manat kirayəpulu verilir. Paytaxtda ayı 47 manata ev kirayə tutmaq olarmı? Bax, belə problemlər var və biz ümidli idik ki, ordunun yaranmasının 95 illiyi ilə bağlı bu məsələlər həllini tapacaq... Amma olmadı».

Yaşar Cəfərli minlərlə hərbçinin kirayədə yaşadığını söyləyir. Deyir, 20 il ərzində formalaşan əksər hərbçilərin mənzil problemi var.

MÜDAFİƏ NAZİRLİYİ: «ZABİTLƏRİN ƏKSƏRİYYƏTİ MƏNZİLLƏ TƏMİN OLUNUB»

Müdafiə Nazirliyi hərbçilərin sosial təminatı ilə bağlı iradlarla razılaşmır. Nazirliyin sözçüsü Teymur Abdullayevin dediyinə görə, ötən illərlə müqayisədə hərbçilərin bir çox sosial problemi ya çözülüb, ya da çözülməkdədir:

«Zabitlərin əksəriyyəti mənzillə təmin olunub, bundan başqa 20 il və daha çox xidmət edənlərə dövlət pulsuz mənzil verir. İndi hərbçilərin maaşı bir çox sahələrdə olduğundan daha çoxdur. Yəni hərbçilər hər cür dövlət qayğısı ilə təmin ediliblər».
Foto: Arxiv
Foto: Arxiv

«20 İLDƏ CƏMİ 76 HƏRBÇİ MƏNZİLLƏ TƏMİN OLUNUB»

Yaşar Cəfərli isə son 20 ildə cəmi 76 hərbçinin mənzillə təmin olunmasını problemlərin həlli kimi qələmə verməyi düzgün saymır. O, hərbçi maaşlarını da yetərli saymır və deyir ki, onların maaşı, ən azı, iki dəfə artırılmalıdır:

«Müəllim, ya həkim az maaş alsa da, kənarda qazanmaq imkanı var. Müəllim gedib kənarda şagird hazırlaya, həkim digər klinikada çalışa bilər. Amma hərbçilərin belə imkanı yoxdur. 900-1000 manat alan polkovnik bu pula həm kirayədə qala, həm ailəsini dolandıra, həm də övladlarına təhsil verə bilməz. Hələ tibbi və sosial sığortalarının olmamasını demirəm».

ORDUNUN 95 İLLİYİNDƏ 10 FAİZLİK MAAŞ ARTIMI

Prezident mayın 25-də hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərin maaşlarının 10 faiz artırılması barədə sərəncam imzalayıb. Hərbi ekspertlər bu artımı hərbçilərin sosial durumunu çox da yaxşılaşdıracaq addım saymırlar. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun fikrincə, 10 faizlik artım ən yüksək məvacib alan hərbçinin maaşında 90-120 manatlıq fərq yaradacaq ki, bu da onun sosial vəziyyətini ciddi dəyişəcək məbləğ deyil.
XS
SM
MD
LG