Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:38

«Son iki hərbi parad yüksək döyüş hazırlığının nümayişi kimi yadda qaldı»


Aydın Mirzəzadə

Aydın Mirzəzadə

-

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının saytına – yap.org.az-a müsahibə verib. O, Azərbaycanda ordu quruculuğundan danışıb.

Müsahibədən bəzi məqamları çatdırırıq:

«...ERMƏNİSTAN ORDUSUNUN GENERALİTETİ BELƏ ETİRAF EDİR»

«Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ordu quruculuğu 1993-cü ilə qədər pərakəndə halda həll edilsə də, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesi ardıcıl və sistemli şəkildə həyata keçirilib. Bu siyasəti inamla davam etdirən Azərbaycan prezidenti İlham Əliyev də Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsinə, daha da güclənməsinə çalışır. Onun hər bir çıxışı ordu quruculuğu məsələlərinin dövlətin daimi diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ötən illər ərzində Azərbaycan ordusu böyük bir inkişaf mərhələsi keçib. Müasir texnikalar alındı və bu texnikaların şəxsi heyət tərəfindən mənimsənilməsi prosesi başlandı. Orduya çağırış sistemi təkmilləşdirildi, ölkədə hərbi-vətənpərvərlik atmosferi yaradıldı. Azərbaycan düşmən qarşısına düşünülmüş bir hərbi strategiya ilə çıxdı.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərb sahəsinə ciddi diqqət yetirməsi güclü və döyüşkən ordunun yaranmasına səbəb olub. İndi Azərbaycan ordusunun ən müasir tələblərə cavab verən silahlı bir qurum olduğunu həm beynəlxalq hərbi tədqiqat mərkəzləri, həm də Ermənistan ordusunun generaliteti belə etiraf edir».

«SON İKİ HƏRBİ PARAD YÜKSƏK DÖYÜŞ HAZIRLIĞININ NÜMAYİŞİ KİMİ YADDA QALDI»

Jurnalistin «Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdırmı?» sualına Aydın Mirzəzadə belə cavab verib:

«Ermənistanın işğal etdiyi torpaqlardan çıxmaması nəticə etibari ilə münaqişənin hərbi yolla həllindən başqa yol qoymur. Azərbaycan problemin hərb yolu ilə həllinə də tam hazırdır. Artıq bütün dünya Azərbaycanın Silahlı Qüvvələrinin ötən əsrin 90-cı illərinin əvvəlindəki siyasiləşmiş dəstələr deyil, vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olan bir ordu olduğunun fərqindədir. Bütün parametrlər baxımından, işğalçı dövlətin ordusundan üstün olan Azərbaycan Silahlı Qüvvələri düşmənin zəbt etdiyi ərazilərimizdəki mövqelərini sıradan çıxarmaq iqtidarındadır».

Son illər Azərbaycanda keçirilən hərbi paradlar haqda danışan deputat deyib:

«Hərbi paradlar Azərbaycan ordusunun gücünü göstərir. Son iki hərbi parad yüksək döyüş hazırlığının nümayişi kimi yadda qaldı. Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin durumu Ermənistanda narahatlıq doğurmaya bilməz. 2008-ci ilin hərbi paradı həm ölkə, həm də dünya ictimaiyyətinə çox ciddi təsir etmişdi. 2011-ci ildə keçirilən parad isə həmin təəssüratı daha da gücləndirdi. Biz ən yeni texnikaları gördük və bu texnikaların Azərbaycan hərbi qulluqçuları tərəfindən peşəkarcasına idarə olunmasına şahidlik etdik. Azərbaycan özünün etibarlı müdafiəsi üçün artıq bütün müasir hərbi texnikalara və peşəkar hərbi kadrlara malikdir. Hesab edirəm ki, bu il 26 iyun tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyi münasibətilə keçiriləcək hərbi parad isə bir daha ölkəmizin hərbi gücünün nümayişi olacaq. Ona görə də, işğalçı Ermənistan bütün bunlardan özü üçün nəticə çıxarmalıdır».

NATO HAQDA

Arxiv foto

Arxiv foto

Aydın Mirzəzadə Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması haqda suala cavabda bildirib:

«1994-cü il mayın 4-də Azərbaycan Respublikası NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramına qoşulub. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO-nun strateji və regional qərargahlarında müxtəlif vəzifələrə təyin ediliblər. Hər il Azərbaycanla NATO arasında fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir...

2004-cü ilin may ayında Fərdi Tərəfdaşlığın Fəaliyyət proqramı NATO Baş katibinə təqdim edildi. Bu proqram 2005-ci ilin may ayında NATO tərəfindən təsdiq edilib və onun icrasına başlanılıb. Ötən illər ərzində Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında hərbi sahədə əməkdaşlıq haqqında onlarla saziş, protokol və plan imzalanıb».

Deputat hərbi qulluqçuların sosial təminatına da toxunub: «Zabit və gizir heyətinin mənzil problemi və digər sosial problemləri həll olunur, hərbi qulluqçuların əməkhaqqı məsələsi daim diqqətdə saxlanılır, dövlətin imkanları artdıqca, bu məsələnin həlli yolunda çox ciddi tədbirlər görülür».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG