Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:52

«Qara bağ» kitabının yenilənmiş nəşri gəlir (Thomas de Waal-la müsahibə)


Thomas de Waal
Thomas de Waal
-

Britaniyalı jurnalist, hazırda Amerikadakı Karnegi Fondunda araşdırmaçı kimi çalışan Thomas de Waal-ın Azadlıq Radiosuna müsahibəsi


- Cənab de Waal, Qarabağ münaqişəsi haqda yazdığınız “Qara bağ” kitabının çapından 10 il keçir. İndi 10-cu ildönümü ilə bağlı kitabın yenilənmiş nəşri satışa çıxır. Kitabda yeni olan nədir?

- “Qara bağ” kitabının yazılmasından keçən dövr ərzində konflikt bölgəsində elə bir ciddi dəyişiklik baş verməyib. Nə hərb, nə sülh vəziyyəti davam edir. Münaqişə yenidən alovlanmasa da, onun həlli ilə bağlı da razılıq əldə edilməyib.

Mən həmin kitabı Ermənistan, Azərbaycan və Dağlıq Qarabağa səfərlərimdən sonra yazmışdım. 10 il sonra kitabı yenidən nəşr etməyə ehtiyac duydum və sonuna bir neçə fəsil əlavə etdim.

Bunlardan biri mənim Gürcüstandakı Xoconi kəndinə səfərim haqdadır. Orada azərbaycanlılar və ermənilər birgə, sülh şəraitində yaşayırlar. Mən bu mehriban qonşuluq şəraitində yaşayışın səbəblərini araşdırmaq istəyirdim.

Digər bir fəsil sülh danışıqlarının 2001-2012-ci illəri əhatə edən hissəsi haqdadır. Orada Praqa prosesi, Rambuye danışıqları, eləcə də Türkiyə və Ermənistan arasında barışıq cəhdləri və s. təhlil edilir.

Kitabın sonundakı “Nəticə” də yenilənib. Kitabda yeni fotolar da var.

Bəlkə bu məqam da oxuculara maraqlı olar: 2000-ci ildə Zahid Abbasov adlı şuşalı mənə bir foto vermişdi. Bu onun dostları ilə birgə fotosu idi, o cümlədən Robert Koçaryanla. 1986-cı ildə istirahət mövsümündə çəkilmiş şəkil idi. O zaman mən fotonu kitaba salmamışdım. Çünki Koçaryan hələ prezident idi. Bu nəşrə daxil etdim. Maraqlı məqamdır: münaqişənin başlanmasından 2 il əvvəl Koçaryan azərbaycanlı dostu ilə birgə istirahətdə problem görmürdü...

- Sizcə, bu 10 ildə konflikt zonasında nələr dəyişib?

- Dəyişən odur ki, indi Azərbaycan on il əvvəlkindən xeyli güclüdür. Enerji resursları Azərbaycanı daha varlı, daha güclü və beynəlxalq səviyyədə daha güclü təmsilçiliyə malik ölkəyə çevirib.

Amma təzad ondadır ki, bu güc Azərbaycana Qarabağ münaqişəsi ilə bağlı məsələdə heç nə verməyib, bu yöndə heç bir uğur əldə edilməyib. Nə hansısa ərazi qaytarılıb, nə də məcburi köçkünlərdən kimsə öz evinə qayıdıb.

- Bəs Ermənistan?

- Ermənistan bəlkə də əvvəllər olduğundan bir az stabildir. İqtisadiyyatı inkişaf etsə də, Azərbaycan qədər inkişaf etməyib. Ən az dəyişən Ermənistandır.

Dağlıq Qarabağ isə çox dəyişib. Müharibə zamanı dağılmış məskənlər yenidən tikilib. Əsas yaşayış məntəqələrində xarabalıqlar görmək çətindir.

Eləcə də yollar, infrastruktur bərpa edilib. Yeni reallıq, narahatlıq doğuran məsələ odur ki, artıq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bitdiyi, işğal edilmiş rayonların başladığı yerləri görmək, ayırmaq çətindir. Bir neçə il əvvəl bunu ayırmaq asan idi. Zaman keçdikcə, bu fərq aradan qalxır.
Thomas de Waal-ın bundan əvvəl çıxan "The Caucasus: An Introduction" kitabı
Thomas de Waal-ın bundan əvvəl çıxan "The Caucasus: An Introduction" kitabı

- Azərbaycan bildirir ki, onun hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Ermənistanda isə deyirlər ki, korrupsiyaya görə bu pulların az hissəsi orduya gedib çatır. Sizcə, Azərbaycan ordusuna ayrılan pulların effekti nə qədərdir?

- Hətta əgər Azərbaycan ordusuna ayrılan pulun yarısı oğurlanarsa belə, kimlərinsə cibinə gedərsə belə, bütün hallarda bu, orduya kifayət qədər böyük məbləğdə pul gedib çatması deməkdir.

Azərbaycanın problemi odur ki, ermənilər hərbi baxımdan hələ də iki üstünlüyə malikdirlər. Bunlardan biri relyeflə bağlıdır. Onların mövqeləri dağlıq ərazilərdədir və belə mövqeləri qorumaq daha asandır.

Bundan başqa, onlar Rusiyadan silahı ucuz qiymətə alırlar. Halbuki Azərbaycan həmin silahı tam qiymətinə alır.

Əgər müharibə yenə başlasa, hətta bir neçə həftə davam etsə belə, məncə, dağıntı müharibənin 90-cı illərdəki 3 illik dövrü ərzindəkindən daha böyük ola bilər. Hətta 1 həftə davam etsə, yenə də o dövrdəkindən böyük ola bilər. O dövrdə müharibədə mürəkkəb texnologiyalar istifadə edilmirdi.

- Gürcüstanın Osetiyaya həmləsindən əvvəl yəqin ki az adam bunun hətta dünyanın güc dövlətləri arasında münaqişəyə aparıb çıxaracağını proqnozlaşdırardı. Əgər Azərbaycan Dağlıq Qarabağı güc yolu ilə qaytarmaq istəsə, sizcə, bu, daha böyük qarşıdurma ilə nəticələnərmi?

- Qısa cavab “hə”dir. Çünki biz iki böyük ordudan danışırıq. Eyni zamanda daha həssas bölgədən, İranla qonşu olan bölgədən, Xəzər dənizindən Avropaya gedən neft, qaz kəmərlərindən danışmış oluruq.

Ermənistanda bəziləri hətta Azərbaycanın neft-qaz infrastrukturuna mümkün zərbələr haqda xəbərdarlıq edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, bu konflikt yenidən alovlanarsa, yalnız Ermənistan, Azərbaycan, Dağlıq Qarabağı əhatə etməyəcək. Daha geniş coğrafiya ilə bağlı olacaq. Bəlkə də bu yaxşıdır. Çünki qonşuluqdakılar bunun qarşısını almaqda, dayandırmaqda maraqlı olarlar.

- Bu gün sülh əldə etmək şansları böyük sayıla bilərmi?

- Məncə, razılıq əldə edilməsi imkanları qalır və tərəflərin buna nail olması mümkündür. Amma onların bir-birinə inamı azdır. Onlar birgə çalışmaq istəmirlər.

Mən konflikti “intihar paktı” kimi səciyyələndirərdim. Hər iki tərəf münaqişəni həll etməməklə özünə ziyan vurur.

- Kitabınız ilk dəfə nəşr ediləndə həm Azərbaycanda, həm də Ermənistanda tənqid edilmişdi. Yeni nəşrlə də bağlı belə münasibəti gözləyirsizmi?

- Tənqidlərin olması normaldır. Çünki mənim yazdıqlarım üçüncü bir təhkiyə, üçüncü bir baxış bucağıdır. Yəni nə Azərbaycanın, nə də Ermənistanın dövlət siyasəti, onların təhkiyəsi deyil.

Məni ruhlandıran odur ki, həm Ermənistanda, həm də Azərbaycanda məni anlayan, mənim bu üçüncü təhkiyəmə qulaq asan insanlar, peşəkar yazarlar var. Mən yazılarımla bağlı hər iki ölkədən dəstək məktubları da alıram.

Onu da deyim ki, kitabımın yeni nəşrinin təqdimatı üçün bu yay həm Ermənistana, həm də Azərbaycana səfər edəcəm.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG