Keçid linkləri

Təcili xəbərlər

YAP-ın seçkidə namizədi kim olacaq?


İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva
-

İ. ƏLİYEVƏ HƏLƏ DƏ ALTERNATİV AXTARILIR…

Əslində YAP-ın son qurultayı bəzi məsələlərə aydınlıq gətirməli idi və müəyyən qədər gətirdi də. Belə ki, qurultaya toplaşanlar onları prezident seçkilərində İ. Əliyevin təmsil edəcəyini bəyan etdilər. Amma bütün bunlara baxmayaraq, hakim partiyanın namizədi haqda müzakirələr bitib-tükənmək bilmir, təhlilçilər, siyasət adamları hələ də İ. Əliyevin seçkidə iştirakı ilə bağlı müxtəlif ehtimallar səsləndirirlər.

Ən çox fəallıq edənlər də müxalifət partiyalarıdır. Bunu prinsipcə başa düşmək elə də çətin deyil. Müxalifət öz qarşısında iki vəzifə görür.

Onlar bir tərəfdən bir adamın üçüncü dəfə prezidentliyə namizəd kimi irəli sürülməsinin qarşısını almaq istəyir, o biri tərəfdən də seçkini udmağa çalışırlar.

Əslində seçkini udmaq bu iki hədəfin hər ikisinə nail olmaq deməkdir. Amma müxalifət məsələni iki hissəyə ayırmaqla sanki özünü sığortalamağa çalışır.

Onlar seçkini udmasalar belə, İ. Əliyevin üçüncü dəfə namizəd olmasının qarşısını almaqla cəmiyyətdə belə bir təsəvvür yaratmağa cəhd edirlər ki, müxalifətin səyləri hədər getmədi, bir adamın uzun müddətli hakimiyyətinin qarşısı alındı.

Nə demək olar? Bəlkə də onlar haqlıdırlar, amma məsələ bundadır ki, bütün hallarda hakimiyyətin «topu» eyni meydançada qalır. Ona görə ki, İ. Əliyevə alternativ olaraq adı hallanan adam başqa birisi deyil, elə onun həyat yoldaşı M. Əliyevadır.

M. ƏLİYEVA BÖYÜK SİYASƏTDƏDİR, AMMA…

M. Əliyeva ölkə siyasətindən kənarda deyil. 2003-cü ildən, İ. Əliyev prezident olandan sonra onun təbliğatı prezidentlə qoşa aparılır, bəzən hətta kimin daha çox təbliğ olunması çətin bir suala çevrilir.

YAP-ın sonuncu qurultayında o, partiya sədrinin müavini seçildi. Bu, bir az da böyük siyasətə yaxınlaşmaq demək idi. Elə bu amil də M. Əliyevanın prezidentliyə namizəd olacağı haqdakı ehtimalları qidalandıran əsas fakta çevrildi.

Qurultayda nə qədər təəccüblü olsa da, İ. Əliyevin öz namizədliyi ilə bağlı hər hansı fikir, bəyanat səsləndirməməsi və M. Əliyevanın müavin təyin edilməsi təhlil və siyasi bəyanat həvəskarlarının fikirlərini yeni-yeni ehtimallara istiqamətləndirdi.

Üstəlik, son bir neçə gündə M. Əliyevanın bəzi partiyalar tərəfindən namizəd kimi irəli sürülməsi, digər təşkilatların da belə təşəbbüsdə bulunduqları haqda xəbərlər qəzetlərin baş səhifəsindən düşmür.

Amma onlar hələ ki, ən yüksək səviyyələrdə öz təsdiqini tapmır, YAP rəhbərləri israrla onların yeganə namizədlərinin İ. Əliyevin olduğunu bildirirlər. Bunu hətta təsdiq etmək üçün belə fikirlər səsləndirirlər ki, İ. Əliyevin üçüncü dəfə namizəd olması böyük dövlətlərlə və beynəlxalq təşkilatlarla razılaşdırılıb.

Sonuncu qurultayda hakim partiyada Paşayevlər ailəsinin dayaqları bir qədər də gücləndi. Elə M. Əliyevanın adının daha bir namizəd kimi hallanmasını da əsasən bununla bağlamaq olar – Əliyevlər böyük siyasətdə tək İ. Əliyevlə təmsil olunduğu halda, Paşayevlər haqda bunu demək çətindir, onlar daha böyük təsirə malikdirlər.

ƏSAS SİYASİ AŞIRIM…

Amma M. Əliyevanın namizədliyi daha çox indiki an üçün aktualdır. Əgər İ. Əliyev öz qarşısındakı əsas siyasi aşırımı aşa bilsə, üçüncü dəfə prezident olmaq məsələsini həll etsə, M. Əliyevanın namizədliyi artıq bir qədər aktuallığını itirəcək, çünki üçüncü dəfədən sonra çox asanlıqla dördüncü, hətta beşinci dəfə prezident olmaq mümkündür.

Bundan sonra yalnız fors-major situasiyalar qalır ki, onlar da böyük siyasətdə istisna olunmurlar. Ona görə də ehtiyat variant kimi daha bir namizədin olması, xüsusən də nəzərə alanda ki, bu namizəd kənardan deyil, elə də maneçilik törətmir.

Bu, həm də bir ailənin siyasi ambisiyalarının ifadəsidir. Onlar bir qədər də uzağa baxırlar. Təsadüfi deyil ki, müsahibələrinin birində İ. Əliyev demişdi ki, onun özünün prezident olması üçün elə bir problem görmür və onu daha çox uşaqlarının siyasi perspektivi maraqlandırır.

Budur, artıq uşaqların öz siyasi ambisiyalarını gerçəkləşdirmək üçün siyasi ünvanları var-bu, hakim Yeni Azərbaycan Partiyasıdır. Sonuncu qurultayda bu partiya bir daha ailə-klan siyasi modelinə yaxın olduğunu təsdiq etdi.

Beləcə, Azərbaycanda böyük siyasət bir daha böyük ailələrin məşğuliyyətinə çevrildi. Bu dairədə hər hansı bir yerdəyişmə də böyük ehtimalla heç nəyi dəyişmir, çünki siyasət nə qədər oyunla assosiasiya yaratsa da, hər halda, o, nə şahmatdır, nə də ki, başqa bir oyun…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG