Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14
-

Bu günlər mətbuatda «Aznews.az» saytının əməkdaşı Bahar Rüstəmlinin «Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir» yazısına görə, onun ailəsinin hücuma məruz qalması barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda Bahar Rüstəmlinin Zərdab rayon Əlibəyli kəndində yaşayan atası Saxalı Rüstəmovun evinə İkinci Alıcanlı sakinlərinin basqın etdiyi bildirilirdi.

«ALICANLI SAKİNLƏRİ İCRA BAŞÇISI VƏ MÜAVİNİNİN TAPŞIRIĞI ƏSASINDA ATA EVİMƏ HÜCUM EDİB»

Bahar Rüstəmli AzadlıqRadiosuna verdiyi açıqlamada bunları deyib:

«Yazdığım yazıya görə atamın evinə hücum və hücum vaxtı atamı təhqir etmək heç bir halda yol verilməzdi. Mənbəyə istinad edərək bu yazını yazmışam. Alıcanlı sakinləri icra başçısı və onun müavininin tapşırığı əsasında mənim ata evimə hücum edib. Artıq bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişik. Bundan əlavə Mətbuat Şurasının işindən də narazıyam. Bir necə gün keçməsinə baxmayaraq, mənim ailəmə qarşı olan hücumla heç maraqlanmayıblar. Halbuki bir jurnalist kimi mənim müdafiəmdə mənə yardımçı olmalıydılar. Mən özüm Mətbuat Şurasına yazılı müraciət etmişəm. Hər halda gözləyirəm. Mənə və ailəmə qarşı belə biganəlik bir daha təsdiqləyir ki, burda məmurların rolu var».

Mətbuat Şurasından isə AzadlıqRadiosuna bildiriblər ki, onlara həm jurnalistdən, həm də İH-dən müraciət daxil olub. Hazırda müraciətlər araşdırılır, yaxın günlərdə münasibətlərini açıqlayacaqlar.

«MAL-QARANI ÖRÜŞƏ ÇIXARTMAQ İSTƏYİRDİM Kİ...»

Saxalı Rüstəmov

Saxalı Rüstəmov

Bahar Rüstəmlinin atası Saxalı Rüstəmov AzadlıqRadiosuna baş verənləri belə təsvir edib:

«Mal-qaranı örüşə çıxartmaq istəyirdim ki birdən gördüm kənd icra nümayəndəsi gəldi ki, bəs arxada gələn maşınlar səni axtarır. Səbəbini soruşanda dedi ki, qızının internetdə yazdığı yazıya görədir. 6 maşın, 30-a yaxın adam gəlmişdi, qadınlı-kişili. Heç nədən xəbərim olmadığı halda, çatan məni söyür, təhqir edirdi. Evimin divarlarına yumurta atırdı. Bunlar gedən kimi polisə müraciət elədim. İzahat da verdim, amma hələ də bir cavab yoxdur».

POLİSİN MÖVQEYİ...

Rayon Polis Şöbəsindən isə bildirdilər ki, məsələ ilə bağlı 102 qaynar xəttinə Saxalı Rustəmovun şikayəti daxil olub. Polisdən bildirildiyinə görə, dərhal əməliyyat qrupu yaradılaraq, Əlibəyli kəndinə göndərilib, Saxalı Rüstəmovun izahatı alınıb.

Araşdırmalardan sonra isə Saxalı Rüstəmova bildirilib ki, bu məsələdə təhqir olsa da, ona qarşı zor tətbiq olunmayıb. Baş verənlərdə cinayət tərkibi yoxdur, ancaq bununla bağlı Saxalı Rüstəmov məhkəməyə müraciət edə bilər.

Bahar Rüstəmlinin sözügedən yazısında Zərdab rayonun İkinci Alıcanlı kənd sakini olan 13 yaşlı Leyla İsayevanın (Red: qızın və ailə üzvlərinin adları dəyişdirilib) əxlaqsız həyat tərzi keçirdiyi iddia olunub. Yazıda qeyd edildiyinə görə, bu səbəbdən də yerli sakinlər qızı kənddən sürgün etmək istəyiblər. Jurnalist Bahar Rüstəmlinin ata evinə hücum edənlər isə yazılanların həqiqət olmadığını bildiriblər.

ATA-ANANIN TƏRK ETDİYİ QIZCIĞAZ...

Zərdab Rayon Polis Şöbəsi

Zərdab Rayon Polis Şöbəsi

Yazıda adı keçən Leyla İsayeva nikahdankənar doğulmuş bir uşaqdır. Körpə ikən anası Mənsumə Hacıyeva və atası Nüsrət İsayevin imtina etdiyi bu qızcığazı babası Musa və nənəsi Nailə İsayevalar himayəyə götürüb. Onun anasının hazırda Türkiyədə ərdə olduğu bildirilir. Söylənənlərə görə, orada onun 3 övladı var. Ata Nüsrət İsayevin də qızından körpəlikdən imtina etdiyi və onunla indiyədək maraqlanmadığı deyilir. Sonradan başqa bir qadınla ailə quran ata kənddə yaşayar və o da 3 övlad sahibidir.

Babası Musa İsayev AzadlıqRadiosuna deyib ki, qız dəfələrlə müraciət etsə də anası onu qəbul etmək istəməyib. Üstəlik, nişanlı olan bu qızcığazın nişanının pozulması da babasının deməsinə görə, onda uşaq evinə getmək istəyi yaradıb.

Baba və nənənin deməsinə görə, uşaq evinə getməkdə israrlı olan Leylanı iyunun 11-də Zərdab rayon polis şöbəsinə aparıblar. Polis şöbəsi isə onları İcra Hakimiyyətinə göndərib. İcra Hakimiyyətində iclas keçirilib və qızcığaz Gəncədəki uşaq evlərindən birinə göndərilib.

QIZCIĞAZ EKSPERTİZADAN KEÇİRİLİB!

Zərdab rayon icra hakiminin müavini Rəhman Feyzullayev bildirir ki, Leyla uşaq evinə getməzdən əvvəl tibbi ekspertizadan keçirilib və onun bakirə olduğu qeyd edilib.

Bahar Rüstəmlinin atasının evinə hücuma gəldikdə isə, Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov bu məsələdə adlarının hallanmasını əsassız sayıb:

«BURDA HEÇ BİR SİFARİŞ OLMAYIB»

«İcra başçısı və mənə qarşı sürülən ittihamlar əsassızdır. Bahar Rüstəmovanın atasının evinə gedən sakinləri nə mən, nə də digər şəxslər göndərib. Yazılan yazıya görə özlərini təhqir olunmuş hiss ediblər. Ona görə də əsəblərini cilovlaya bilməyib, Baharın atası evinə gediblər. Burda heç bir sifariş olmayıb. Onsuz da məsələ müvafiq qurumlar tərəfindən araşdırılır».

13 yaşlı Leyla İsayeva hazırda Gəncə şəhər uşaq evindədir.

Şərhləri göstər

XS
SM
MD
LG