Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:44
-
2010-cu ilin dekabrından Gürcüstanın dövlət müəssisələri satınalma əməliyyatlarını elektron tender vasitəsilə həyata keçirir. Dövlət satınalmaları və rəqabət agentliyinin sistemi açıqdır və istənilən şəxs elektron sayt vasitəsilə tender iştirakçıları, onların təklifləri, tender komissiyasının qərarı, müqavilə şərtlərinin necə icra olunması ilə tanış ola bilər. Apellyasiya şurasına daxil olan 3 QHT-dən biri də «Müstəqil İnformasiyanın İnkişafı İnstitutu»dur. Təşkilatın eksperti Uça Seturi deyir ki, şəffaflıq baxımından dövlət satınalmaları və rəqabət agentliyinin işində nöqsan yoxdur:
«Dövlət satınalmaları sistemi şəffaflıq baxımından qabaqcıllardan biridir. Bu məlumat tamamilə açıqdır. Arzulayan şəxs, KİV və digərləri veb sayta daxil ola və məlumatlarla, hətta mübahisələrin necə həll olunduğu ilə tanış ola bilər. Bu mərhələdə şəffaflıq baxımından hər hansı problem görmürəm».
ŞƏFFAFLIQ – ƏSAS PRİNSİP KİMİ
Transparency International – Georgia təşkilatının tədqiqatçısı Herard De Bur elektron sistemə keçidi irəliyə doğru atılan addım kimi qiymətləndirir. Onun sözlərinə görə, bu, tenderin elan olunmasından tutmuş müqavilələrin tərtibatına qədər bütün proseslərdə şəffaflığı təmin edir. Həmçinin qeydiyyatdan keçən istifadəçi tenderin gedişatındakı pozuntulara dair məlumatı saytda yaradılan xüsusi bölmədə yerləşdirə də bilər.
Herard De Burun sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən elektron satınalma sistemi demək olar ki, Avropa Birliyi ölkələrinin mövcud qanunvericiliyinə bənzərdir. Ancaq o hesab edir ki, satınalma sahəsində müsbət dəyişikliklərə baxmayaraq problemlər yenə də qalır:
Transparency International

Transparency International

«Hesab edirəm ki, ən böyük problem, ölkədə prezidentin icazəsi ilə satınalmanın xüsusi sadə vasitəsinin mövcud olmasıdır. Bu o deməkdir ki, nazirliklər, bələdiyyələr və digərləri prezident və hökumət tərəfindən təsdiqlənən layihəyə dayanaraq elektron sistemdən yan keçən satınalmaları həyata keçirə bilər. Bu, ciddi problemdir. Çünki 2012-ci ildə bu yolla 80 milyon lari sərf edilib. Bu vəsait səmərəli sərf edilməyə və elektron sistemdə öz əksini tapmaya bilər».
Herard De Burun danışdığı problem dövlət satınalmaları ilə bağlı qanunda yer alan istisnalar haqqındadır. Hökumət, meriya, o cümlədən prezident xüsusi fond yaradaraq, tender olmadan büdcə vəsaitini müxtəlif istiqamətlərdə sərf edə bilər. Məhz bu təcrübəni «Monitor» araşdırmaçı jurnalistika studiyasının həmtəsisçisi Nana Biqanişvili xatırladır:
«Məsələn, Tbilisi meriyası əvvəlcə Tbilisinin inkişafı və reabilitasiyası fondunu təsis etdi, daha sonra fond ləğv edildi, onun hüquqi varisi isə Tbilisinin yeni inkişaf fondu oldu. Bu fonda nəinki paytaxt büdcəsindən, həm də prezidentin ehtiyat fondundan vəsait köçürülürdü. Məhkəmənin məlumatına görə, 2005-ci ildən 2011-ci ilədək fond 360 milyon lari həcmində vəsait xərcləyib, bu vəsait Tbilisi şəhərinin büdcəsindən köçürülüb».
Ekspertlərin fikrincə, prezident və hökumətin təsdiq etdiyi qanunvericiliyə dəyişiklik edilməli və satınalmalarla bağlı bu istisna hal aradan qaldırılmalıdır. Əks təqdirdə, dövlət satınalmaları haqda elektron sistem korrupsiyanın qarşısını ala bilməyəcək. Dövlət satınalmaları və rəqabət agentliyinin sədri Tato Urcumelaşvilinin sözlərinə görə, sistem bazar qiymətindən yüksək qiymətə malların alınmasını istisna edir.
«Sistemə avtomatik müdaxilə mexanizmi yerləşdirilib. Məsələn, tenderin dəyəri bazar qiyməti əsasında formalaşdırılır, daha sonra təxmini qiymətə tender elan olunur, və təxmin olunmuş qiymətdən yüksək qiymət təqdim etmək texniki cəhətdən mümkünsüzdür».
Tato Urcumelaşvili bildirir ki, bu məsələ son zamanlar fəal müzakirə mövzusuna çevrilib və tendersiz həyata keçirilən satınalmalar məsələsinə yenidən baxılmalıdır. Artıq qanunvericiliyə təklif olunan dəyişikliklər də hazırdır.
XS
SM
MD
LG