Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:38

«Atamın yığılıb qalmış əlillik təqaüdünü və dəfn xərcini ala bilmirik»


Manat
Manat
-
«Bizi get-gələ salıblar, atama çatası 6 aylıq təqaüdü və dəfn xərcini indi biz ala bilmirik», - bunu «Qaynar xətt»ə Mingəçevirdən Xəyalə Qurbanova deyib. Atası Əvəz Qurbanova sağlığında xəstəliyi ilə əlaqədar təqaüd kəsilib. Ancaq təqaüd xəstənin əlinə gəlib çatanadək o, vəfat edib. İndi varisləri onun təqaüdünü tələb edirlər.

«BİZİ SÜRÜNDÜRÜRLƏR»

Şikayətçi:

«6 ay əvvəl bizə məlum oldu ki, atam xərçəng xəstəliyinə tutulub. Lazımi prosedurlardan keçəndən sonra bu ilin yanvar ayında sənədlərini rayon Sosial Müdafiə Fonduna təqdim etdi. May ayında Fonddan atama bildirdilər ki, ona təqaüd açılıb. İyun ayında təqaüd kartı verəcəklər və o, iyun ayında yanvar ayından bu tərəfə olan 6 aylıq təqaüdün hamısını birdən alacaq. Sonra da davamlı olaraq aybaay alacaq. May ayında atam vəfat etdi. İndi müraciət edirik, deyirlər, özü yoxdursa, təqaüd də yoxdur. Gah deyirlər, ölüyə görə nə təqaüd, gah deyirlər, pensiya kartını vaxtında özü alsaydı, o zaman həmin kartla sizə verərdik. Bir sözlə, bizi süründürürlər».

«BU PULLAR VƏFAT ETMİŞ ŞƏXSİN VARİSLƏRİNƏ ÖDƏNMƏLİDİR»

Xəyalə Cabbarovanın dediyinə görə, atasının vəfatı ilə əlaqədar dəfn xərclərini də ala bilməyiblər:

«Rayon Qeydiyyat İdarəsindən atamın ölüm haqqında şəhadətnaməsini almağa gedəndə anama qəbz də verdilər ki, gedib rayon Sosial Müdafiə Fondundan dəfn xərcini alsın. Ancaq onu da vermirlər».

Hüquqşünas Səbuhi Axundov deyir ki, hökumətin yanvardan iyuna kimi ayırdığı təqaüd mərhumun varislərinə ödənməlidir:

«Pensiya kartı mərhuma sağlığında verilmişdi, ya yox, bunun məsələyə dəxli yoxdur. Təqaüd rəsmiləşmişdisə, rəsmiləşən gündən ölən tarixədək olan müddətin təqaüdü onun ailəsinə verilməlidir. Qanunvericilikdə sosial yardımın növlərindən biri olan dəfn xərci var. Birdəfəlik yardımdır və ailə üzvlərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütləq ödənilməlidir».

Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şöbəsindən «Qaynar xətt»ə bildirdilər ki, mərhum Əvəz Qurbanovun ailə üzvləri ayrılmış təqaüdü və dəfn xərcini yaxın vaxtlarda alacaqlar.
XS
SM
MD
LG