Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51
-
İyunun 21-də MTN əməkdaşları Prezident Administrasiyasının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin Rəsulzadə qəsəbəsindəki evində axtarış aparıblar.

Bu barədə AzadlıqRadiosuna vəkil Fuad Ağayev məlumat verib.

Vəkilin dediyinə görə, axtarış zamanı evdə o və Akif Muradverdiyevin oğlu olub.

Akif Muradverdiyev iyunun 20-də Moskvaya uçarkən Bakı aeroportunda saxlanıb. MTN-nin məlumatına əsasən, baxış zamanı onun çantasından Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilib.

Fakt üzrə MTN-in İstintaq Baş İdarəsində CM-nin qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Akif Muradverdiyev vəkili vasitəsilə mediaya çatdırıb ki, qızıl sikkələr onun əl çantasına aeroportda qoyulub.

Vəkil Fuad Ağayevin dediyinə görə, Muradverdiyev aeroportun təhlükəsizlik, gömrük və sərhəd yoxlamasından keçib təyyarəyə minərkən saxlanıb:

«Bir nəfər mülkigeyimli şəxs ona yaxınlaşıb və nəzakətlə «bir işlə bağlı» yubanmağı və onunla gəlməyi xahiş edib. Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa dəvət ediblər və onunla söhbət etməyə başlayıblar. Sonra onun çantasını otağa gətiriblər və içərisində nə olduğunu soruşublar. O, təxminən 1400 dollar, 900 manat pul, bank kartı və geyim əşyaları olduğunu deyib. Sonra onun yanında çantanı açıblar və geyimin altından içərisində qızıl sikkələr olan torba çıxarıblar».

Akif Muradverdiyev bundan əvvəl 2005-ci il parlament seçkiləri ərəfəsində sabiq səhiyyə və iqtisadi inkişaf nazirləri ilə birlikdə həbs olunmuşdu. O, əvvəlcə dövlət çevrilişi, daha sonra iqtisadi cinayətlərdə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilmişdi.

2008-ci ilin yanvarında Ali Məhkəmənin qərarı ilə onun cəzası 5 il sınaq müddətli şərti cəzayla əvəzlənmiş və o, sərbəst buraxılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG