Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:52

«Ya bizi seçin, ya həbsxananı»


-
Akif Muradverdiyev
Akif Muradverdiyev

AKİF MURADVERDİYEVİN HƏBSİNİN 2005-LƏ BAĞLILIĞI

«Azadlıq» qəzeti Prezident Administrasiyasının işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevin həbsinin siyasi motivli olması ehtimalından yazır:

«Mümkündür ki, sabiq işlər müdirinin hansısa siyasi fəaliyyətlə bağlı hakimiyyətdə məlumatlar olub və dərhal hərəkətə keçilib».

Qəzet Akif Muradverdiyevin MTN tərəfindən həbs olunmasını da maraqlı hal sayır:

«Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunursa, o zaman cinayət işinin Dövlət Gömrük Komitəsi aparmalı idi. Bəzi məlumatlara görə, MTN-in bu işə baş vurması 2005-ci ildəki «dövlət çevrilişi şousu» ilə bağlıdır».

Akif Muradverdiyev 2005-ci ilin oktyabrında sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə birgə həbs olunmuşdu və 5 il azadlıqdan məhrum edilmişdi. Bir müddət sonra o, şərti olaraq azadlığa buraxılmışdı.

YA BİZİ SEÇİN, YA HƏBSXANANI

«Yeni Müsavat» qəzeti Akif Muradverdiyevin həbsini «Rusiyaya qızıl aparmaq cəhdi və yeni çevriliş şousu hazırlığı» adlandırır:

«Sabiq məmurun həbsi iqtidardan narazı olan qərbi azərbaycanlılara xəbərdarlıq kimi də yozula bilər. Ya bizi seçin, ya həbsxananı».

«MİLLİ ŞURA XƏSTƏLƏNİB»

«Azərbaycan» qəzeti Milli Şuranın sağalmaz xəstəliyə tutulduğunu yazır:

«Seçki kampaniyasının yaxınlaşmasına baxmayaraq, bu antimilli şuranın öz vahid namizədini hələ də müəyyənləşdirə bilməməsi onun daxilində ciddi ixtilaflardan, fikir ayrılıqlarından xəbər verir».

Qəzetə görə, bu baş verənlər onu göstərir ki, bu qurum da artıq xəstəliyinin ən ağır dövrünü yaşayır:

«Çünki səriştəsiz birinin Moskvada oturub çoşka qızartması yeyə-yeyə müxalifətə ağsaqqallıq etmək sevdasının məntiqi sonluğu belə də olmalı idi».

Taksim meydanı - 20 iyun 2013
Taksim meydanı - 20 iyun 2013
«- KİMİ GÖZLƏYİRSƏN? - EHTEM SARISÜLÜYÜ...»

«Ayna» qəzeti İstanbulun Taksim meydanında duran adamla polis arasında dialoqdan yazır:

«Taksim meydanının ortasında gənc bir adam durub, səssiz-səmirsiz. Ona yaxınlaşan polislə aralarında belə bir dialoq keçir:

- Nə edirsən burda?
- Durmuşam.
- Niyə?
- Gözləyirəm.
- Kimi gözləyirsən?
- Ehtem Sarısülüyü...

Ehtem Sarısülük Gezi Parkı dirənişində polis gülləsi ilə ölən nümayiş iştirakçısının adıdır».

AFFA-NIN VOGTS-LA VİDALAŞMASINA MANE OLAN MƏSƏLƏ

«Futbol+» qəzeti yazır ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri çoxsaylı məğlubiyyətlərə baxmayaraq, futbol üzrə Azərbaycan yığmasının alman baş məşqçisi Berti Vogts-un uzaqlaşdırılmasının tərəfdarı deyillər.

Qəzet İK-nin üzvlərindən Kazbek Tuaevlə Ələkbər Məmmədovun bu məsələyə fikirlərini öyrənib.

Kazbek Tauev deyib ki: «indi Vogts-la yolları ayırmış olsaq, təzminat ödəməliyik. Bu isə elə də az məbləğ deyil. Bildiyimə görə, aylıq maaşından iki dəfə pul verilməlidir. İK-nın üzvləri belə nüansları nəzərə alıb onu istefaya göndərmək məsələsini gündəmə gətirmir».

Bakı
Bakı
Ələkbər Məmmədovsa «Bu gün mənə Vogts-mokus lazım deyil. Lazım gəlsə, İK-nın iclasında hər şeyi deyəcəm. Heç kimdən çəkinmirəm və qorxmuram» deyib.

ZİBİL İÇİNDƏ QALAN «EUROVISION» YADİGARI

«Bizim yol» qəzeti turist yolu gözləyən taksofonların lazımsız əşyalara çevrildiyindən yazır. Qəzetə görə, 2012-ci ilin mayında «Eurovision» mahnı yarışması ərəfəsində quraşdırılan taksofon köşkləri bir çoxu zibil içindədir.

AZƏRBAYCANDA TURİSTLƏRİ QORUMAQ ÜÇÜN YENİ TƏKLİF

«Exo» Azərbaycanda turistlərin qoruyacaq ayrıca polislərin ola biləcəyini yazır. Belə bir təkliflə çıxış edən Azad İstehlakçıların İttifaqının rəhbəri Eyyub Hüseynovun fikrincə, Azərbaycana gələn əcnəbilər bəzən düşünürlər ki, Qarabağ münaqişəsinə görə Azərbaycan stabil ölkə deyil:

«Xarici turistlərin tam əminliyi üçün turist polis bölmələri yaradılmalıdır».

Qəzetə görə, Mədəniyyət Nazirliyi bunun üçün istənilən ölkələrin təcrübəsinə istinad etməyin vacib olduğunu bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG