Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:23
-
İki il öncəyədək bu komandaya yarıhənək, yarıgerçək Azərbaycan-Koreya yığması deyirdilər. Çünki məşqçi heyətinin hamısı, oyunçuların da çoxu Cənubi Koreyadan gəlmişdi. Çan Məmmədova, Kim Əliyeva, Çanq Süleymanova və başqa ad və soyadlar gözlərdə gülüş, üzlərdə təəccüb doğururdu. Koreyalı qızlar Azərbaycanda ailə qurmaqla milliləşdirilmişdilər. Ancaq «sən saydığını say deyirlər». Düşünülən baş tutmadı və ölkənin otüstü xokkey yığması Avropa Çempionatının yüksək «A liqası»nda irəliləməkdənsə bir pillə də aşağıya – «B liqası»na endi. Beləcə, koreyalı məşqçilərdən də və daha sonra oyunçulardan da imtina olundu.

YÜKSƏK LİQAYA ÇIXMAQ FÜRSƏTİ VAR

İndi yığmanın əksər oyunçuları yerli idmançılardır. Komanda iyulda Fransada keçiriləcək beynəlxalq turnirə qatılacaq. Hələlik, qızğın məşqlər gedir. Azərbaycan yığması həmin yarışda iki qalib komandadan biri olarsa, yenidən Avropa Çempionatının yüksək liqasına çıxacaq.

Yığmanın baş məşqçi Adil Paşayevin köməkçisi Ceyhun Mirzəyevin dediyinə görə, Fransa turnirindən çox şey gözləyirlər:

«Qarşıdakı çempionat bizim üçün çox vacib mərhələdir. Bu mərhələni adlamağı özümüzə məqsəd qoymuşuq. Qazansaq, iki ildən sonra Avropa Çempionatına qatıla biləcəyik. İndi aramsız məşqlər gedir. Rəqiblərimiz Ukrayna, Fransa və Litva milliləridir. Bizi çox çətin yarışlar gözləyir».
Ceyhun Mirzəyev

Ceyhun Mirzəyev


Xokkey topu çox kiçik olsa da, 300-400 qram çəkisi var. Komandanın kapitanı Xatirə Əliyeva deyir ki, qol olması üçün ağır və kiçik topa güclü zərbə vurulmalıdır:

«Orda udub birinci yeri götürməliyik. Öz üstümüzdə çox işləyirik ki, çox qol vuraq. Əsas nəticə yaxşı olmalıdır».

«KOREYA DƏRSLƏRİ»NDƏN SONRA YIĞMAYA YERLİ QIZLAR CƏLB EDİLİR

Komanda rəhbərliyinin bir məqsədi də yığmanı gücləndirmək və yerli idmançılara üstünlük verməkdir. Legionerləri milliləşdirmək və sonradan onlardan imtina etmək uzun çəkir. Otüstü Xokkey Federasiyası mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyevdən öyrənirik ki, koreyalı idmançılar burda formal ailə qurubmuş. Özü də elə həmkarları ilə:

«Bir müddət qalandan sonra onlar ailə qururdular. Buna icazə verilirdi. Sonra ailələri dağıldı. Dağıldı deyəndə, onlar çox da bir yerdə yaşamadılar. Bu evlilik sözdə evliliyə bənzəyirdi. Ailə qurduqları şəxslər bizə yaxın-xokkeydə olan adamlardır. İndən belə koreyalılardan imtina etmişik. Ancaq indi yerli gənclərə üstünlük verilir. Nərgiz Novruzova, Gülər Aydınlı, Səbinə Ağayeva, Fəridə Məmmədova orta məktəbi bu il bitirir, ancaq komandamızın ən perspektivli hücumçuları sayılırlar».
Yaqub Nuriyev

Yaqub Nuriyev


Yığmada Ukrayna, Belarus və Rusiyadan da bir neçə oyunçu var. Onlar öz soyadları ilə çıxış edirlər. Məşqçi Ceyhun Mirzəyevin dediyinə görə, yerli gənc qızları tez-tez yarışlara cəlb etməklə ehtiyat qüvvə yaratmaq istəyirlər:

«İndi komanda üzvlərinin çoxu 18-20 yaşlı idmançılardır. Öz qızlarımızdır».

QIZLAR ÜÇÜN XOKKEYƏ GƏLMƏK ASAN DEYİL

İdmançı qızların yetişdirilməsi elə də asan məsələ deyil. Otüstü Xokkey Federasiyasının sözçüsü Yaqub Nuriyev deyir ki, çox vaxt qızlar ailə qurandan sonra idmandan uzaqlaşırlar:

«Bu, Azərbaycan idmanının yaralı yeridir. Bizim ailələr nədənsə qızlarının gerçək idmanla məşğul olmasına imkan vermirlər. Deyirik ki, gəlin, Azərbaycanın idman şərəfini qorumaq və dünyanı görmək istəyirsinizsə, otüstü xokkey bölməsinə yazılın. 18-20 yaşlı qızlar ailə qurunca, məsələ bitir».

Səadət Nuriyeva

Səadət Nuriyeva

Yığmanın qızlarını otüstü xokkeyə gətirən yol hamar olmayıb. Səadət Nuriyeva 7 ildir komandada çıxış edir və 4 ildir qapıçıdır. Ailəsi ilə uzun mübarizədən sonra xokkeyə gəlib:

«Evdə razı deyildilər, ancaq mən qaçıb məşqlərə gəlirdim. Sonra gördülər ki, uğurlar var, heç nə demədilər».

Hücumçu Amaliya Həsənova da ailəsinin inadını qıra bilib:

«Otüstü xokkey çətindir, zədələnmək ehtimalı çoxdur. Ailəmizdə deyirdilər ki, musiqiyə, rəqsə get... Amma mən öz seçimimi etdim».

İndi bu qızlar özlərinə çətin rəqib görmürlər. Nə Fransa turnirində, nə də, təbii ki, qalib gəlsələr, Avropa Çempionatında da.

Azərbaycanın qadınlardan ibarət otüstü xokkey yığması ötən əsrin 80-ci illərində qurulub. Azərbaycandan olan Tatyana Şlıqanova 1980-ci ildə Moskvada keçirilmiş olimpiya oyunlarında SSRİ yığmasının tərkibində çıxış edərək bürünc medal qazanıb. Sovetlər dağılandan bəri otüstü xokkeydə çöküş dönəmi başlanıb və yalnız 2002-ci ildə dirçəliş başlanıb. Otüstü xokkey yığması 6 il Avropa Çempionatının yüksək liqasında çıxış edib. İki il əvvəl ikinci diviziona düşüb. İyulun 22-də Fransada keçiriləcək turnirdə isə yenidən yüksək liqaya qalxmaq üçün mübarizə aparacaq.
XS
SM
MD
LG