Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:35

Böyük Üçlük: «Rəhbərlər xalqları müharibəyə deyil, sülhə hazırlamalıdırlar»


Vladimir Putin və Barack Obama
Vladimir Putin və Barack Obama
-
«Danışıqlar prosesinin gedişində tərəflərin qarşılıqlı maraqlara əsaslanan qərar tapmağa çalışmaq yerinə birtərəfli fayda əldə etmək cəhdlərini sürdürmələrindən dərin təəssüf hissi keçirdiyimizi bildiririk».

ATƏT-in Minsk Qrupunda təmsil olunan ölkə liderlərinin – ABŞ prezidenti Barack Obama, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti François Hollande-nin «Böyük səkkizlər»in sammitində qəbul etdikləri sənəddə belə deyilir.

Prezidentlər bildirirlər ki, «Dağlıq Qarabağ münaqişəsinin ədalətli və pozulmaz şəkildə tənzimlənməsinin təməlində son 4 ildə verdiyimiz bəyanatlarda əksini tapan müddəalar dayanmalıdır. Bu müddəalara bölünməz bütöv kimi baxılmalıdır, çünki həmin müddəaların hər hansı birinə üstünlük vermək cəhdi balanslı qərar qəbulunu istisna edir».

Hər 3 prezident Azərbaycan və Ermənistan rəhbərlərini öz xalqlarını sülhə hazırlamağa çağırıb: «Biz bütün tərəflərin rəhbərlərini qətiyyətlə ona çağırırıq ki, Helsinki prinsiplərinə, o sıradan zor işlətməmək və ya zor işlədəcəyi ilə bağlı hədə-qorxu gəlməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə sadiq qaldıqlarını təsdiqləsinlər... Rəhbərlər xalqları müharibəyə deyil, sülhə hazırlamalıdırlar».

Eduard Nalbandian
Eduard Nalbandian
ERMƏNİSTAN XİN: GÜNAHKAR BAKIDIR

Ermənistanın xarici işlər naziri Eduard Nalbandian «Böyük Üçlüyün» – ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatına münasibətini açıqlarkən, xalqları sülhə hazırlamaq fikri ilə tam razı olduqlarını, amma Azərbaycan rəhbərliyinin belə davranmadığını qeyd edir. O, ən yaxın tarixdən bəzi olayları yada salır:

«Ermənistan məsələnin yalnız sülh yolu ilə həllində israrlıdır. Birləşmiş Ştatlar, Rusiya və Fransa kimi biz də təəssüflənirik ki, Bakının birtərəfli mənfəət əldə etmək cəhdlərinə görə 2010-cu ilin iyununda Sankt-Peterburqda, 2010-cu ilin oktyabrında Həştərxanda, 2011-ci ilin martında Soçidə, 2011-ci ilin iyununda Kazanda irəliləyiş əldə etmək mümkün olmayıb».

AZƏRBAYCAN XİN: ERMƏNİSTANA TƏZYİQ GÖSTƏRİLMƏLİDİR

Elman Abdullayev
Elman Abdullayev
Rəsmi Bakı ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatından razıdır. Bu razılığı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev dilə gətirib. O, bu gün –iyunun 19-da keçirilən brifinqdə deyib ki, birgə bəyanat status-kvonun saxlanmasının qəbuledilməzliyinə dair Azərbaycanın mövqeyi ilə səsləşir. XİN sözçüsü onu da xatırladıb ki, Azərbaycan tərəfi münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində, yəni işğaldanöncəki Azərbaycan ərazilərinin nəzərə alınması və məcburi köçkünlərin əzəli yaşayış yerlərinə qaytarılması yoluyla həllində israrlıdır:
«Ermənistan güc tətbiq etməklə Azərbaycan ərazilərini işğal edib və işğalı davam etdirir ki, bu da münaqişə zonasında qeyri-sabitliyin səbəbi və təhlükəsizlik üçün hədə mənbəyidir».

Elman Abdullayev bildirib ki, Azərbaycan tərəfi tənzimlənmə üçün baza olaraq yenilənmiş «Madrid prinsipləri»ni qəbul edib. Onun fikrincə, ATƏT-in Minsk Qrupu destruktiv siyasətindən əl çəkməsi üçün Ermənistana təzyiq göstərməlidir.

«BU BƏYANAT DAHA ÇOX AZƏRBAYCANI HƏDƏLƏMƏK ÜSTÜNDƏ QURULUB»

Elxan Mehdiyev
Elxan Mehdiyev
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev «Böyük Üçlüyün» bəyanatından razı qalmayıb:

«Bəyanatda hər üç tərəf bərabər tutulur və ittiham edilir ki, guya tərəflər özlərinin istədiyi prinsipi önə çəkirlər. Bunu da Azərbaycana aid edirlər. Yəni Azərbaycan ərazi bütövlüyünü önə çəkir və belə davranmamalıdır. Deyirlər ki, bu 3 prinsipə bütöv baxılmalıdır. Azərbaycan buna necə bütöv baxmalıdır ki, ərazi bütövlüyündən danışarkən, yanında da milli müqəddəratı təyinetmə prinsipi yazılıb. Bunlar bir-birini tam inkar edir. Onlar deyirlər ki, ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxır, sonra Dağlıq Qarabağda referendum keçirilir. Bununla da onların milli müqəddəratı təyin edilir. Burda Azərbaycanın Dağlıq Qarabağsız ərazi bütövlüyü təmin olunur...».

«DAĞLIQ QARABAĞ O VAXT PRİORİTETƏ ÇEVRİLƏCƏK Kİ, AMERİKA BUNDA MARAQLI OLSUN»

Azərbaycan prezidentinin xarici işlər üzrə keçmiş məsləhətçisi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda fəal iştirak etmiş Vəfa Quluzadənin fikrincə, bəyanat münaqişənin həll olunmaması ilə bağlı narahatlıqdan xəbər versə də, bu narahatçılıq hələ ki, öncəliyə çevrilməyib:
Vəfa Quluzadə
Vəfa Quluzadə
«Yadımdadır, 1997-ci ildə Derverdə Bill Clinton, Boris Yeltsin və Jacques Chirac bəyanat verdilər ki, gələn il Qarabağ məsələsi həll olunacaq. O vaxtdan artıq 15 il ötüb. Bu cür bəyanatlar məsələnin həllinə xidmət etmir. Ona görə ki, məsələnin məğzinin üstündən keçilir. Bəyanatdan belə çıxır ki, Azərbaycanla Ermənistan bu münaqişədə eyni dərəcədə günahkardır. Bu isə həqiqətə uyğun deyil. Böyük dövlətlərin məqsədi ondan ibarətdir ki, məsələ sülh yolu ilə həllini tapsın. Bu zaman aparacaq. Dağlıq Qarabağ o vaxt prioritetə çevriləcək ki, Amerika bunda maraqlı olsun».

Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsini regionda ciddi təhlükə mənbəyi sayır:

«Bütün bu münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq norma və prinsipləri, xüsusən dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda çözülməlidir. Biz ümidvarıq ki, ölkəmizin sülh və sabitlik içində yaşaması burada yaşayan bütün millətlərin mənafeyinə cavab verir».

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov münaqişənin uzanmasının bir səbəbini də Minsk Qrupunun yetərsiz fəaliyyətində görür:

«Təsəvvür edə bilmirəm ki, Minsk Qrupu münaqişəni həll etmək missiyasını üzərinə götürəndən və 20 il ərzində bu vəzifəsinin öhdəsindən gələ bilməyəndən sonra kimləri günahlandırmaq istəyir. Bu məntiqi, sadəcə, başa düşməm mümkün deyil».
XS
SM
MD
LG