Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56
-
Media özəlliklə müxtəlif nümayiş və etiraz piketlərindən söz açarkən, «polis dəyənəyi», «bibər qazı» və ya «təzyiqli su» ifadələrini də işlədir. Burada təəccüblü heç nə yoxdur. Ən çağdaş cəmiyyətdə də polis əməkdaşı son vasitə kimi gücə əl ata bilər. Təbii ki, qanunun dəqiq müəyyənləşdirdiyi çərçivədə. Amma «Bizim yol» qəzetinin 19 iyun sayında «polis dəyənəyi» ifadəsindən hər hansı olaydan reportajda deyil, bir qrup mühafizə polisi adından yazıldığı iddia olunan müraciətdə istifadə olunub. Həm də bu şəkildə: «Polis dəyənəyi polislərə 5 manata satılır».

«ƏLAHİDDƏ POLİS TABORUNUN BİR QRUP ƏMƏKDAŞI» NƏ YAZIR?

Müraciətin Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərinin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun bir qrup əməkdaşı adından yazıldığı bildirilir.

Yazıda polis dəyənəyinə görə 5, «Qüsursuz xidmətə görə» medalı üçün 50, polis geyiminə görə 5, atəş hazırlığına da 10 manat pul alındığı diqqətə yetirilir. Bundan başqa, şəxsi heyətin hazırlığı üçün hər ay 5 manat, «Mübariz keşikdə» qəzetinə abunəyə görə, hər polis əməkdaşının maaşından ildə 18 manat, «Dinamo» idman cəmiyyətində məşqdən ötrü də 42 manat pul tutulduğu qeyd olunur. Həm də deyilir ki, bu qədər pul ödəsələr də, nə qəzetin üzünü görürlər, nə də onları «Dinamo» cəmiyyətinə məşqə buraxırlar.

««DUBİNKA»NIN 5 MANATA SATILMASI... YALANDIR»

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov iki məsələdən başqa yazılanların hamısının böhtan olduğunu bildirir. Deyir, ola bilsin, həmin müraciəti nə vaxtsa işdə verdiyi nöqsanlara görə alaydan uzaqlaşdırılan hansısa keçmiş əməkdaş yazıb:

«O ki qaldı yazıda 18 manat qəzetə, 42 manat «Dinamo»da məşqə görə pul yığılmasına, DİN-in orqanı olan «Mübariz keşikdə» qəzetinə ildə 18 manat alınır və hər bir polisin bu qəzeti həftədə bir dəfə oxuması lazımdır. Bu baxımdan da alay əməkdaşlarından 18 manat abunəhaqqı alınması qanuni bir məsələdir. Hər bir polis əməkdaşı həftədə 2-3 dəfə fiziki hazırlığını yüksəltmək üçün «Dinamo» idman cəmiyyətində məşqə gedir. Buna görə də il ərzində bizim maaşımızdan tutulur və burda da hər hansı qanunsuzluq yoxdur. Amma «dubinka» nın 5 manata satılması və digər məsələlərin hamısı yalandır. Bunlar inanılmaz və ağlasığmaz məsələlərdir. «Dubinka» polisin texniki vasitəsidirsə, necə satıla bilər?».

Ehsan Zahidovun dediyinə görə, adıçəkilən alayın şəxsi heyəti qəzeti məhkəməyə verməyə hazırlaşır.

2010-CU İLDƏ OLAN OXŞAR MÜRACİƏT

Bənzər müraciətlə 2010-cu ildə AzadlıqRadiosuna da üz tutmuşdular. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları olduqlarını və Heydər Əliyev adına Neft Emalı Zavodunu mühafizə etdiklərini bildirən şəxslər müraciətin altında öz ad və soyadlarını da yazmışdılar. Müraciət müəllifləri fəxri adların, rütbələrin verilməsindən tutmuş müxtəlif bəhanələrlə onlardan pul yığıldığını iddia etmişdilər.

Foto: Arxiv

Foto: Arxiv

Baş Mühafizə İdarəsinin ovaxtkı rəisi Mədət Quliyev qəzetə abunədən başqa bütün digər məsələləri yalanlayaraq, hətta abunə pullarının da idarənin hesabından ayrıldığını bildirmişdi.

«OD OLMASA TÜSTÜ ÇIXMAZ»

Sabiq polis rəisi Mahmud Hacıyev bənzər müraciətlərin birinci dəfə yayılmadığını bildirir və «od olmayan yerdən tüstü çıxmaz» el məsəlini yada salır:

«Deyir, od olmasa, tüstü çıxmaz. Bunlar köhnə söhbətlərdir. Əvvəllər bu kimi məlumatlar məcburi köçkünlərə yardımlar aparılanda ortalığa çıxır və bəzi qəzetlərdə dərc olunurdu. İndi ərzaq yardımlarına görə deyil, hər hansı mükafatın və ya hansısa predmetin verilməsi üçün pul alınmasına dair məlumatlar yayılır. Yəni belə söz-söhbətlər var».

Sabiq polis rəisi sözügedən müraciəti yayan qəzetin məhkəməyə verilməsi barədə nazirlik əməkdaşının söylədiklərinə də münasibətini açıqladı. Onun fikrincə, Azərbaycan məhkəmələri müstəqil olmadığından nazirliyin mövqeyinə uyğun qərar çıxaracaq.

Günün sonunda «Bizim yol» qəzeti sözügedən yazı ilə bağlı təkzib verib. AzadlıqRadiosunun bu təkzibin səbəblərini öyrənmək cəhdi cavabsız qaldı.

Şərhləri göstər

XS
SM
MD
LG