Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:22

Bəhrəmtəpədə taxıl sahələrdə batır... [Video]


Bəhramtəpədə taxıl sahələrdə batır
Gözlə

No media source currently available

0:00 0:05:16 0:00

Bəhramtəpədə taxıl sahələrdə batır

-
«Kombayn tapıb vaxtında zəmini biçdirə bilmədiyimdən, indi 2 hektar sahədə heç 1 kiloqram da məhsul qalmayıb».

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan Qarabağ müharibəsi iştirakçısı Namiq Rəhimov belə deyir. Onun sözlərinə görə, qəsəbədə çoxları bu vəziyyətdədir:

«Qəsəbə ərazisində taxıl əkilmiş 200 hektar sahə batıb gedir. Nə Rayon İcra Hakimiyyəti, nə onun yerli nümayəndəsi, nə də bələdiyyə tərəfdən camaata kömək oldu. Bu boyda qəsəbədə bir dənə kombayn yoxdu».

«HARADA KOMBAYN VAR, VARLILAR TUTUB, APARIR ÖZ SAHƏSİNƏ»

Qəsəbə ərazisində vaxtilə mövcud olan «1 may» kolxozunda pambıqçılıq briqadiri işləyən, Qırmızı Əmək Bayrağı ordenli, Əzizağa Əliyev deyir ki, yaşayış məntəqəsində 2 min hektar torpaq sahəsi hazırda «ölü zona»ya çevrilib:

Əzizağa Əliyev
Əzizağa Əliyev
«Bax, elə bu vəziyyətə görə, sakinlərin bəziləri, xüsusilə qolu qüvvəli gənclər torpağı qoyub, çörək dalınca başqa yerə gediblər. Məmurlar xalqı pis kökə salıb. Harada kombayn var, varlılar, pullular tutub, aparır öz sahəsinə. Bilmirsən dərdini kimə deyəsən. Dövlət subsidiya ayırır, camaat da həvəslənib əkmişdi. Ziyan görən adamlar torpaq əkib-becərməyə artıq tövbə edir».

75 yaşlı qəsəbə sakini hesab edir ki, problemin həlli hökumətin üzərinə düşür:

«Əkin sahələrini uçota alanlar məgər bilmir ki, taxılı biçməyə kombayn lazımdır?! Ya adamlara elə şərait yaradılmalıdır ki, onlar özünə kombayn ala bilsin, ya da texnika ilə dövlət özü təmin etməlidir. Heç olmasa bildirilsəydi ki, bu il qəsəbəyə kombayn verilməyəcək, onda başqa məhsul yetişdirərdik».

«ÇÖRƏK QAZANMAQ İSTƏDİM, «ÇÖRƏK PULU» DA GETDİ...»

Bəhrəmtəpə qəsəbəsində məskunlaşan, Fizuli rayonunun Pirəhmədli kəndindən olan məcburi köçkün Müqabil Sadıqov əkin apardığı torpağı yerli sakinlərin birindən icarəyə götürdüyünü, buna görə xərcinin çox çıxdığını deyir:

Müqabil Sadıqov
Müqabil Sadıqov
«Dövlətin köçkünlərə verdiyi «çörək pulu»nu üst-üstə yığıb, onunla 2 hektar sahədə arpa əkmişəm. Yerin icarə haqqı olaraq 80 manat ödəmişəm, şum, malalama işlərinə 90 manatım çıxıb, 100 manatla toxum almışam, 10 manat da su pulu vermişəm. Yerin hektarını 35 manata biçirlər, 20 manat da məhsulu həyətə daşıyırlar - bunlar da edir 90 manat. 370 manat xərc çəkib, məhsul yetişdirməkdənsə, o pulla 2 ton hazır məhsul almaq sərfəli idi. İndi həm çəkdiyim zəhmət hədər gedib, həm də ziyana düşmüşəm».

«OLAN 1 KOMBAYN İDİ, ONU DA RƏİSİN OĞLU APARDI»

Müqabil Sadıqov biçin başlayandan kombayn axtarışında olduğunu deyir:

«20 gündür ki, kombayn dalınca düşmüşük. Bu boyda qəsəbəyə cəmi bir kombayn ayırmışdılar, növbə ilə biçin aparırdı. Mənim sahəmə yaxınlaşanda dəmir yolu idarəsi rəisinin oğlu gəlib zorla apardı vətəgəyə. Texnikanı əldən buraxmaq istəmirdik. Dedi ya yerinizi yandıracağam, ya da kombaynı. Rəislər 100-200 hektar yer əkir, dövlətin texnikası da onların sahəsində işləyir, belə çıxır ki, biz kasıb-kusub ölməliyik. «Aqroservis»in müdirini tapa bilmirik ki, ona sözümüzü deyək. Heç telefonuna da zəng çatmır».

«BUNUN MƏSULİYYƏTİNİ KİMSƏ DAŞIMALIDIR»

Rəşad İsmayılov
Rəşad İsmayılov
Cəbrayıl rayonunun Mehdili kəndindən olan məcburi köçkün Rəşad İsmayılov deyir ki, biçin vaxtında aparılsaydı, nə qədər aşağı məhsuldarlıq olsaydı belə, heç kəsə zərər dəyməzdi:

«Qardaş, hər şeyin öz vaxtı var. Arpa mayın 25-də biçilməlidir. Az qala bir aydır ki, biçinin aparılması ləngiyir. Hər ötən gün ziyana işləyir. Zəmilər vaxtında biçilsəydi, 1 hektar sahə 20-25 sentner məhsul verə bilərdi. Lap 10-15 sentner olsa da, maya dəyərini çıxara bilər. Komissiya yaradıb göndərsinlər, gəlib mütəxəssislər baxsın ki, zəmilər nə vəziyyətdə olub, ondan nə qalıb? Dövlətin vəsaitini, camaatın malını batırıblar, bunun məsuliyyətini kimsə daşımalıdır axı».

«ZƏMİLƏRİN 90 %-İ BİÇİLMƏYİB»

İmişli RİH başçısının Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsi Fərhad Həsənov da deyilənləri təsdiqləyir:

«Qəsəbəyə cəmi 1 kombayn təhkim olunmuşdu, o da heç bir həftə işləmədi. «Aqroservis»in direktoru Razi Əliyev rəhbərliyi aldadır ki, guya qəsəbənin öz kombaynı var, ona görə texnika buradan aparılıb. Halbuki fermerlərimizin heç birinin kombaynı yoxdur. Əhali 300 hektara yaxın sahədə buğda və arpa əkib, onun 90 %-i biçilməyib, göz görə-görə məhsul batıb-gedir».

«BİZİM YALNIZ FİLİALLA MÜQAVİLƏ BAĞLAYAN FERMERLƏR QARŞISINDA ÖHDƏLİYİMİZ VAR»

«Aqrolizinq» ASC-nin İmişli filialı
«Aqrolizinq» ASC-nin İmişli filialı
«Aqrolizinq» ASC-nin İmişli filialının direktoru Razi Əliyev isə ünvanına səslənən ittihamlarla razılaşmır:

«Bəhrəmtəpədəki taxıl zəmilərinin çox hissəsi biçilib. Bizdə cəmi 21 taxılbiçən kombayn var, daha 15 ədədini də digər yerlərdən gətirtmişik. Ona görə qəsəbəyə 1 texnika ayırmağa imkanımız çatır, o da gün ərzində 7-8 hektar taxıl biçir. Bizim yalnız o fermerlər qarşısında öhdəliyimiz var ki, biçindən əvvəl - mart ayında gəlib, filialla müqavilə bağlayıblar. Amma heç kəs razı olmaz ki, xalqın zəhməti batsın - bu, bir vicdan məsələsidir. Ona görə imkanımız və səlahiyyətimiz daxilində hamıya kömək edirik».

Filial direktoru cari biçin mövsümündə yaranmış ajiotajı əlverişsiz hava şəraiti ilə əlaqələndirir:

«Arpa biçini başlayan kimi - mayın 24-dən 31-dək gündə bir-iki saat da olsa yağış yağıb. Yağıntı iyunun 7-8-də də olub. Bu il qasırğa da zəmilərdəki sünbülləri yatırtdı. Bundan əlavə, taxıl əkini aparılan yerlərdə fermerlər qaydalara uyğun planlama işi aparmır. Elə həyətyanı sahə var ki, oradakı yarım hektar taxıl zəmisini biçməyə saatlarla vaxt gedir. Buna görə texnikalarımız tez-tez xarab olur, onları işlək vəziyyətə gətirtmək xeyli əziyyət, həm də vaxt itkisi hesabına başa gəlir».
XS
SM
MD
LG