Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:55
-

«Bu krant, bu da sayğac. Baxın, sayğacı çıxarıb atmışam kənara. Su yoxdursa, bu sayğac nəyə lazımdır? Gedirəm «konıstırlarla», vedrələrlə bulaqdan su daşıyıb gətirirəm, yeməyə, çaya işlədirik. Qab-qacağa, pal-paltar yumağa da o quyunu görürsən, ordan «kaçat» edib götürürük».

«BİZDƏN HƏYƏTLƏRİMİZƏ GƏLİB ÇATMAYAN SULARIN PULUNU TƏLƏB EDİRLƏR»

Xaçmazda bir kənd var – Nərəcan. Bu kəndin hansı qapısını döyürsən, susuzluqdan giley-güzar edirlər. Kənd sakini Saleh Həsənov deyir ki, yay-qış dadlarına çatan həyətdəki su quyusudur.

Bizə hər gün quyudan su çəkmə prosesini göstərir:

Saleh Həsənov

Saleh Həsənov

«Bax, bu ehtiyat suyu tökürük «kaçalka»ya, «kaçat» edirik. Su gələn kimi birinci «konıstr»ı doldururuq, yenə ehtiyatda saxlayırıq ki, quyudan gələn su kəsiləndə «kaçat» etmək üçün istifadə edə bilək. İçməli su deyil, soxulcanlarla gəlir. Mən bir-iki dəfə içdim, böyrəklərim ağrıdı. Ancaq heç olmasa əlimizdən tutur. Bu da olmasa, işlərimiz lap müşkülə dönər».

Başqa kənd sakini Həmzə Xəlilov:

«Sudan korluq çəkirik. Bulağın başına sayğac quraşdırdılar. Həyətlərə gələn su xətləri 30-40 ilin xətləridir. Xarab olduğuna görə suyun yalnız 10 faizi gəlib bu tərəflərə çıxır. Qalan su yollardakı su xətlərindən boşuna axıb gedir. Bulağın başındakı sayğac kəllə-çarxa yazır. Həyətlərdəki sayğaclarla uyğun gəlmir. Bizdən həyətlərimizdəki sayğacların yazdığı borcu yox, bulağın başındakı sayğacın yazdığını tələb edirlər. Axı bu su gəlib həyətlərə çatmırsa, yolda boşuna axıb gedirsə, pulunu niyə biz ödəməliyik?».

BULAQ BAŞINDA SAYĞAC

Həmzə Xəlilov

Həmzə Xəlilov

Həmzə Xəlilov da həyətində su quyusu işlətdiyini deyir. Ancaq qonşusundan fərqli olaraq, quyudan suyu kustar yolla yox, mühərriklə vurur. Bu da ona baha başa gəlir:

«Həyətdə su çəni qoymuşam, gündə azı iki dəfə quyudan su vururuq. Hər dəfə azı bir saat mühərrik işləyir. Elektrik enerjisi çox gedir. Ayın axırı görürük ki, ailə büdcəmizə görə böyük məbləğdə işıq pulu yığılıb».

Kənd sakini Heybət Əmrah da deyir ki, əsas problem suyun küçələrdə boş yerə axmasından, həyətlərin yalnız bir qismində sayğac quraşdırılmasındadır. Onun sözlərinə görə, küçədə boş yerə axan su da bulaqdan gəlir. Onun da pulu bulağın başına qoyulmuş sayğacda qeyd olunur və kənd sakinlərindən həmin sayğacdakı borcu ödəmək tələb olunur. Kəndin susuz qalmasına səbəb də sayğacdakı borcdur. Heybət Əmrah deyir ki, «Azərsu» kəndlilərdən bulağın başındakı sayğacda yığılıb qalmış su pulunu tələb edir. Buna görə də kəndə gələn bulaq suyu kəsilib.

BƏLƏDİYYƏ SƏDRİ DEYİR Kİ...

Şəmsəddin Xəlilov

Şəmsəddin Xəlilov

Kənd bələdiyyəsinin sədri Şəmsəddin Xəlilov da deyir, su xətləri təmir olunmayana, küçələrdəki boşuna axan suların qarşısı alınmayana və sayğaclaşma işləri tamamlanmayana qədər kənddə su problemi davam edəcək:

«Məktub yazdıq, «Azərsu»dan cavab gəldi ki, suyun xərcini bələdiyyə öz öhdəsinə götürsün, kəndə su buraxaq. Dedim, buna bələdiyyənin gücü çatmaz, həyətlərə sayğac qoyulsun, su verilsin, pulları da abonentlərdən yığılsın. Razılaşdılar, bu ilin əvvəlində kəndə sayğac göndərdilər, biz də həyətlərdə pulsuz quraşdırdıq. Sonra «Azərsu»dan gəlib, suyun mənbəyinə də sayğac qoydular. Düzü, mən razılaşmadım. Dedim, əvvəl gəlib su xətlərini təmir edin, yoxsa küçələrə axan sular da suyun mənbəyindəki sayğaca oturacaq, adamlar bu pulu verməyəcəklər. Elə də oldu. Cəmi 70 ev sayğaclaşdırıldı, sayğacı olmayanlar gecə-gündüz həyət-baca suladılar, havayı su işlətdilər, axırı da belə nəticələndi ki, «Azərsu» kəndə gələn suyu kəsdi».

SU İDARƏSİNİN RƏİSİ: PUL VERSİNLƏR, SU ALSINLAR

Xaçmazın su idarəsinin rəisi Teyyub Sultanov isə daş atıb, başını tutur ki, Nərəcanda pul verməyənə su yoxdur:

- «24 min manatlıq su alıblar, cəmi 22 manat su pulu veriblər. Şollar suyunun pulu ödənilməsə, su verə bilmirik. Sayğac da qoymuşuq. Ay yarım su verdik, dediyim kimi, cəmi 22 manat pul yığdıq. Mən suyu bu gün də aça bilərəm, əlbəttə ki, pulu ödənilsə. Mənim işim su verməkdir, su kəsmək deyil. Pulunu versinlər, sularını alsınlar.

- Adamlar şikayət edirlər ki, su xətləri sınıq-salxaq olduğuna görə, bulaqdan gələn su küçələrə axır, pulu isə onlardan tələb olunur...

Arxiv foto

Arxiv foto

- Adamlara su lazımdır, yoxsa küçədə axan su? İşlətdikləri suyun 5 qəpiyini onlardan ala bilirəm ki, hələ üstəlik küçədə axan suyun 5 manatını da tələb edim?

- Ancaq küçəyə boş yerə axan su da bulaq başına qoyulmuş sayğacdan gedir və sonra bu sayğacda yığılan borc kəndlilərdən tələb olunur axı. Bu qədər israfçılığın qarşısını almaq üçün su xətlərini niyə təmir etmirsiniz?

- Sizin sualınız təmirlə bağlıdırsa, bəli, su xətlərini təmir etmək mənim borcumdur və edirəm də. Bu, gündəlik, həftəlik işlərdir, bu işləri görürəm. Sayğac quraşdırılmayan ünvanlara sayğac da quraşdırarıq. Hərçənd, sayğac quraşdırdıqlarımızdan da pul yığa bilmirik. Kəndə su verilməməsinə gəlincə isə, problem su pullarının ödənilməməsindədir. Adamlar gedib kənardan su almağa razıdırlar, ancaq mənə 1 ton suya 30 qəpik ödəmək istəmirlər. Mən bulaq başındakı sayğaca görə yox, abonentin qapısındakı sayğaca yığılmış borcu tələb edirəm. Bulaqdakı sayğacda tutaq ki, 10 min manat yazılıb, mən abonentdən 10 min manat pul ala bilərəm? Sayğacı olmayanlardan isə normativlə 1 aya adambaşına 4 kubluq su pulu düşür. Gətirib ödəsinlər, sularını açım buraxım».

Şərhləri göstər

XS
SM
MD
LG