Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:55

Mikayıl Müşfiq “Yenə o bağ olaydı” şeirini bu qıza yazıbmış


Arifə Məmmədxanlı

Arifə Məmmədxanlı

-

“Bükmüşdü, bir dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama.

Sonra açıb baxanda gördüm yuxarısında yazıb: “Arifəyə. Yenə o bağ olaydı””.



Mikayıl Müşfiqin bəlkə də ən məşhur şeiridir “Yenə o bağ olaydı”. Həmin şeir yarananda gənc şairin həbsə atılmasına, işgəncələrə məruz qalmasına, sonra da Nargində güllələnməsinə çox qalmamışdı.

1936-cı ilin qayğısız yay günlərində Pirşağıda yazılıb o şeir. Şeirin ünvanı uzun müddət naməlum qalıb. Bəziləri düşünüb ki, Müşfiq şeiri həyat yoldaşı Dilbər xanıma yazıb, digərləri şeirin ünvanını tanısalar da, bu haqda danışmayıblar. Şayiələr gəzib. Yalnız ötən əsrin sonunda açıqlanıb o qızın adı.

Bu, Arifə Məmmədxanlı idi - yazıçı Ənvər Məmmədxanlının bacısı.

Ölüm ayağında özü etiraf edib bunu jurnalist Rafael Hüseynova. Bundan bir neçə il qabaqsa bacısı Həbibə xanıma açıbmş sirrini. 1936-cı ilin yayını o dövrün bir neçə tanınan yazarı ailəsi ilə birgə Pirşağıda keçirmişdi: Rəsul Rza, Ənvər Məmmədxanlı, Əhməd Cavad və Mikayıl Müşfiq...

Bu söhbət 1994-cü ildə lentə alınıb - xərçəng xəstəliyi tapan Arifə xanımın həyatının qürubunda.



- 36-nın yayından danışın, Arifə xanım.

- Eh, ay Rafael, nə deyim, yaxşı günümüz onda getdi. Ən yaxşı yayımız onunla bitdi. Yazıq Müşfiq o sehirli gecələrin bəzəyiydi. Romantik idi. Adi adamlar, hətta o biri şairlər kimi də deyildi. Nəsə tamam başqa cür idi o. Çox şən oğlan idi yazıq. Sizlər onu görmədiniz.

- Onun sizə münasibətindən danışın bir az.

- Ee, yaxşı da, Rafael, yox. Yenə başladın?..

- Ay Arifə xanım, bax o vaxt gördüz ki, üstüörtülü yazdım, ad-filan çəkmədim. Amma özümçün, tarixçün bilim də. Nə var axı burda?

- Bizim aramızda heç nə olmayıb, bir elə o şeirdir..

***

Mikayıl Müşfiq

Mikayıl Müşfiq


“Yenə o bağ olaydı,
yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla
ruhumu dindirəydin,
Məni sevindirəydin,
Gizli söhbət açaydıq
ruhun ehtiyacından.
Qardaşından, bacından
çəkinərək çox zaman
söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə də bir vuraydı
qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli!..”

***

- Yox, onda mənə qarşı heç nə yoxdu, bir elə o şeiri yazmışdı. Bir də ki günü elə bizdə keçirdi. Bizim çox qəşəng həyətimiz vardı, voleybol toru da qurulmuşdu, hamı bizim həyətə yığılardı. Əhməd Cavadın uşaqları Aydın, Tokay hər gün gəlirdilər

oynamağa. Müşfiq anama “ana” deyirdi, anam da qayıdırdı ki, nolar, a bala, çağır, sən də mənim oğlum. Müşfiq deyirdi ki, heç nə istəmirəm, bir balaca komam olaydı sizin həyətdə, gecə-gündüz burada qalaydım.Anam soruşurdu ki, niyə, ay Müşfiq? Deyirdi, “nə bilim, bu həyətdən xoşum gəlir. Rəsulgilin həyətindən xoşum gəlmir, bura ürəyimə çox yatır”. Bilirsən, bizim həyətin qumu, bakılıların sözü olmasın, mirvari kimiydi. Tozlu qum yox e, təmiz sarı qum idi...

- Mən o qumu da başa düşürəm, voleybol torunu da, həyətinizin gözəlliyini də. Amma Müşfiq bunu doğurdan həyətə görə deyirdi, yoxsa sizə görə?

- Vallah, bilmirəm nəyə görə deyirdi.

- Yox, yenə də bilim də, boynunuza alın...

- Vallah, bilirsən, bir o deyildi axı, hamı bizim həyətə yığılırdı.

- Bəs axı kişi o boyda poema yazıb sizə.

- Nə yazıb ki əşi...

- Az yazıb?

- Yox e, vallah, bağda mən heç nə hiss eləmirdim. Onu da mənə sonra verdi. Bağa gələn kimi oturub başlardı şeir oxumağa, biz də uşaq idik, ağzımızı açıb qulaq asardıq. Mən Müşfiqi Rəsul kimi, Ənvər kimi sayırdım. Bilirdim onların dostudur da. Onu müqəddəs bir adam bilirdim. Ürəyimdə ona ayrı bir hiss yox idi. Onda nə idi e, 16-17 yaşım vardı. O nə bilim neçə yaşındaydı – 27 idi, neçəydi. Cavan oğlan idi...

***

“Bu gecə nə qədər xoş gecədir,
Bir qara qız kimi
tellicədir.
Yer işıq, göy işıq,
Hər tərəf yaraşıq,
Sevgilim, dayanma,
sahilə gəl,
Seyr elə gəl.
Ulduzlar ətrafa
nur səpələr
Bir bölük uşaqdır
şən ləpələr.
Onların əlində
top kimi ay.
Sevgilim,
başında ağ kəlağay
Sahilə gəl.
Bu fürsət əlinə
düşməz bəlkə də,
Hər tərəf kölgədə,
Kölgələr işıldar,
Yarpaqlar xışıldar”

***

- Elə olurdu gecə saat 10-da durub dənizə gedirdik. Onlar gedərdi, biz də gic-gic qoşulardıq onlara. Bağımız dənizə lap yaxın idi. Bir dəfə də Məryəm xalam – Rəsulun anası – gəldi hirsləndi üstümüzə. Anam yox, xalam yaman ötkəm arvad idi. Dəniz bir az aşağı idi, yuxarıda qayalıqlardı. Bir də gördük xalam qayaların üstündədi. Azından gələni yağdırır bizə. Əsas Rəsul idi hamını dənizə çağıran... Amma dənizsiz qala bilmirdik. Gecə dənizi bizə yasaq edilmişdisə də, gündüzlər iki dəfə gedirdik suya baş vurmağa. Bir səhər, bir də axşamüstü. Hava qaralanda qayıdırdıq. Özü də yarışırdıq ki, kim çox qaralar. Nigar idi, Nigarın dostları idi, biz bacılar idik. Gedirdik ilıq dənizə atılıb sərinləyəndən sonra uzanardıq qumun üstünə, başlardıq özümüzü qaraltmağa... Axırıncı yayımız elə keçdi. Onacan Müşfiqin adnı eşitmişdim. O yay yaxından tanış olduq. Sonra hərdən Bakıda evimizə də gəlməyə başladı.

- Bəs şeiri necə oldu verdi sizə?

- Bir gün mən dərsdən qayıdanda Sabir bağının yanında onunla üz-üzə gəldim. Dedi: “Ba, nə xoş bir təsadüf”. Heç yadımdan çıxmır. Dedi: “Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şey var. O şeiri verəcəm sənə”. Bükmüşdü, bir dəftər kağızı idi. Verdi, mən də alıb qoydum çantama. Sonra açıb baxanda gördüm yuxarısında yazıb: “Arifəyə. Yenə o bağ olaydı”. Ürəyimdə dedim, görən, bizim bağı yazıb bu? Oxuyub gördüm ki, bağda nə olubsa, hamısı bu şeirdədir. Uzun müddət qaldı məndə o şeir. Sonra bağışla məni, ərə gedəndə, bir-iki dənə oğlan məktubu-filan vardı, cırdım onların hamısını. Çünki bilirdim İbrahimin xasiyyəti tünddür. Nə qədər zarafatı vardısa da, bir o qədər də qısqanc adam idi. Özü də mənə e... Mənim nəyimi qısqanırdı, bilmirəm. Bu şeirdə, əslində, bircə o “Arifəyə” sözü olmasa, sən deyən elə şey yoxdu. Nə ad çəkilmişdi, nə bir şey. Amma ehtiyat elədim, bunu da cırdım.

Mikayıl Müşfiq və xanımı Dilbər Axundzadə

Mikayıl Müşfiq və xanımı Dilbər Axundzadə


- Bəs Müşfiq o şeiri sizə verəndən sonra soruşmadı ki oxudun-oxumadın?

- Yox, bunu soruşmadı. Amma mənə tez-tez rast gəlirdi. Mən dərsdən adətən, saat ikinin yarısında çıxırdım. Bu da həmişə Kommunist küçəsi ilə qoltuğunda da papkası üzüyuxarı gəlirdi, qabaq-qabağa çıxırdıq. Mən biofakda oxuyurdum, o vaxt da universitet indiki Əlyazmalar İnstitutunun yanında idi. Universitetdən çıxıb Sabir bağı tərəfə enirdim, Akademiya binası ilə bağın arasındakı pilləkandan qalxırdım İşərişəhərə - evimizə. İki addımlıq yol idi. Həmişə də Müşfiqlə eyni vaxtda, eyni yerdə - dərsdən qayıdanda bağın tuşunda rastlaşırdıq. Deyirdi: “Bəxtə bax e, mən Azərnəşrdən işdən gəlirəm, sən dərsdən çıxırsan”. Deyirdi ki, buradan - Sabir bağının yanından çıxma, gəl qalxaq, Qala qapısı tərəfdən gedərsən, söhbət eləyə-eləyə gedək, səni ötürüm evinizə... Söhbət eləyirdi, təzə şeirlərini oxuyurdu, evəcən gətirib ötürürdü məni. Tutulmamışdan qabaq da evimizə gəlmişdi. Gəldi, oturdu, çay içdi, anamla danışdı. Ondan heç bir ay keçməmiş eşitdik ki, Müşfiqi tutublar.

- Hər halda barı sonra ağlınıza gəldimi ki, dərsdən çıxanda Müşfiq sizə təsadüfən rast gəlmirmiş?

- Hə, elə sonra ağlıma gəldi ki, bu, qəsdən belə edir. Bilirdi ki, ikinin yarısı dərsdən çıxıram.

- Bunu neçə il sonra başa düşdüz?

- Lap sonra. Mən key idim. Vallah, Rafael, sən mənim oğlumsan, mən bütün ürəyimi sənə açıram. Heç yaxın adamlarıma demədiyim sözləri, bax, sənə deyirəm. Çox key olmuşam. Sonra fikirləşdim ki, niyə elə mən dərsdən çıxanda bu da Kommunist küçəsi ilə Sabir bağının yanına yaxınlaşmış olur.

- Onda Dilbər var idi də. Mən bilən hətta 35-də bir uşaqları olub, ölübmüş də.

- Hə, evliydi, bağda olanda da evli idi. Arvadı, doğurdan da qəşəng idi. Dilbər seyrək gəlirdi bağa. Müşfiq özü çox gəlirdi. Elə həmişə Rəsul deyirdi, ay Müşfiq, Dilbəri də gətir. Qayıdırdı ki, əşi. Dilbərin əlində o qədər iş var ki, gəlmək istəmir. Gəlsə, gəlsin də. Tanıyır yolu...

***

“Yenə o bağ olaydı
sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə
yenə verib baş-başa
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi
qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi;
Yarpaqlar arasında
uzadaraq əlini
Oxşayaraq telini,
Gecələr darayaydı
saçlarını Ay, gözəl!
Sən gözəlsən, Ay gözəl?
Əllərində əllərim,
Gözlərində gözlərim...
Asılaydı sözlərim
Könlünün qulağından
Bir qızıl tana kimi,
Günəş doğana kimi”.

Rafael Hüseynovun “Bağ romanı” məqaləsindən
Mikayıl Müşfiq. Seçilmiş əsərləri, 2013

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG