Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:00
-

"Bilirsiz, bizim romanı oxuyandan sonra gəldiyimiz qənaət, bizdə olan təəssüratlar beləydi ki, hər halda yazıçı öz uşaqlığı, doğma yerləri haqqında danışanda xəyallarına, fantaziyalarına deyil, daha çox o yerlərdə eşitdiyi rəvayətlərə, söhbətlərə, kimlərinsə şahidlik elədiyi hadisələrə əsaslanıb.

Ola bilsin, bu söhbətlər də reallığa əsaslanıb"



Bu müsahibə bu il fevralın 3-ü axşam götürülüb. Bazar günü günorta üstü idi.

İnternet dərgilərdən birinin baş redaktoru mənə SMS göndərdi. 10 ilə yaxındır tanıdığım, Rusiyada nəşr olunan “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Ebanoidze ilə müsahibə götürməyimi xahiş elədi.

Razılaşdım və sualları göndərməyini istədim. Dərgi üçün vacib olan əsas suallar göndərildi. Mən də, əlbəttə ki, yeri gələndə improvizə elədimsə də, telefonla götürülən bu müsahibə həmin və əsas dörd sualın üzərində qurulub.

Ya zəlzələdən, ya vəlvələdən müsahibə çap olunmadı...

Səlim Babullaoğlu


- Cənab Ebanoidze, siz Əkrəm Əylislinin “Drujba narodov” jurnalında çap elədiyiniz romanı ətrafındakı baş verənlərdən, reaksiyalardan xəbərdarsınızmı?

- Hə, əlbəttə, düzdür, mən, necə deyərlər, kompüterdən uzaq adamam, amma bütün baş verənlər kifayət qədər diqqət çəkib və mənə də bəzi materialları kağızda çap edib veriblər, oxumuşam, blirəm.

- Mətbuatda və kuluarlarda belə fikirlər yer aldı ki, müəllifin, əsərinin sizin jurnalda çapı ilə bağlı tərəddüdləri varmış. Deyirlər əsər sizin təkidinizlə çap olunub...

- Yox, bu belə deyil. Kitabda üç povest vardı (görünür, Ebanoidze ya çapı nəzərdə tutulan kitabdan, yaxud da artıq çıxmış kitabdan danışır- S.B.). Bizə isə məhz bu əsər bədii cəhətdən daha dəyərli, daha ciddi göründü. Son qərar müəllifin idi. Jurnalın redaksiyası isə əlbəttə müəllifin bu qərarını, necə deyərlər, alqışladı. Bu, olduqca istedadlı əsərdir. İcazə verin, bəzi şeyləri deyim.

- Buyurun, əlbəttə.

- Əvvəla onu deyim ki, mən Əkrəm Əylislini çoxdan, “litinstitut” illərindən tanıyıram, biz köhnə dostlarıq və mən ötən yayda onu bir daha görməyimə çox şad oldum. İndi mənim Əkrəmlə bağlı xatirələrim və əsər haqqındakı qiymətləndir-məmə gəlincə, bu. görünür hazırkı situasiyada vacib deyil. Əsərin belə qəbul olunması, səs-küyə gəlincə isə, mən bunu demək istəyirəm. Son illərdə Bakıda böyük beynəlxalq humanitar forum keçirilir. Səhv eləmirəmsə, iki dəfə artıq keçirilib.

- Səhv eləmirsiz... elədir...

- Adətən payızda keçirilən bu forum ciddi beynəlxalq mədəni və humanitar tədbir kimi, fikrimcə özünü doğruldub. Forumun təşkilatçıları dünyaya Azərbaycanın yeni simasını göstərə biliblər məncə. Yəni yalnız iqtisadi baxımdan ciçəklənən bir ölkə kimi yox, həm də tolerant, sülhpərvər, öz problemlərinə, dünyanın problemlərinə həssaslıqla, diqqətlə baxmağı bacaran bir ölkə olduğunu göstərə biliblər. Məhz bu mənada, bu kontekstdə “Daş yuxular”ın nəşri əhəmiyyətli görünür, məhz həmin xəttin davamı kimi də baxıla bilər əsərə. Dünya qarşısında məhz bu simada dura bilmək, öz səhvlərini görə bilən adamlar kimi, yəni. Bu bir yazıçı kimi Əkrəm Əylisli tərəfindən başqa xalqlar, başqa xalqların yazıçıları üçün də örnək ola biləcək ciddi bir addımdır. Siz jurnalın giriş üçün verdiyi kiçik qedyi oxumusuz?
Səlim Babullaoğlu

Səlim Babullaoğlu


- Bəli, oxumuşam.

- Orda biz yazmışıq və hesab edirəm ki, biz yazıçılar bütün yığılıb qalmış problemlərə bir az başqa cür baxmalıyıq. Mən gürcüyəm, oxşar situasiyanın içindəyəm. Konfliktləri nəzərdə tuturam.

- Sizin nə dediyinizi anlayıram.

- Görünür, bir zaman yetişir ki, öz şəxsi tarixçənə, öz xalqının tarixinə, qonşularına, qonşularla münasibətinə başqa, daha aydın baxışla, təzə gözlə baxmaq lazım gəlir. Və Əkrəmin addımı hamı üçün - ruslar və çeçenlər, gürcülər və abxazlar, ərəblər və yəhudilər...

- serblər, albanlar... bütün bunlar giriş yazısında qeyd olunub....

- Elədir... yəni hamı üçün yaxşı örnəkdir. İnanmaq istəyirəm ki, yazıçının bu addımının, mən əsərin bədii keyfiyyəti haqqında danışmıram, bu, ayrı söhbətim mövzusudur, öz həmvətənləri tərəfindən qiymətləndiriləcəyi vaxt uzaqda deyil.

- Bir on ildir ki, sizinlə tanışam. Daha əvvəldən isə jurnal haqqında həm məlumatım olub, həm də imkan düşdükcə oxumuşam sizin jurnalı. Bilirəm ki, postsovet məkanı, o cümlədən Qafqaz xalqları ədəbiyyatlarını rus dilində mütəmadi, davamlı çap edən yeganə jurnaldı “Drujba narodov”. Son bir neçə ildə hansı azərbaycanlı müəllifləri çap eləmisiz? Kiminlə əlaqəniz var?

- Bu sualı verəcəyinizi bilsəydim bir az hazırlıqlı olardım, “podşivkalar”dan çıxarışlar edərdim. Amma son illər daha çox Elçin Hüseynzadəni çap eləmişik nasir kimi...

- Hüseynbəyli demək istəyirdiz yəqin....

- Çox-çox üzr istəyirəm, Hüseynbəyli əlbəttə. Sonra Bədəlovun mətnlərini.

- Rəhman Bədəlov yəqin... filosof?!

- Elədir. Bir ara bizim əməkdaş olmuş Ağayevin mətnlərini xatırlayıram. Poetik publikasiyalar da olub. Məmməd İsmayıl məsələn. Bu suala daha ətraflı cavab verə bilərdim. Demək istəyirəm ki, biz bu əmədaşlıqda çox maraqlıyıq. Həmişə maraqlı mətnləri gözləyirik. Yeri gəlmişkən, sizin də yeni şeirlərinizi görmək istərdik, Səlim.

- Təşəkkür edirəm.

- Yeri gəlmişkən, çoxdandır çap eləmək istədiyim əsərlərin arasında bir povest də var. Düzü, işlərin çoxluğundan redaktəni bitirə bilməmişəm.

- Kimin əsəridir?

- “Bayraqdar” (Ebanoidze elə belə də deyir- S.B.).

- Hə... Bu haqda sual verəcəkdim sizə... “Znamenosets” (mən də rusca deyirəm əsərin adını- S.B.). Siz Elçin Əfəndiyevin povestini deyirsiz. Xatırlayıram, bir 5-6 il əvvəl siz mənə bu əsəri çap edəcəyinizi söyləmişdiniz. Fikriniz də müsbətdi əsər haqqında. Yeri gəlmişkən, bu əsər Qarabağ haqqında, qaçqınlar haqqındadır. Bir az başqa rakursdan. azərbaycanlı qaçqınların kədərli taleyindən danışır. Niyə gecikir əsərin çapı?
"Daş yuxular"a etiraz olaraq Əkrəm Əylislinin kitabları gəncədə yandırılır.

"Daş yuxular"a etiraz olaraq Əkrəm Əylislinin kitabları gəncədə yandırılır.


- Hə, düzdür, Elçin Əfəndiyevin əsəridir. Bu əsəri mən özüm redaktə edirəm. Yəni tərcüməni. Yarısını eləyə bilmişəm. İşlərimin çoxluğundan bitirə bilməmişəm, düzü. Bilirsiz, jurnalın bu illər həyatı çətin olub. Mən də məcbur olub təşkilati işlərlə çox məşğul olmuşam. Öz yaradıcı işlərim də var. Məlumatınız var. Ötən il, mənim də bir romanım çap olundu. 9-cu nömrədə.

- Təbrik edirəm. Məlumatım var. Yəni, 5 il ərzində redaktəni bitirə bilmədiz?

- ...

- Mən Elçin Əfəndiyevin əsərini oxumuşam, çox dəyərli əsərdir. Və bu təkcə mənim fikrim deyil. Həm də ədəbi tənqidin fikridir. Siz də 5-6 il əvvəl bu əsər haqqında yüksək fikirlər demişdiniz mənə. Elə bu barədə soruşmaq istəyirdim. Əsərin tərcüməsi pisdir ki?

- Yox, əsəri çox yaxşı bir tərcüməçi, peşəkar çevirib. Siyavuş...

- Məmmədzadə.

- Bəli. Amma mətn, məncə, bir az ruslaşdırılıb.

- Ruslaşdırılıb? Yəni, dil baxımından deyirsiz yəqin, koloriti nəzərdə tutursuz?!

- Məhz bunu də deyirdim.

- Necə bilirsiz, bədii mətni tarixi sənədlə eyniləşdirmək olarmı? Yaxud bədii mətni faktoqrafiya kimi qəbul etmək olarmı? Və bu, nə qədər doğrudur?

- Bu heç də eyni şeylər deyil. Siz bu sualı ümumiyyətlə veririsiz, ya konkret olaraq “Daş yuxular”ı nəzərdə tutub verirsiz?

- Həm ümumi, həm xüsusi hal üçün verirəm sualı. Bilirsiz, həm bizdə, yeri gəlmişkən, elə Ermənistanda da Əkrəm Əylislinin romanını tarixi sənəd deyibən qiymətləndirənlər var.

- Bu haqda Şillerin dəyərli bir fikri var. Bu və ya digər situasiyanın bədii mətndə verilməsinin dürüstlüyü daha çox subyektdən asılıdır, nəinki obeyktdən. Siz məni anlayırsız da?!

- Əlbəttə, davam edin, zəhmət olmasa.

- Və hər bir sənətkar öz görümündə fərqli nələrisə yazır, deyir, yaza bilər və deyə bilər. Amma fakt, sənəd- bunlar dəyişməz şeylərdir, hərçənd onu da bəzən müxtəlif cür şərh eləmək olur. Bütövlükdə fikrimi belə rezüme edərdim ki, tarixi sənəd və bədii mətn başqa-başqa şeylərdir.
Əkrəm Əylisli

Əkrəm Əylisli


- Mən bu sualı elə-belə vermədim. Romanın jurnal nəşrinə girişdəki redaksiya “ön söz”ündə bu sözlər var: “ Əkrəm Əylislinin roman-rekviyemi- bu, yalnız bədii mətn deyil. Həm də öz xalqının şərəfi və ləyaqəti naminə acı həqiqəti söyləməkdən çəkinməyən, həqiqi vətənpərvər olan yazıçının olduqca cəsarətli bir addımıdır...” Olduqca cəsarətli addım... Acı həqiqət... Necə bilirsiz, bu sözlər əsərin tarixi sənədlə eyniləşdirilmək, bu cür qəbul olunmaq imkanını artırmır? Və bu, nə qədər doğrudur?

- Anlayıram. Ola bilsin bizim söhbətimizin kontekstində sizin iradınız doğrudur. Bilirsiz, bizim romanı oxuyandan sonra gəldiyimiz qənaət, bizdə olan təəssüratlar beləydi ki, hər halda yazıçı öz uşaqlığı, doğma yerləri haqqında danışanda xəyallarına, fantaziyalarına deyil, daha çox o yerlərdə eşitdiyi rəvayətlərə, söhbətlərə, kimlərinsə şahidlik elədiyi hadisələrə əsaslanıb. Ola bilsin, bu söhbətlər də reallığa əsaslanıb.Bunlar ehtimallardır...

- Aleksandr Luarsaboviç, romanın nəşrindən sonra sizə hər hansı zəng, rəsmi və ya qeyri-rəsmi təpki, iradlar olubmu?

- Yox, belə bir şey olmayıb. Bir zəng olub. Təəssüf ki, evdə olmamışam həmin vaxt. Başa düşdüm ki, bu, Alla Axundovadır. Həmin nömrəni sonradan yığsam da, danışa bilmədim Allayla, avtocavablandırıcı bu nömrəyə xidmət göstərilmədiyini söylədi. İstisna eləmirəm ki, Alla bu romanla bağlı danışmaq istəyirdi mənimlə.

- Məlumdur ki, əsər 5-6 il əvvəl yazılıb. O zaman çap olunmayıb, görünür, müəllif belə istəyib.Sonra isə özü çevirib ruscaya. Bu roman ətrafında indi söz-söhbətlər çoxdur. Hərə bir şey deyir: romanın ana dilindən əvvəl rusca nəşr olunması, bütün bu ajiotaj müəllif tərəfindən qabaqcadan düşünülüb, hesablanıb deyənlər var. Beynəlxalq tanınma, Nobel mükafatı və sair hədəfdə olub deyirlər. Bu fikirlərə münasibətinizi bilmək istərdim.

- Yox, mən bu fikirləri bölüşmürəm. Hesab edirəm ki, Əkrəmin Nobel komitəsinin favoritləri sırasına düşmək, və ya beynəlxalq nüfuz kimi hər hansı uzaq bir hədəfi olmayıb. Buna inanmıram.

- Sizə əsər nə vaxt təqim olunub?

- Ötən yayda.

- Anladım. Çox sağ olun cənab Ebanoidze.

Səlim Babullaoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG