Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:45
-

Könül Həsənqulu


SOL ÇİYNİNDƏ QARĞA GƏZDİRƏN QIZCIĞAZ

(Solçu nəğməsi)
Sesar Valyexo üçün...


1
Bir addımlığında dayanmışam küçənizin
Küçəniz
Bir addımlığındadır küçəmin

Bir özüm bəs etdim küçəmin
Sizin küçənizə qədər uzanmasına
Bir də kipriklərindən məzarlıqlar asılan gözlərim

2
Əlindən tutuduğum yanımdakı bu balaca qız
Uşaqlığımdır, senyor Valyexo, tanış olun
Ancaq Siz ona diqqətlə baxmayın...

Utanır
Üst-başı zığ-palçıqdır
Köynəyinin dirsəkləri də
Atasının dağılmış pencəyinin cod parçasıyla yamaqlanıbdır
Hələ Sizə deyim alnındakı çapıqdan o, necə utanır
Çapıq kərpic zərbəsindən qalıb
Kərpicsə
Qonşuluqda uçurtduğu köhnə evdin divarından aşıb

Bu qızcığaz evciklərlə deyil, evlərlə oynayıb –
Qurub, tikib və sonra “babaaax!” dağıdıb...
Küçəsini
Sizin künənizə qədər uzadıb...
Üst-başının kiri və dizlərinin yarası da bu adətindən qalıb

3
Heç kim qalmayıb arxada
Bircə onunla ikimizik əl-ələ tutub baxırıq işıqfora

İşıq qırmızıdır!
O da bizim kimi yolayrıcındadır –
Kommunizmdən kapitalizmə keçməyib hələ də...

Bir əlimi bərk-bərk sıxan bu inadkar qızcığaz
Pişik balası kimi sol tərəfimi cırmaqlayır
Deyin
Axı hansı tərəfə addım ata bilərəm mən bu ətalətlə?!

4
Küçəniz
Bircə addımlığımdadır
Küçənizə keçmək
Yanımdakı körpənin bircə anlıq əl boşluğundadır

Senyor Valyexo, çoxdandır ağlımda bir sual dolaşır
Söyləyin

Bakirə və yorğun-bulanıq gözləriylə
Günəşin doğmasına baxan qoca rahib Santyaqo öləndə
Əlindən xaç boşalıb-düşdü, bunu təxmin edirəm
Fəqət sonra yaxasından yapışdımı Tanrının o, həmin əllə?!

Sizi bilmirəm
Ancaq ki mən
“Ölərkən insanın xasiyyəti də dəyişir” deyə düşünürəm...

5
Burda bir fahişə vardı. Adı nə Donna nə də Viktoriaydı
Onun söyüşlərindən qonşular qulaqlarını tutardı

Qonşular öldü...
Söyüşlər qulaqlardan yetim qaldılar havada
Küləyin ətəyindən yapışıb-dolaşdılar o başa-bu başa
Və onları duyan
Yolkənarı addımlayan sakinlər hərəsi öz ünvanına bir pay götürdü

Sakinlər öldü
Ağaclardan asıldı söyüşlər hopdular yarpaqlara

Yarpaqlar töküldü
Söyüşlər payızın nəm torpağını öpdü
Torpaqla qucaqlaşıb eləcə getdilər torpağın canına

Sonra fahişə öldü
Basdırdılar onu söyüşlərinin qoynundaca

6
Əvvəl
Şən dostlarım vardı uşaq bağçasında
Sonra hər şey dəyişdi!
Anam gəldi dalımca
Anası gəldi dalınca
Analar gəldi övladlarının dalınca
Uşaqlar öldü...

Sonuncu dəfə mən bağçadan çıxanda
19 uşaq və 2 tərbiyəçi vardı sinif otağında
Anamın əlindən tutub mən qapıdan adlayanda
Qapının arasında 21 nəfər əzilib-öldü!
Biz ordan uzaqlaşdıqca
Onlar get-gedə zəifləyən səslərilə keçinirdilər qulaqlarımda...

Bilmirdim
Haçansa yenidən geri qayıdıb həyat verəcəyəmmi mən onlara?..

Və ya
Cəsədlərindəncə yaranan həşəratlarla
Gəmirilmiş olacaqlarmı mən qayıdana?..

7
Böyüdüm...
Mən böyüdükcə ağaclar kiçildi
Divarlar alçaldı
Boyum uzandı...

Boyum elə uzandı ki
Damlarda boşluqlar yarandı evlərə yağışlar damdı
Qırmızı bayraqlar üç rəng aldı
Önünə çiçəklər qoyduğum heykəllər aşırıldı
Heykəllər daha çox
Barmağıyla burnunda qurdalanan və kirli dırnaqlarını
Çeynəyib gülən uşaqların gözləri önündə aşmaqdan utanırdı

Sonra
Gözüqıyıq çinlilər əllərindəki texkini oyuncaqlarını ölkəmə dağıtdı
Kağız məktublar sandıqlarda saraldı...

Anlayacağınız qədər mən böyüyənə uşaqlığımdan heç nə qalmadı
Elə bu məktubu da Sizə həmin oyuncaqlardan birində yazıram
Və yazdıqca düşünürəm ki “yazmaq” sözünü başqa məsdərlə əvəz etmək lazımdı

8
Böyüdükcə böyüdüm! Elə böyüdüm ki qonşular öldü
Qohumlar öldü
Məni böyüdən əllər öldü

Bütün ölülərdən qaçıb-sığındığım kişi – sevgilim öldü...
Sevgilim öldü bir fahişənin qollarında

Elə o andan salındı məzarlıqlar, senyor Valyexo!
Qadınlar öldü!..
Qadınlar öldü yeniyetmə yaşlarında
Qadınlar öldü...

Qadınlar öldü orta yaşlarda
Qadınlar öldü...

Qadınlar öldü qırmızı dodaq boyasıyla...
...zəhərlədilər ürəyimdəki kişini...
Zəhərləndi ürəyim
Ürəyim öldü...

Sinəmdə sol tərəfdəki boşluğa qərənfillər düzürəm indi...

Bir kişinin qollarında
Qucağında
Bir qəbiristanlıq qadın öldü müxtəlif yaşlarda
Müxtəlif saç düzümündə
Müxtəlif çəkidə
Boyda...

Fəqət hamısı eyni ədada öldü!

Məzarlıqlar...
Məzarlıqlar necə də darıxdırıcıdır, senyor Valyexo, məzarlıqlar!..
Məzarlıqlar sinəmdə salınıblar...
Və yenə qarğalar...
Başımın üstündən dağılmır qarğalar...
(Lənətə gəlsin “şizofreniya” termini! Qarğalar ölülərin qoxusuna yığışırlar!)

Nəyimə gərəkdir bu çiçəklər-ağaclar
Xoş niyyətli insanlar nəyimə gərəkdir?..
Nəyimə gərəkdir doslar?!
Nəyimə gərəkdir payız
Qış
Yaz
Yay?..

Nərdivanın altında
Sarılıb boynuna sığallayıram bu qayğısız qızcığazın daraqsız saçlarını
O isə məni elə hey qınayır:
“Mən daha böyük savaşların qadınıyam” deyə pıçıldayır
Və dayanmadan
Sol əlimi bərk-bərk cırmaqlayır...

Günün bütün mövzuları

XS
SM
MD
LG