Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:33

Heydər Əliyev Mərkəzində 6 ay işlədib pulunu vermədilər


Foto: Arxiv
Foto: Arxiv
-
Cəmil Ağayev Yardımlının Siləvəngə kəndində yaşayır. Ali təhsilli müəllimdir. Siləvəngə kənd məktəbində riyaziyyat-fizika müəllimi işləyir. Deməsinə görə, müəllim maaşı yetmədiyi üçün uzun illərdir ki, həm də mövsümi işlərlə məşğul olur. Ötən ilin sonlarında rayonda inşa olunan Heydər Əliyev Mərkəzinin elektrik və işıqlandırma işlərini öhdəsinə götürüb. «Qaynar xətt»ə şikayəti isə bundan ibarətdir ki, mərkəzdə və mərkəzin qarşısındakı parkda işləri bitirəndən sonra rayon icra hakimiyyəti ödəməli olduğu zəhmət haqqına görə onu get-gələ salıb:

«Əslində mən heç vaxt rayonda iş götürmürdüm. Çünki əvvəllər də dəfələrlə olub ki, məmurlar mənə elektrik işləri gördürüb, aylarla zəhmət haqqına görə arxalarıyca süründürüblər. Bu dəfə isə düşündüm ki, Heydər Əliyev Mərkəzidir, elə-belə yer deyil, necə də olsa, Heydər Əliyevin adını daşıdığına görə aldatmazlar, əməkhaqqımı kəsməzlər. Belə razılığa gəlmişdik ki, 1800 manat Mərkəzin, 1800 manat isə parkın işlərinə görə ödəyəcəklər. İşlərimi başa çatdırmağa az qalmış – bu ilin aprel ayında dedilər ki, daha sənin işinə ehtiyac yoxdur. Dedim ehtiyac yoxdur, başa düşdüm, onda qalan 700 manatımı verin, çıxım gedim. O gün-bu gün, düşüb qalmışam qapılarında».

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ QARA İŞÇİ QRUPU?

Cəmil Ağayevin dediyinə görə, rayon icra hakimiyyəti ona elektrik işlərini müqaviləsiz gördürüb:

«Orda tək mənimlə yox, başqa fəhlələrlə də müqavilə bağlanmamışdı. Hamımız qara fəhlə kimi işləyirdik. Mən pulumu tələb etmək üçün icra başçısının qəbuluna da getmişəm. Arxayın etdi ki, heç kəsin haqqı yeyilə bilməz. Baş memara tapşırıq verdi ki, bu kişinin haqqını verib yola salın. Memar «baş üstə» desə də, başçının dedikləri elə orda qaldı. İndi də nə vaxt zəng vururam, məni təhqir edib telefonu söndürür».

YANĞIN OLA BİLƏR

Cəmil Ağayev deyir ki, Mərkəzdə hazırda işıqlandırma işləri təhlükəlidir:

«Pulumu verməmək üçün məni ordan uzaqlaşdırdılar. Ancaq başa düşmürlər ki, orda çox işlər yarımçıq qalıb. Məndən sonra isə bəzi işləri kor-koranə görüblər, işıqlandırma vəziyyəti təhlükəlidir, istənilən anda yanğın baş verə bilər. Fövqəladə Hallar Nazirliyinə də məktub hazırlamışam ki, orda hər hansı hadisə baş versə, məsuliyyəti mənlik deyil. Çünki mənim əlimdən işləri yarımçıq alıblar».

Yardımlı rayon İcra Hakimiyyətindən bildirdilər ki, başçı məzuniyyətdən qayıtdıqdan sonra Cəmil Ağayevlə əlaqə saxlayıb zəhmət haqqı məsələsinə bir daha aydınlıq gətirəcəklər. Heydər Əliyev Mərkəzində işçilərin müqavilə əsasında çalışdıqlarını dedilər. İşıqlandırma işlərində təhlükə ilə bağlı deyilənlərə gəlincə, bildirdilər ki, bu işlərə mütəxəssis nəzarəti olduğuna görə təhlükədən söhbət gedə bilməz.
XS
SM
MD
LG