Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:16

«Polisin qohumu ilə mübahisəm narkotiklə bitdi»


Arxiv foto
Arxiv foto
-

«Keçən il martın 27-də banka pul ödəməyə getmişdim. Maşınıma minib, geri qayıdanda yol kənarında dayanmış üç nəfər əl işarəsi ilə maşını saxlatdılar. Maşından düşdüm, mənə çatan kimi əllərimi qandalladılar, özlərini təqdim etmədən, heç nə demədən, öz maşınlarına mindirib polis şöbəsinə apardılar. Ora aparılmağımın səbəbini bir neçə saat döyüləndən sonra dedilər. Guya mən kiməsə «narkotika» satmışam».

Şəki sakini Tərlan Əhmədov «Qaynar xətt»ə Şəki şəhər-rayon polis şöbəsinin işçiləri tərəfindən şərləndiyini deyir:

«Polisə aparılmamışdan bir neçə gün əvvəl polis şöbəsində işləyən Habil Saatovun qohumu ilə mənim aramda dava-dalaş olmuşdu. Başa düşdüm ki, bu yolla məndən qisas alırlar. Cibimdən «narkotika»nı da elə Habil Saatov çıxartdı. Özlərinin təyin etdikləri vəkilin və hal şahidi kimi çağırdıqları iki nəfərin gözü qarşısında cibimdən kibrit qutusu çıxartdı, dedi, bu sənindir. Bildirdim ki, kibritdən istifadə etmirəm, alışqandan istifadə edirəm. Bu kibrit qutusunu isə özünüz cibimə atmısınız».

«DEDİKLƏRİ ÖZÜNÜMÜDAFİƏ XARAKTERİ DAŞIYIR»

Tərlan Əhədovun sözlərinə görə, istintaq orqanı əvvəlcə onu narkotik satmaqda təqsirləndirmək istəyib. Bu, baş tutmadıqda narkotik saxlama maddəsi ilə təqsirləndirilib.

Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə Tərlan Əhmədovun dediklərini təkzib edib:

«Şəki ŞRPŞ-nin baş əməliyyat müvəkkili Habil Saatovun qohumu ilə dalaşdığına görə şərlənərək tutulması, qolları qandallı halda Şöbəyə gətirilərək, döyülməsi barədə dedikləri həqiqətəuyğun deyil. Məhkəmə prosesi ərəfəsində özünümüdafiə xarakteri daşıyır. Onun dedikləri barəsindəki cinayət işinin istintaqı zamanı ekspertiza rəyləri, şahid ifadələri ilə təkzib olunur. Onu da bildirim ki, Tərlan Əhmədov 3 il əvvəl də eyni xarakterli cinayət əməlinə görə Şəki rayon məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu ilin sentyabr ayının əvvəllərində məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb».

Qeyd edək ki, iyunun 4-də Şəki rayon Məhkəməsində Tərlan Əhmədovun məhkəməsinə hazırlıq iclası keçirilib. Onun vəkili Elmar Süleymanov məhkəmə qarşısında vəsatət qaldırıb ki, ibtidai istintaq xeyli qanun pozuntuları ilə keçdiyinə görə, iş istintaqa qaytarılmalı və təkrar istintaq aparılmalıdır:

«Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə aparılan istintaqın müddəti qanunvericilikdə maksimum 9 ay olduğu halda, istintaq 1 il 2 ay, həm də qanun pozuntuları ilə keçib. Ekspertiza rəyinə görə, Tərlan Əhmədovun cibindən çıxmış kibrit qutusunda onun özünün əl izləri aşkar olunmayıb. Narkoloji dispanserin rəyinə görə isə, Tərlan Əhmədovun qanı müayinədən təmiz çıxıb və onun narkotik istifadəçisi olduğu təsdiqlənməyib. İstintaq orqanı bunları nəzərə almamaqla, qanun pozuntularına yol verib».

İyunun 18-də hakim vəsatətlə bağlı qərarını açıqlayacaq.
XS
SM
MD
LG