Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:16

Sərəncam ola-ola mağaza tikə bilmir


Foto: Arxiv
Foto: Arxiv
-
«Mağazamız vardı. Avtomobil hissələri satışı ilə məşğul olurduq. 5 ay əvvəl mağazanı yanındakı maşınqayırma zavodu ilə birlikdə sökdülər. İndi nə kompensasiyamızı ödəyirlər, nə də özlərinin sərəncamla bizə verdikləri yeni torpaq sahəsində mağaza tikməyə qoyurlar».

«ƏVVƏL SƏRƏNCAM VERDİ, SONRA DEDİ OLMAZ»

Yenə kompensasiya davası, yenə yer davası. Bu dəfə Şəmkirin Zəyəm qəsəbəsində.

«Qaynar xətt»ə şikayət edən Amin İskəndərov deyir ki, 200 kvadratmetrə yaxın sahəsi olan mağazası söküləndə, rayon icra hakimiyyətinin sərəncamı ilə qəsəbənin başqa yerində yenisinin tikintisi üçün torpaq sahəsi ayrılıb. İskəndərovlar da əl-qollarını çırmayıb başlayıblar yeni mağaza tikməyə:

«Verdikləri yerin 160 kvadratında ayrı, 80 kvadratında da ayrı zirzəmi qazdırdıq. Sabahı gün gəlib gördük ki, icra hakimiyyətinin işçiləri tökülüb zirzəmiləri torpaqla, daş-kəsəklə doldururlar. Əlimizdəki sərəncamı göstərdik ki, bu yeri zəbt etməmişik, sökülən mağazamızın əvəzi olaraq başçı özü bizə rəsmən ayırıb. Dedilər, elə başçının göstərişidir ki, burda tikmək olmaz. Sonra bizə qəsəbədə yeni yaşayış məhəlləsi salınan bir yerdən sənədsiz bir torpaq sahəsi verdilər ki, mağazanızı burda tikin. Razılaşmadıq, çünki həmin ərazi maşın hissələrinin satışı üçün əlverişli deyildi. Belə olanda üçüncü yeri təklif etdilər. Bu yer qəsəbənin dəmiryolu ərazisində idi. Orda da dəmiryol işçiləri imkan vermədilər. Bizim əlimizdə sənəd olmadığına görə tikinti apara bilmirik. Bir sözlə, 5 aydır başımıza ip salıb oynadırlar və 5 aydır ailəmiz ac-susuz qalıb. Çünki o mağaza bizim yeganə qazanc mənbəyimiz idi».

«İCRA HAKİMİYYƏTİ BİZİ ADAMLARLA ÜZ-ÜZƏ QOYUB»

Amin İskəndərovun dediyinə görə, hər dəfə tikinti işlərinə başlamaq istəyəndə, dəmiryol işçiləri ilə aralarında mübahisə düşür və əraziyə polis çağırılır:

«Vallah bezmişik, biz haqqımızdan artığını tələb etmirik. Qanunla bizə düşən yeri istəyirik ki, mağazamızı tikib başımızı aşağı salıb bir tikə ruzimizi qazanaq. Qalmışıq polisin, adamların əlində. İcra hakimiyyəti bizi adamlarla üz-üzə qoyub».

«İskəndərovların əllərində qanuni sərəncam ola-ola niyə tikinti apa bilmirlər» sualını Şəmkir rayon İcra Hakimiyyətindən belə cavablandırdılar ki, həmin ərazi Bakı-Qazax magistralı istiqamətindən qəsəbənin girişi hesab olunur. Mağazanın tikilməsi üçün ayrılmış sahədə işıqlandırma sistemləri quraşdırılacaq. Tikilinin ərazinin görünüşünə xələl gətirəcəyini nəzərə alaraq başçı tikintiyə icazə vermir. Sərəncama gəlincə, rayon icra hakimiyyətindən başçının belə bir sərəncam verdiyini təkzib etdilər.
XS
SM
MD
LG