Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:15

Salyanda Kəmaləddin Heydərovun jurnalistlərin gözündən uzaq qəbulu…


Nazirlə görüşmək arzusunda olanlar
Nazirlə görüşmək arzusunda olanlar
-

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov iyunun 14-də Salyan şəhərində vətəndaşları qəbul edir. Qəbula Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlər gəlib. Onların əksəriyyəti bir neçə gün əvvəldən Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin inzibati binasına gələrək, qeydiyyatdan keçiblər. Uzaq yerlərdən gələnlərdən bəziləri ötən gecəni Salyanda gecələyib.

NAZİRLƏ GÖRÜŞƏ KİMLƏR GƏLİB?

Səhər açılandan Mərkəzin qapısı qarşısına şikayətçilərin axını başlayıb. Qəbula gələnlərin əksəriyyəti yaşayış evləri 2010-cu ildə bölgədə baş verən təbii fəlakətin təsirinə məruz qalanlardır. Nazirlə görüşə gələnlər arasında özünə iş axtaran gənclər, ahıl insanlar, xəstələr və əlillər də var. Əvvəlcədən qeydiyyatdan keçməyənlər mərkəzin dəmir tordan çəkilmiş hasarının önündən keçən Akkuşaçayın bu tayında qalıb. Onların da sayı bir neçə 100 nəfərdir.

Emil Məmmədov
Emil Məmmədov
Jurnalistlər və vətəndaş cəmiyyəti təşkilatları qəbulun keçirildiyi yerə buraxılmayıb. Salyanda fəaliyyət göstərən «Demokratiyaya yardım» ictimai birliyinin sədri Emil Məmmədov da «hasarın bu tayında» qalanlardandır. O, bu vəziyyəti hökumətin şəffaflıqdan çəkinməyinin göstəricisi hesab edir:

«SİZİN BU GÖRÜŞDƏ İŞTİRAKINIZ MÜMKÜN DEYİL»

«Təşkilatımız 2003-cü ildən bəri Kür daşqınlarının monitorinqini apardığından deyə bilərik ki, bu sahədə ixtisaslaşmışıq. Qəbulu müşahidə etməmizə şərait yaradılması üçün dünən FHN-in Muğan Regional Mərkəzinə rəsmi qaydada müraciət etmişəm. Amma idarədən bizə nə «hə», nə «yox» dedilər. Bu gün isə cavab verdilər ki, sizin bu görüşdə iştirakınız mümkün deyil. FHN gah mülki qurum kimi çıxış edir, gah da, özlərinə lazım olanda, hərbiləşdirilmiş quruma çevrilir. Əslində onun üzərinə bu qədər məsuliyyət götürməsi də düzgün deyil».

Qəbulun təşkilinə FHN-in geniş kontingenti cəlb olunub. Onların arasında digər güc strukturlarının, yerli icra hakimiyyəti orqanlarının məsul vəzifəli şəxsləri də var. Naziri qarşılayanlar arasında Salyanın sabiq icra başçısı, Milli Məclisin deputatı Əliağa Hüseynov da var idi.

QƏBULDA TƏCİLİ YARDIM ZƏRURƏTİ

Nazirlə görüşə gələnlərin sayı 500 nəfərdən çox idi. Onlardan təxminən 300 nəfəri əvvəlcədən qeydiyyatdan keçənlər idi. Qəbuldan çıxanlar deyirdi ki, içəri buraxılanlar FHN-in Regional İdarəsinin inzibati binasındakı müxtəlif otaqlara yönləndirilib, sonra hər otağa FHN-in hansısa məmuru gəlib.

Qəbula gələnlərdən birinin - Sabirabad rayonunun Meyniman kənd sakini Leyla Yaqubovanın qəfildən halı pisləşib. Dərhal qəbul keçirilən yerə «təcili yardım» çağırılıb.

Qəbuldan çıxanların əksəriyyəti narazılıq edirdi. Onların heç biri nazirlə görüşə bilməmişdi. Vətəndaşlar bildirirdilər ki, ərizələrini FHN işçiləri qəbul edib, onları tələm-tələsik yola salıblar. Qəbulla bağlı narazılıqlarını AzadlıqRadiosu ilə bölüşmələri FHN işçilərinin qəzəbinə səbəb oldu və bizi kobud şəkildə ərazidən kənarlaşdırdılar. Bu səbəbdən tədbiri axıradək izləmək mümkün olmadı.
XS
SM
MD
LG