Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:26

Səlim Babullaoğlu yeni kitabını təqdim edəcək


Səlim Babullaoğlunun kitabı
Səlim Babullaoğlunun kitabı
-

Şənbə günü, iyunun 15-də, saat 14.00 İçərişəhərdə Müasir İncəsənət Mərkəzində Səlim Babullaoğlunun “Polkovnikə heç kim yazmır” şeirlər kitabının təqdimatı və imza mərasimi keçiriləcək.

Şairin öz dilindən şeirləri dinlənəcək, oxucuların sualları cavablandırılacaq.


Bütün maraqlananlar dəvətlidir!

Ünvan: İçərişəhər, Qüllə küçəsi 15 (Qoşa Qala qapısından Qız Qalasına gedən yolda, Karvansaraya çatmamış, sağ tərəf)


S.Babullaoğlu Virtualaz.org-a müsahibəsində yeni kitabından danışıb:


- Eyni kitabın təkrar nəşrinə nə ehtiyac vardı?

- Siz yəqin 3 il əvvəl “525 kitab seriyası”ndan çap olunan kitabı nəzərdə tutursunuz. Amma indiki,- bu, təkrar nəşr deyil,- fərqli nəşrdir. 3 il əvvəl “525 kitab seriya”sından eyniadlı kitab nəşr olunmuşdu, düzdür. O kitab, lap dəqiq desəm, kitabça seriyanın bütün digər kitabları kimi məhdud səhifə sayına malik idi, 56-60 səhifə arasında idi. Və mən 3 il əvvəlki variantda kitabı 3 ay əvvəl nəşr etdirsəydim, siz deyən olacaqdı, siz deyən kimi bu olacaqdı təkrar nəşr. Bu kitab isə eyni adı daşısa da başqa formatdadır, dizaynı bambaşqadır, həcmcə iki dəfə böyükdür. Mündəricə başqadır.

Bilirsiniz, mənim elə şerlərim var ki, misraları uzundur, kitabın dizaynı vaxtı formata uyğun gəlsin deyə şerlərdə misraların süni şəkildə bölünməsi məni ciddi şəkildə hirsləndirirdi.

Yəni əvvəlki nəşrdə. 3 ay əvvəl nəşrini saxladığım kitab da əslində bir ay əvvəl nəşr olundu, artıq bütün tirajın içi vurulmuşdu, səhifələnmişdi, hətta 60-70-i üzlənmişdi, mənə verilmişdi də.

Gecə oxudum, gördüm xeyli orfoqrafik səhv var və sair və ilaxır. Sabahı nəşriyyata dedim ki, çap olunmuş nüsxələri doğrasınlar, təkrar nəşr olunsun. Ümumiyyətlə, bu kitab başıbəlalıdır. Düzünü deyim də, kitabın pulu 8-9 ay əvvəl köçürülmüşdü, amma mən mətbəədən xahiş eləmişdim ki, kitabın nəşrini müvəqqəti saxlasınlar, çünki bir problem vardı, bir kitab çap olunmalı idi, mənim kitabım deyildi, o adama kömək eləmək lazımdır, mən o pulun əsas hissəsini mətbəədən götürüb həmin adama verdim.

Yəni borc kimi yox, eləcə verdim, hesab elədim o kitab daha vacibdir. Sonra isə yavaş-yavaş o pulun bir hissəsini mətbəəyə təkrar ödədim, onlar da kitabı çap elədilər.

Düşünürəm ki, qalan hissəni də satışdan sonra ödəyəcəyəm. Bilirsinizmi, mənim vəziyyətim dərzilər kimidir, hamını bəzər, öz lüt gəzər. Nə isə, bu başıbəlalı kitab yenidən nəhayət ki, nəşr olundu. Amma nəticə budur, iki gün əvvəl mənə təhvil verilən kitab, tiraj mənim ürəyimcədir.

- Neçə kitabınız nəşr olunub?

- Yəqin şer kitablarını nəzərdə tutursunuz. Xaricdə nəşr olunan 5 kitabı saymasaq ana dilində 4 kitab nəşr olunub. 17 il əvvəl “Tənha” adlı şerlər və hekayələr. 2009-da “İlyas Göçmənin şəkil dəftəri”, 2010-cu ildə “525 kitab seriyası”ndan məlum kitabça və indiki “Polkovnikə heç kim yazmır”. Amma məncə, bu, mənim ikinci kitabımdır. Çünki ilk kitab peşəkar mənada uğursuzluqdu, eklektikdir, tələskəndir, əlbəttə, bioqrafiya kimi danmıram. Düzdür, orda çoxlu diqqətəlayiq şeylər də vardı. Amma daha çox məşqdir həmin kitab. Bir də həmin kitabın çox ciddi qüsuru vardı. Mən o kitabı öz hesabıma çap elətdirmişdim.
Səlim Babullaoğlu
Səlim Babullaoğlu

- Bu, qüsurdur ki?

- Hə, bu, çox ciddi qüsurdur, ciddi məqamdır.

- Niyə?

- Bu haqda danışmayaq.

- Bəs sonrakı kitablar, öz hesabınıza nəşr olunmayıb?

- Yox, mən yalnız bir dəfə öz hesabıma kitab nəşr elətdirdim. Bu da 17 il əvvəl olub. 3 il əvvəl nəşr olunan kitab isə, yenə deyirəm, seriyanın formatlarına uyğunlaşdırılmışdı, redaktə səhvləri və sairə çoxdur. Mən öz mətnlərimi heç oxuya bilmirəm. “İlyas Göçmənin şəkil dəftəri” və indiki kitabə nəzərə alsaq, mənim iki kitabım var.

- Bəs “On”, “Kapelhausda bir axşam”?

- Onlar kitab yox, daha çox art-proyektlər idi. Birinci Elxan Zalla birgə, ikinci isə Elçin Hüseynbəyli və Elxan Zalla birgə icra olunan proyektlər idi. O proyektlər zamanı adamlara paylamaq üçün nəzərdə tutulan broşürlərdi. Bioqrafik məlumatlarda o adların qeyd olunması qətiyyən çoxlu kitabı çıxmış kimi görünmək istəyi yox, sadəcə tərcümeyi-hala sədaqət duyğusundan irəli gəlib. Vəssalam. Yəni belə deyək də, mənim bir-birini təkrarlamayan, məni qane edən iki şer kitabım var.

- Az deyil?

- Yəni?

- Sanki haqqınızda səs-küy çoxdur, amma kitab az.

- Səs-küy... Deməzdim.

- Sizi şair kimi məhsuldar hesab eləmək olar?

- Düzü, heç bilmirəm nə deyim. Bir şeyi dəqiq bilirəm ki, son illər mənim öz yazılarıma, özüm üçün mütaliəyə çox az vaxtım qalır. Bu da məni əsəbiləşdirir. Şikayət deyil bu, reallıqdır. Qaldı ümumiyyətlə məhsuldarlıq məsələsinə, bu ifadə nədənsə məndə sənaye, iqtisadiyyat termini kimi görünür. Bir misal deyim. Krakovda ədəbiyyat üzrə Nobel mükafatçısı Miloşun evini ziyarət edəndə, mənə onun bircildlik “bütün şerlər” kitabını hədiyyə elədilər. 93 il yaşamış, 17 yaşından yazmağa başlamış şairin bütün şerləri 1000 səhifədən bir az artıq idi. Bu 76 il yazmış bir şairin təcrübəsində ildə 13-14 səhifə deməkdir. Yəni ildə 10-12 şer deyək. Bu məhsuldarlıqdırmı, deyilmi, bunu qoy, hərə özü üçün müəyyənləşdirsin. Yalnız onu deyə bilərəm ki, Miloş şair kimi çox uğurlu nümunədir, örnəkdir.

- Niyə öz hesabına kitab çap eləməyi qüsur bilirsiniz?

- Bilirsinizmi, mənim gənc ikən həmişə müəllimə ehtiyacım olub. Amma müəllimim olmayıb. Bu çox pisdir. Bir də baxdım ki, artıq gecdir, artıq mənim yanıma məsləhətə, öyrənməyə gəlirlər, saçlarım da ağarıb. İndi mən həmin o gənc adamlara söz deyəndə bunu bir az da o vaxt müəllim axtaran Səlimə, özümə deyirəm. Ona görə çalışıram, həmin adamlara yalan danışmayım, yəni özümü aldatmayım. Nə təqdir edəndə onların istedadlarını şişirdim, nə də irad edəndə qəlblərinə dəyim. Bunlar təhlükəli şeylərdir. Və elə indi onlara deyirəm ki, qoy, öz hesablarına kitab çap eləməsinlər. Çünki öz hesabına kitab çap eləmək - “kitabım çıxdı!” demək üçündür, kitabın öz-özünü ərsəyə gətirməsi bu artıq ədəbiyyat üçündür. Bəzən bu əbədiyyət üçün də ola bilir.

- Bəs sizin kitab nə üçündür: ədəbiyyat, ya əbədiyyət?

- Ədəbiyyat üçün.

- Çağdaş şerimizi izləyə bilirsiniz?

- Əlbəttə. Mütləq.

- Ad çəkmək istəmirsiniz?

- Bu dəfə qalsın, gəlin qeybət eləməyək.

- AYB-dəki son istefalar haqqında nə düşünürsünüz?

- Düşündüklərimi bölüşmüşəm. Qismətlə, Rəbiqə ilə, Elnazla. Yəni kiminlə söhbət eləmək imkanım olubsa, demişəm.

- Kitabınızın uğuruna inanırsınızmı?

- Uğur sözü mənim bu kitabım üçün uyğun deyil indiki halda. Çünki həmin kitabdakı şerlər mətbuatda çap olunub. Yəni peşəkarların münasibətini bir azca bilirəm.

- Hər halda bir az qabaq dediniz ki, kitab ürəyinizcədir.

- Mən məzmunu demirdim, bu haqda hər bir oxucunun öz fikri ola bilər. Yalnız onu deyim ki, bu kitabda şerlərin sırası təsadüfi deyil. Son üç şerlə mən həyatımın bir əsas mərhələsinə xitam verdim. Və təkcə həyatımın yox.

Tural Balabəyli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG