Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:49
-
Diplomatik qalmaqal üzündən Çexiya şirkətləri Azərbaycan bazarını itirmək təhlükəsi ilə üzləşiblər.

Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadənin Çexiyanın Denik.cz portalına müsahibəsi:

- Çexiyanın Xarici İşlər naziri Karel Schwarzenberg Azərbaycanı «Ailə diktaturası» kimi təqdim edib. Belə bir bəyanatın 2 ölkənin münasibətlərinə təsiri olubmu?

- Söhbət yalnız bu bəyanatdan getmir. Hamı, o cümlədən xarici işlər naziri dilindən nəsə qaçıra bilər. Amma o, Yerevanda Xocalı qətliamını «müharibədə belə şeylər baş verir» deyə şərh edəndə, görürsən ki, bu, Azərbaycana qarşı bir kampaniyadır. «The One World» film festivalı Azərbaycan haqda sənədli filmlə açıldı. Həmin festivalın Çexiya səfirinin himayəsi ilə Brüsseldəki davamı da eyni filmlə başladı. Bütün bunlar Çexiyanın Azərbaycana qarşı qərəzli mövqedə olması haqda stereotiplər yaradır.

- Bu Sizi təəccübləndirir?
- 2008-ci ildə Azərbaycana səfər edən cənab Schwarzenberg bəyan etdi ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır. Tərəfdaşlar arasında isə belədir ki, sözün olanda gərək onu birbaşa üzə deyəsən, media vasitəsilə tərəfdaşın arxasınca danışmayasan. Mənim cənab Schwarzenberg-ə bir insan və bir peşəkar kimi hörmətim var idi, ona görə də onun dedikləri mənim üçün gözlənilməz oldu.

- Avropa Şurası, Avropa komissarı Štefan Füle, eləcə də «Amnesty International» kimi qeyri-hökumət təşkilatları Azərbaycanı tənqid edirlər. Yəni, xarici işlər naziri Schwarzenberg-in sözlərində az da olsa həqiqət yoxdurmu?

- Mən demirəm ki, hansısa tənqidlərin əsası yoxdur. Keçmiş prezident Heydər Əliyev demişdi ki, demokratiyanı dükandan almaq olmaz, gərək tədricən, addım-addım formalaşsın. Lakin cənab Schwarzenberg-in Azərbaycana səfərindən 5 il keçib və heç bir nüfuzlu beynəlxalq təşkilat bu müddət ərzində Azərbaycanda vəziyyətin pisləşdiyini demir. Elə isə necə olur ki, biz bu dövr ərzində strateji tərəfdaşdan diktaturaya çevrilirik? Məncə, bizim yaxşı qanunlarımız var, bunu hətta qeyri-hökumət təşkilatları qeyd edirlər. Ola bilər ki, bizim bu qanunların həyata keçirilməsində hansısa problemlərimiz var, lakin Avropa komissarının bu haqda bəyanatı kəskin deyildi. Bundan başqa, hətta Çexiyanı Avropa Birliyi kəskin tənqid edir, azından yerli qaraçılara qarşı yeritdiyi siyasətə və ya cinsi təcavüz törədənlərin axtalanmasına görə. Ona qalsa, hamını tənqid etmək olar.

- Çexiyanın tənqidləri biznes əlaqələrinin kəsilməsi ilə nəticələnə bilərmi?

- Mənim Azərbaycan şirkətlərinin nümayəndələri, Çexiya Respublikası ilə iqtisadi əlaqələrə məsul olan rəsmilərlə söhbətlərim olub. Bu müzakirələr Çexiya firmaları üçün təhlükəli məcraya yönəlir. Bəzi şirkətlər artıq bunu hiss edir. Bakıda ehtiraslar səngiyəndən sonra yeni bir durum yaranacaq. Mən vəziyyəti üstü qarsaqlanmış yaraya bənzədərdim, qartmağı qoparmaqla yaranı sağalda bilməzsən. Mən həmişə Çexiyanı müdafiə etmişəm, lakin bir hədd var ki, mən onu aşa bilmərəm.

- Ola bilərmi ki, neft təchizatı azalsın?

- Heç nəyi istisna etmək olmaz, lakin mən bu qədər uzağa getməzdim. Çexiya Respublikasında fəaliyyət göstərən Azərbaycan şirkətlərində yüzlərlə, bəlkə də minlərlə adam işləyir. Biz niyə bu iş yerlərini təhlükəyə qoyan vəziyyətə düşməliyik?

- Lakin Azərbaycan müxalifəti də təqiblərdən şikayət edir və iddia edir ki, bu, bir diktaturadır.

- Bu, sadəcə olaraq prezident seçkiləri ilə bağlıdır. Ölkə o qədər inkişaf edib ki, müxalifət əlində sonuncu fürsət olduğunu hiss edir. Növbəti seçkidən sonra iqtisadi və sosial islahatlar nəticəsində şikayət üçün demək olar ki, səbəb qalmayacaq. Odur ki, müxalifəti başa düşürəm, başa düşmədiyim Praqadan gələn bəzi rəsmi bəyanatlardır. Xarici işlər naziri də qeyri-hökumət təşkilatları və müxalifət ilə eyni tonda danışırsa, burada əlavə şərhə ehtiyac yoxdur.

- 1969-cu ildə sabiq prezident Heydər Əliyev hakimiyyətə gəlib və indi hakimiyyət onun oğlunun əlindədir. Sonuncu seçkilərdə əsas müxalifət partiyaları ümumiyyətlə parlamentə düşə bilmədilər. Razılaşın ki, belə bir davamlı siyasi dəstək Qərb nöqteyi- nəzərindən şübhəli görünür.

- Mənin gördüyüm budur ki, müxalifət heç vahid bir namizəd ətrafında belə razılığa gələ bilmir. Bundan başqa, Azərbaycan güclü prezident respublikasıdır, ona görə də bizim ölkədə Çexiya Respublikasındakı kimi siyasi çəkişmələrə heç vaxt rast gəlməzsən.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG