Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:28

Baş prokuroru qarabaqara izləyən köçkün


Zakir Qaralov vətəndaşları qəbul edir - 7 iyun 2013

Zakir Qaralov vətəndaşları qəbul edir - 7 iyun 2013

-
«Cənab prokuror hansı bölgəyə gedirsə, mən də qaçıb gedirəm ki, qəbuluna düşəm, dərdimi deyəm. Prezident Administrasiyasına Fuad Ələsgərovun da qəbuluna getmişəm ki, baş prokuror məni qəbul etsin. Ancaq yenə düşə bilmirəm qəbuluna. Hara gedirəmsə, imkan vermirlər».

BAŞ PROKURORA DEYƏCƏKLƏRİ

Qubadlı köçkünü olan 2-ci qrup əlil Bəkir Bayramov iyunun 7-də Quba prokurorluğunda baş prokuror Zakir Qaralovun şikayətçilər üçün təşkil olunmuş qəbuluna düşə bilmədi. Deyir, baş prokurorla qabaq-qənşər oturacağına onsuz da ümidi yox idi. Ancaq səhər yuxudan oyananda «yenə də olsun» deyərək bəxtini bir də sınamaq qərarına gəlib. Baş prokurora deyəcəklərini AzadlıqRadiosuna söylədi:

«Evimdə qaz olmadığı halda evim 2009-cu il yanvarın 5-də partlayıb. O gündən bu günədək döymədiyim qapı qalmayıb. Məhkəmələr, prokurorlar rüşvət alıb ədalətsiz qərarlar qəbul ediblər. Arvadım, uşaqlarım yanıb. Həm əmlakımızdan, həm də canımızdan zərər çəkmişik. Zərərçəkən biz olsaq da, «zərər» rüşvət kimi prokurorlarla məhkəmələrə ödənilib».

Səhər saat 11-dən başlanan qəbula düşmək üçün şimal bölgəsində yaşayan xeyli adam Quba rayon Prokurorluğunun inzibati binasının qarşısına toplaşmışdı. Kimisi bələdiyyədən, kimisi prokurordan, kimisi rayon notariusundan, kimisi işıq idarəsinin rəisindən şikayətə gəlmişdi. Baş prokuror qəbul edir, dinləyir, köməkçilərinə tapşırıqlar verirdi. Ancaq jurnalistlər onun şikayətlərə reaksiyasını sonadək izləyə bilmədilər, çünki görüntü götürmək üçün bir neçə dəqiqəlik çəkilişə icazə verilmişdi.

FATMA XALANIN BAŞINA GƏLƏN

Xaçmazın Rəhimoba kəndindən gələn Fatma Əliyeva prokurorun qəbuluna düşmək üçün növbəsini gözləyərkən kənd bələdiyyəsi ilə «toqquşması» bura toplaşanlar arasında lətifəyə çevrilmişdi. Fatma xalanın öz dilindən eşitdiklərimiz:

«Rəhimobadan gəlmişəm, bələdiyyə sədrimiz də burdaydı, məni gördü, dedi, vay, Fatma xala, sən də burdasan? Məndən şikayətə gəlmisən? Dedim, əlimdən 12 sot torpağı alıb Məhəmmədə vermisən, mən də şikayətə gəlmişəm. Məni söyüb getdi».

Baş prokuror qapıya toplaşanları növbə ilə qəbul edib dinlədi. Bircə Bəkir Bayramovdan başqa. O, yenə qapı arxasında qaldı. Bəkir Bayramov ölkənin birinci prokuroruna 4 il əvvəl evində baş vermiş yanğının səbəblərindən, məmur süründürməçiliyindən, ailəsinin çəkdiyi zərərdən danışacaqdı.

İyunun 14-də bu bölgəyə kənd təsərrüfatı naziri İsmət Abbasov gələcək. Yenə şikayət dinləməyə.
XS
SM
MD
LG