Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:30

Azərbaycanda magistratura üzrə yeni ixtisaslar yaradılıb


Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisəsələrinin magistraturalarına qəbul aparılacaq yeni ixtisaslaşmaların adları açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, artıq Bakı Dövlət Universitetində dinşünaslıq istiqaməti üzrə magistr hazırlığı aparılacaq. Eyni zamanda, balıqçılıq sənayesi sahəsi üzrə yeni ixtisaslaşmalar da yaradılıb.

E. Nağızadə bildirib ki, növbəti tədris ilində bunlarla yanaşı, nəqliyyat servisi, uçuş mühəndisliyi, hava nəqliyyatında hərəkətin idarə olunması və aviasiyanın bır sıra digər istiqamətləri üzrə yeni ixtisaslar yaradılıb. Bu ildən həmin ixtisaslar üzrə magistraturaya qəbul aparılacaq.

Komissiya rəsmisinin sözlərinə görə, növbəti tədris ili üçün magistaturaya qəbul planı ötən tədris ili ilə müqayisədə ümumilikdə 12,84 faiz artıb. Ancaq artım yalnız yeni ixtisaslarda magistura səviyyəsi üzrə mütəxəssis hazırlığını nəzərdə tutmur. Bununla yanaşı, indiyədək mövcud olan müəyyən ixtisaslaşmalarda da plan yerləri artırılıb.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616-dır.

Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına 2013-2014-cü tədris ili üçün bu il martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar üçün hazırda proqram seçimi aparılır. Bakalavrlar iyunun 11-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
XS
SM
MD
LG