Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:51

S. Novruzov: «Biz dərnək, ictimai təşkilat deyilik ki, Sədrsiz qərar verək»


Mətbuat icmalı
Mətbuat icmalı
-

İNTERNETDƏ SENZURA YARANIR

«İnternetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliklər təəssüf ki təsdiq edildi».

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz «Bizim Yol» qəzetinə dəyişiklikləri şərh edib, bu dəyişikliklərin ölkədə İnternetin inkişafı üçün müəyyən əngəllər yaradacağını deyib. Onun sözlərinə görə, xüsusən də internetin spesifikliyi ilə bağlı bu dəyişikliklərin tətbiqində ciddi problemlər yaranacaq:

«Günahsız insanların problemlərlə üzləşəcəyindən, anonimliyin artacağından, qlobal informasiya resursları ilə hökumətin müəyyən problemləri olacağından, hətta internetdə senzuraya gətirib çıxaracağından ehtiyatlanırıq».

MİLLİ ŞURA YAP-IN QURULTAYI İLƏ EYNİ GÜNDƏ TƏSİS OLUNACAQ

«Yeni Müsavat» qəzeti yazır ki, Milli Şura ilk toplantısını iyunun 7-də keçirməyə hazırlaşır. «Yeni Müsavat» qəzeti yazır ki, bir sıra partiyalarla Milli Şurada təmsilçiliklə bağlı məsələ də dəqiqləşdirilib:

«İndi Milli Şura təmsilçiləri ilə bəyannamənin müzakirəsi aparılır. Bir maraqlı məqam da odur ki, YAP da iyunun 7-də qurultayını keçirəcək. Bu baxımdan Milli Şuranın alternativ kimi elan edilməsini ekspertlər məqsədəuyğun hesab edir».

ELŞAD ABDULLAYEV DƏHŞƏTLİ VİDEOLAR YAYACAQ

«Hacı Məmmədovun dəstəsinin «Qarabulaq»da törətdikləri cinayətlər ölkədə baş verən cinayətlərin çox kiçik bir qismidir. Ölkədə elə olaylar baş verib və indi də davam edir ki, Hacı Məmmədovun etdikləri bunların yanında heç nədir».

Bu sözləri «Azadlıq» qəzetinə ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev deyib.

Onun sözlərinə görə, əlində başqa videolar da var və onları da yayımlayacaq: «Məndə təkcə Mahir Abdullayevin oğurlanması və Gülər Əhmədovanın mandat alveri ilə bağlı videolar yoxdur. Qardaşımın işini araşdıran zaman daha ciddi faktlar əldə etmişəm». Elşad Abdullayev deyib ki, tezliklə həmin videoları da yayacaq.

«BİZ DƏRNƏK, İCTİMAİ TƏŞKİLAT DEYİLİK Kİ, SƏDRSİZ QƏRAR VERƏK»

«Əvvəl gündən hər bir insan YAP-ın prezidentliyə namizədi kimi birmənalı şəkildə partiya sədri, Prezident İlham Əliyevi dəstəkləyib. Bir il əvvəl də belə olub, indi də belədir. YAP-ın yekdil qərarı cənab İlham Əliyevin namizəd olmasından ibarətdir. Bu söz-söhbəti ortaya atan bəzi müxalifət partiyaları və mətbuat orqanlarıdır. Heç vaxt YAP-ın başqa namizədinin olması ilə bağlı söhbət getməyib. Bu ancaq araqarışdıranların əməlləridir».

«Yeni Azərbaycan» qəzeti Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzovun müsahibəsini dərc edib. S. Novruzov deyib ki, bütün qərarlar partiya sədri ilə razılaşdırılır:

«YAP iqtidar partiyasıdır. İqtidar partiyasında Sədrsiz hər hansı bir qərar qəbul olunmur. Gündəliyə əsas məsələ olan namizədin irəli sürülməsi daxil edilibsə, deməli, Sədrin razılığı alınıb. Biz dərnək, ictimai təşkilat deyilik ki, Sədrsiz qərar verək».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG