Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

İmişlidə maşın qiymətinə camış satılır...


İmişlidə mal bazarı
İmişlidə mal bazarı
-

İmişli rayonunun Otuziki kəndində hər həftənin çərşənbə axşamından çərşənbəyə keçən gecə iri və xırda buynuzlu heyvanların satış bazarı təşkil olunur. Bura Bakıdan tutmuş Şəkiyə qədər ölkənin əksər yerlərindən gələnlər olur. Bəziləri boş gəlib dolu gedir, bəziləri də dolu gəlib boş qayıdır. Bütün bazarlarda olduğu kimi, burada da alverçilər meydan sulayır. Onlar başqa bazarlardan nisbətən ucuz aldıqları malları satıb, digər bazarlarda satışa çıxarmaq üçün sərfəli qiymətə mal axtarırlar. Potensial alıcılar isə damazlıq, xeyir-şər işləri və ya qurbanlıq üçün heyvan almaqdan ötrü bazara üz tutanlar hesab olunur.

MAŞIN QİYMƏTİNƏ CAMIŞ

Bazara daxil olanda səhər saat 9 olardı. Artıq bazarda seyrəklik idi. Satış meydançasında tək-tək toparlanmış heyvan yığını gözə dəyirdi. İmişli rayonunun Aranlı kəndindən olan Ramiz Babaşovun qiymət məsələsində dirəniş göstərdiyindən 2 camışı satılmamışdı:

Ramiz Babaşov
Ramiz Babaşov
«Baxın fil boyda camışlardır, can bahasına, qan bahasına başa gəlib. Yaxınlaşıb maraqlananlara 1400 manata təklif etdim, 1200-ə istədilər, vermədim. İki kəlçə satdım, amma bunları geri qaytarmalı olacağam. Hamısı satılsaydı yaxşı olardı, amma neyləməli - qismətdən artıq yemək olmaz».

Bir qədər aralıda öz yükünü güclə çəkən cöngənin başında sövdələşmə gedirdi, axırda tərəflər 1350 manata razılaşdılar.

«QOYUNDAN 10, İNƏKDƏN 40 MANAT XEYİR QALIR»

Cəlilabaddan olan alverçi Vüqar Qurbanov ancaq qoyun alıb-satır. Deyir, 10 ildir bu işlə məşğul olur:

«Qoyunun birini yerində 100-110 manata alıb, gətirib burada 20 manat bahasına satıram. Hər maldan təmiz 10 manat xeyir qalır. Bazara 30-40 baş qoyun çıxarıram, amma hamısı satılmır».

İmişlinin Xoşçobanlı kəndindən olan Saməddin Nəcəfov mal bazarındakı durumdan razıdır:

«Əsasən 800 manatlıq 3-4, bəzən hətta 5 inək alıram, hər heyvanın üstündə 30-40, bəzən 50 manat «tutmaq» olur. Sərfəli qiymətə olanda qoyun da alıb-satıram. Beyləqan, Salyan bazarlarına da mal çıxarıram».

Maşın qiymətinə satılan heyvanlar
Maşın qiymətinə satılan heyvanlar
Amma bazarda istədiyini tapa bilməyən, bahalıqdan gileylənənlər də var. Tərtər rayonunun Mamırlı kəndindən olan Elçin Abdullayev arıq danaya verdiyi pula heyfsilənir:

«Bu arıq dananı 350 manata almışam, xalis ətinin qiyməti 15 manata düşür. Bunu gərək bir müddət saxlayasan ki, aldığından baha qiymətə satmaq olsun. Bəzən olur heç yol pulunu da çıxara bilmirik».

«BAZAR OLSUN»LA BİTƏN BAZARLIQ

Mal-qara bazarı olsa da, buraya iynədən tutmuş pal-paltara, ayaqqabıya, meyvə-tərəvəzədək hər şey çıxarılır. Ərazidə çoxsaylı səyyar kafelər, kababxanalar, dönər hazırlanan yerlər, baytarlıq aptekləri də var.

Təxmini hesablamalara görə bir bazar günündə 5 min baş heyvan satışa çıxarılır.

Giriş qapısından içəri daxil olan (satılıb-satılmamağından asılı olmayaraq) hər iribuynuzlu heyvana görə 2 manat, qoyun və keçilərə görə 1 manat «yer pulu» alınır. Bazardan çıxan avtomobillər üçün nəqliyyat müfəttişləri «yolkəsdi» tətbiq edir və 1 manat «xalat» alır. Hamı bir-birinə eyni xeyir-duanı verir: «Bazar olsun!».
XS
SM
MD
LG