Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

AFFA «Qalatasaray»-«Fənərbaxça» matçından imtinasını belə izah edir


«Qalatasaray»-«Fənərbaxça»
«Qalatasaray»-«Fənərbaxça»
-
Çox yox, bir həftə qonşu ölkənin mediası «Türkiyə Futbol Federasiyasından Bakıya yaşlı işıq» başlıqlı xəbərlər dərc edirdi. Söhbət «Qalatasaray» və «Fənərbaxça» komandaları – 2013-cü ilin Türkiyə çempionu və kubokunun sahibləri arasında keçiriləcək qarşılaşmadan gedirdi. Matçın Azərbaycan paytaxtında keçirilməsi təklif edilirdi. Həmin vaxt Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu da «Anadolu» agentliyinə demişdi ki, «çox böyük ehtimalla qarşılaşma Bakıda oynanacaq».

Ancaq iyunun 4-də məlum oldu ki, AFFA bu təklifi rədd edib. İndi çoxlarını, özəlliklə Azərbaycan futbolsevərlərini bir sual düşündürür: Görəsən, AFFA niyə belə bir qərar verdi?

FUTBOL ŞƏRHÇİSİ: «SİYASİ QƏRARDIR»

Futbol şərhçisi Sərxan Musayevin fikrincə, AFFA-nın bu qərarı sırf siyasi səbəblərdən qaynaqlanır, çünki Azərbaycan neçə illərdir superkubok oyunlarına sahiblik etməyi arzulayırdı:

«Heç şübhəsiz, bu, tam siyasi qərardır. Seçkilər yaxınlaşır və Bakıda hansısa iğtişaş törənəcəyi ilə bağlı müəyyən şübhələr var. Ancaq bunu da danmaq olmaz ki, İstanbulun Gəzi Parkında baş verənlərdən sonra «Fənərbaxça», «Qalatasaray» və «Beşiktaş» tərəfdarları arasında yaxınlaşma gözə çarpır. Bu onu göstərir ki, o sarıdan Bakıda hər hansı təhlükə gözlənilmirdi. Ölkə futbolu, ölkənin reklamı adına böyük bir oyunu itirdik. İtirən biz olduq. Vaxtla bağlı deyilənlər AFFA-nın bir bəhanəsidir. Hər şey gedir çıxır siyasi məsələlərə».

AFFA: «AFFA SİYASİ QURUM DEYİL, VAXT AZ İDİ»

AFFA mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bildirir ki, Türkiyə Futbol Federasiyası onlara mayın sonunda müraciət edib. Mənfi qərarın verilməsinə səbəb vaxt azlığıdır:
Tofiq Bəhramov adına Respublika Stadionu
Tofiq Bəhramov adına Respublika Stadionu

«AFFA siyasi təşkilat deyil və siyasi məsələlərə qarışmır. Sadəcə, vaxt çatmır. Biz demişdik ki, bəli, bizim potensialımız, təcrübəmiz var. Belə yüksək səviyyəli oyunları keçirməyə iddialıyıq. Biz də bunu çox istərdik. Ancaq vaxt azdır, çünki bizim klubların da Avroliqa oyunları, Çempionlar Liqasının oyunu var. Ölkəmizdə ilk dəfə hərbçilər arasında dünya çempionatı keçiriləcək. Avqustun 16-da milli yığma komandanın Malta yığması ilə Bakıda yoldaşlıq oyunu da var».

Futbol şərhçisi Sərxan Musayev bunları da AFFA-nın bəhanəsi sayır. Deyir ki, ölkə üçün fürsət yaranmışdı, ancaq AFFA bu fürsəti qaçırdı və istə-istəməz, diqqətin Azərbaycana yönəlməsinin, ölkəyə minlərlə turist axınının qarşısını aldı.

«BUNDAN SONRA BİZƏ BELƏ BİR TƏKLİF GƏLƏR?»

Bakıda «Qalatasaray» azarkeşlərini birləşdirən «Ultra Aslan Azərbaycan» Dərnəyinin rəhbəri Ceyhun Əzizli də vaxt məsələsinin bəhanə olduğunu düşünür:

«İki saat vaxtları yox idi? Burda AFFA nə edəcəkdi ki? Stadionu icarəyə verəcəkdilər, Türkiyə Futbol Federasiyası gəlib oyun keçirəcəkdi. Deyirlər ki, Avropa çempionatı, Olimpiya oyunları keçirmək istəyirik. Bunun üçün ən azından belə oyunlar keçirmək lazım idi. Bu, bir növ imtahan idi ki, hə, biz buna qadirik. Həm də Azərbaycana nə qədər turist gələcəkdi. «Qalatasaray»-«Fənərbaxça» oyunu bütün dünyada izlənir. Həmin gün Bakıya nə qədər telekanallar gələcəkdi. Çox heyf. Bundan sonra bizə belə bir təklif gələr?».

«Fənərbaxça»nın azarkeşi Fuad Mehmanov da AFFA-nın bu qərarına çox təəssüflənir:
«Fənərbaxça», «Qalatasaray» və «Beşiktaş» azarkeşləri İstanbulda hökumət əleyhinə aksiyalarda - 2 iyun 2013
«Fənərbaxça», «Qalatasaray» və «Beşiktaş» azarkeşləri İstanbulda hökumət əleyhinə aksiyalarda - 2 iyun 2013
«Qərar «Fənərbaxça» azarkeşi kimi məni çox məyus etdi. Gedib komandamıza azarkeşlik edəcəkdik. AFFA tutarlı bir açıqlama da vermədi. Məncə, Azərbaycan dövləti bu cür tədbirlərin keçirilməsinə hazır idi. Düşünürdüm ki, Azərbaycan həmin derbinin keçirilməsinə meyllidir. Əksinə oldu. Ola bilər, bu qarşıdakı seçki ilə bağlıdır».

«BƏS İKİ DÖVLƏT, TƏK MİLLƏT DEYİRDİNİZ?»

AFFA-nın qərarı sosial şəbəkələrdə də dartışma mövzusuna çevrilib. Elnur adlı istifadəçi yazır: «Təhlükəsizliyi təmin edə bilməyəcəklər deyə, qorxdular. Utansınlar, yalandan vaxt azadır deyirlər».

Yusif Ziya adlı istifadəçi isə «bəs iki dövlət, tək millət deyirdiniz? Qardaşlar, qorxdunuz ki, türkiyəlilər gələr, geri dönməz?».

TR adlı istifadəçi imtinanın səbəbini belə açıqlayır: «Bu boyda ölkədə stadion tapılmadı ki, Azərbaycana təklif göndərirdiniz? Əlbəttə, odla barıtın bir yerdə olanda nələrin baş verəcəyini bildikləri üçün qəbul etmədilər».

Barış adlı istifadəçi narazılığını belə ifadə edir: «Yıldırım Demirören (Türkiyə Futbol Federasiyasının prezidenti – K.D.) Türkiyəni biabır etdi. Sənin orada nə işin vardı? Xaricdə oynamaq istəyirdin, Almaniyanı seçərdin».
XS
SM
MD
LG