Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01
-
Yolumuz Lerikin dağ kəndlərinədir. Kənd təsərrüfatında mövsüm vaxtıdır. Lakin rayonun kəndlərində əkin-biçinlə məşğul olan çox az adam görmək olar. Əkilməmiş, istifadəsiz torpaqla göz işlədikcə uzanır. İlin bu vaxtları əkin sahələrinə üz tutmalı olan adamlar Bakıya iş dalınca gedirlər. Lerikin Bülüdül kənd sakini Nurəddin Əsgərov xeyli vaxtdır işsizdir. Kəndlərində onu kimi iş axtaranların sayı az deyil. Hərə bir yolla iş axtarışındadır. Kimisi Bakıya, kimisi lap uzaqlara - Rusiyaya gedir. Buna əli çatmayanlar vaxtaşırı Qaradağdakı daş karxanasına gedib daşdan pul çıxarmağa cəhd edir:

«Kəndin demək olar ki, yarıdan çoxu karxana ilə dolanır. Kəndə adambaşına 12 sot torpaq düşür. 12 sotla mən mal saxlayım, əkin əkim dolanım, nə edim?».

10 GÜN EVDƏ, 10 GÜN DAŞ KARXANASINDA

Nurəddin Əsgərova görə, kənd sakinləri karxanada işləməsələr vəziyyətləri çox ağır olar:

«Karxanaya gedib-gəlməyimiz bizi vəziyyətdən çıxardır, acından ölməyə qoymur. 10 gün işdə oluruq, 10 gün evdə. Dörd nəfərlik ailəmiz var, kənd yeridir, heç bir yerdən gəlir yox. Məcbursan haradansa pul qazanasan, mən də 10 gündən bir daş karxanasına üz tuturam».

Həmsöhbətim kənd yolundan da şikayətçidir, deyir, qazandıqları pulun çoxu yola gedir:

«Yollarımız lap pis vəziyyətdədir. Burdan kəndimizə 50 kilometr yoldur. Müştəri çox olanda 5-10 manat verirsən, tək maşın tutub gedib-gəlsən gərək 40-50 manatından keçəsən».

«YAŞLI NƏNƏMƏ GÖRƏ QALMIŞAM, YOXSA KÖÇÜB BURDAN GEDƏRƏM»

Lerik rayonunun Babakücə kənd sakini Ağəddin İbrahimov da işsizlikdən, dolanışığın çətinliyindən gileylidir:

«Əvvəllər 100 hektar sahədə əkin əkirdik, indi bir hektar yer əkilməyib. Texnika yox, xidmət yox. Bir qoyun satıb bir dəfə Lənkərana gedən gənc burda necə yaşasın. Yaşlı nənəmə görə qalmışam, yoxsa köçüb burdan gedərəm. Qardaşım ali təhsillidir, burda dolana bilmədi, köçdü Rusiyaya. Biz ancaq yaşlı nəslə görə qalmışıq. Məktəbimizi əvvəl hər il 52 nəfər bitirirdi, indi 32 nəfər. Əvvəllər məktəbdə 350-400 nəfər oxuyurdu, indi məktəblilərin sayı 200-250 nəfərə düşüb».

STATİSTİKA: LERİKDƏ 43 NƏFƏR İŞSİZ VAR

Statistik rəqəmlərə görə, Lerik rayonunda 10 il ərzində 6500 yeni iş yeri açılıb. Əməkqabiliyyətli adamların sayının 31662 nəfər olduğu qeyd edilir. Rayon məşğulluq idarəsində qeydiyyata alınan işsizlərin sayı isə 43 nəfərdir.

Rayon icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Habil Məlikov kəndlərdə problemlərin mövcudluğunu danmır, amma torpaq payı olan kəndlilərin özünü işsiz hesab etməsini də düzgün saymır.

Kənd təsərrüfatı mütəxəssisi Yusif Əliyevə görə, kəndlərdə köklü problemlər həllini tapmasa, Azərbaycanda işsizlik həmişə olacaq. Deyir, işsizlər ordusu kəndlilərin hesabına meydana gəlir. Bu baxımdan da o, kənd yerlərinə diqqətin artırılmasını bir nömrəli məsələ sayır.
XS
SM
MD
LG