Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:53
-

«Qaynar xətt»ə şikayət edən Bakı sakini Aybəniz Ramazanova deyir ki, atasının vəfatından sonra ölüm haqqında şəhadətnamə ala bilmədiyindən Səhiyyə Nazirliyini, Bakı şəhər Baş Səhiyyə İdarəsini və 8 saylı şəhər poliklinikasını məhkəməyə verib. Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin İnsan Hüquqları Komissiyasının sədri Bayram Sadıqovla məhkəmə zalında üz-üzə gələndə əvvəl düşünüb ki, yəqin təşkilat vətəndaş olaraq onu müdafiə etmək üçün burdadır. Ancaq biləndə ki, hüquq müdafiəçisi bu üç cavabdeh qurumun nümayəndəsidir, təəccüblənib. Deyir, əlqərəz, hüquq müdafiəçisi dövlət qurumunun da, onun işçilərinin də hüquqlarını müdafiə etdi. Vətəndaşın iddiasının təmin olunmamasına da nail oldu.

Aybəniz Ramazanova əvvəlcə onu məhkəmə qapısını açmağa vadar edən səbəblərdən danışır:

«POLİKLİNİKANIN HƏKİMLƏRİ ÇAĞIRIŞA GƏLMƏDİ»

«69 yaşlı atam keçən il avqust ayında qəflətən vəfat edib. Sağlığında ərazi üzrə 8 saylı poliklinikada qeydiyyatda idi. Avqustun 17-də atamın səhhəti pisləşdiyinə görə səhər saat 9 radələrində həmin poliklinikaya atamın adına çağırış sifariş versək də heç bir həkim gəlmədi. Ona görə də təcili tibbi yardım çağırdıq. Həkim atamı müayinə edib, ərazi üzrə sahə həkiminin çağırılmasını məsləhət gördü. Biz yenə 8 saylı poliklinikaya zəng vurub, atamın adına çağırış sifariş etdik. Dəstəyi qaldıran şəxs artıq 2 çağırışın qeydə alındığını bildirdi. Günortaya yaxın atamın vəziyyəti yenə pisləşdi, təcili tibbi yardım çağırdıq. Həkim atamı müayinə edəndə onun keçindiyini bildirdi. Ölümün səbəbini də özünün verdiyi arayışda qeyd etdi. Lakin həmin gün ərzində və növbəti gün 8 nömrəli Şəhər Poliklinikasından çağırışlara gələn və ya xəstə (axı onlar atamın vəfat etməsini bilmirdilər) ilə maraqlanan olmamışdı. Atamı dəfn edəndən 3 gün sonra həmin poliklinikaya müraciət etdik ki, ölüm haqqında şəhadətnamə almaq üçün bizə tibbi arayış versinlər. Poliklinikanın baş həkimi Tamilla Kərimova arayış verməkdən imtina etdi. Bəhanə etdi ki, atan son iki il ərzində poliklinikaya müraciət etməyib».

Bakı Apellyasiya Məhkəməsi

Bakı Apellyasiya Məhkəməsi

Adil Ramazanovun ailə üzvləri onun üçün ölüm haqqında şəhadətnaməni məhkəmə yolu ilə əldə etmək qərarına gəliblər. Ancaq nail ola bilməyiblər.

«İDDİA TƏMİN OLUNMASIN»

Məhkəmədə Səhiyyə Nazirliyinin, Bakı şəhər Baş Səhiyyə İdarəsinin və 8 saylı şəhər poliklinikasının nümayəndəsi Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin komissiya sədri Bayram Sadıqov olub. O, vətəndaşın iddiasını əsaslı hesab etməyib. Məhkəmədə bildirib ki, Adil Ramazanov 8 saylı şəhər poliklinikasında tibbi qeydiyyatda olsa da, son iki ildə poliklinikada tibbi müayinədən keçməkdən imtina edib. Bir dəfə də olsun poliklinikaya müraciət etməyib. Sahə həkimi tərəfindən poliklinikaya dəvət olunsa da gəlməyib. Təlimata əsasən, ölüm haqqında tibbi şəhadətnamə səhiyyə müəssisəsinin müalicə həkiminin xəstəni müşahidəsi və xəstənin ölümünə qədərki vəziyyətini əks etdirən tibbi sənədlərdəki qeydlər əsasında verilir. Nümayəndə bildirib ki, Adil Ramazanov həkim müayinəsindən keçmədiyi üçün təlimata əsasən düzgün olaraq onun ailəsinə ölüm haqqında şəhadətnamə verilmir. O, məhkəmədən iddianın tələb olunmamasını xahiş edib.

Məhkəmə qərarında Bayram Sadıqov ali təhsilli hüquqşünas, Helsinki Vətəndaş Assambleyasının İnsan Hüquqları Komissiyasının sədri kimi qeyd olunub.

Aybəniz Ramazanova:

«Başa düşmürəm, Vətəndaş Assambleyasının İnsan hüquqları üzrə Bakı ofisi vətəndaşların hüquqlarını müdafiə edir, yoxsa onlardan rüşvət tələb edən, süründürməçiliyə məruz qoyan məmurların? Minlərlə işçisi olan Səhiyyə Nazirliyinin bir hüquqşünası yoxdur ki, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Nazirliyin maraqlarını müdafiə edir? Tamilla Kərimova istədiyi vaxt bu Komitənin adından gen-bol istifadə edir. Komitə buna niyə susur? Özünü hüquqşünas kimi qələmə verən, ancaq əslində bioloq ixtisasını bitirmiş Bayram Sadıqovun əməllərindən Arzu Abdullayevanın xəbəri yoxdurmu? Nə vaxtdan inzibati orqanın hüquqları insan hüquqlarına çevrilib?».

«BİZ MƏMURU DA MÜDAFİƏ EDƏ BİLƏRİK, VƏTƏNDAŞI DA»

Arxiv foto

Arxiv foto

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin İnsan haqları Komissiyasının sədri Bayram Sadıqov Aybəniz Ramazanovanın məhkəmə iddiasını da, ona qarşı ittihamları da haqlı hesab etmir:

- «Aybəniz Ramazanova Səhiyyə Nazirliyinə qarşı iddiasında haqsız idi. Bu iş üzrə iki məhkəmə olub. Məhkəmələr də sübut edib ki, bu xanım nazirliyə qarşı iddiasında əsassızdır. Biz Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı bir təşkilatıq. Əgər vətəndaş hansısa dövlət qurumuna, hansısa məmura böhtan artırsa, həmin məmuru da müdafiə etməyə, onun arxasında dayanmağa borcluyuq.

- Siz məmurların, dövlət qurumlarının nümayəndəsi qismində məhkəmələrə tez-tez çıxırsınız?

- Olur. Lazım olanda iştirak edirik.

- Şikayətçi iddia edir ki, sizin ixtisasınız bioloq olsa da özünüzü məhkəmələrdə ixtisasca hüquqşünas kimi təqdim etmisiniz...

- Məhkəmədə nümayəndə kimi çıxmaqdan ötrü ixtisas tələb olunmur. İstənilən ixtisas sahibi kiminsə məhkəmədəki nümayəndəsi ola bilər.

- Ancaq məhkəmə qərarlarında tərəflər haqqında məlumatlarda siz ali təhsilli hüquqşünas kimi qeyd olunursunuz...

- Bu məhkəmənin səhvidir. Mən heç kəsə deməmişəm ki, hüquqşünasam».

Arzu Abdullayeva

Arzu Abdullayeva

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva dedi ki, Aybəniz Ramazanovanın və ailə üzvlərinin başına gələnlərdən tam məlumatlı olmasa da, bayram Sadıqovun saxtakarlığa getməsinə inanmır:

- «Mən bu barədə Tamilla xanım və bir vəkillə danışmışam və elə bilirəm onlar barışıb. Elə bilirdim bu söhbət bitib.

- Arzu xanım, şikayətçi bilmək istəyir ki, insan haqlarını qorumağı öhdəlik götürən təşkilat vətəndaşı müdafiə etməlidir, yoxsa ona atasının vəfatından sonra ölüm haqqında arayış verməyən qurumu?

- Müdafiə edə bilər. Məmur da vətəndaşdır».

HÜQUQŞÜNAS: BU CÜR MƏHKƏMƏLƏR YALNIZ AZƏRBAYCANDA VAR

Hüquqşünas Namizəd Səfərov ölüm haqqında şəhadətnamənin alınması prosedurundan danışır:

Namizəd Səfərov

Namizəd Səfərov

«Ölüm halı baş verdikdə təcili yardım briqadası çağırılır, həkim qrupu ölümün səbəbi barədə arayış verir. Mərhumun ailə üzvləri həmin arayışı ərazi üzrə poliklinikaya təqdim edirlər. Bu arayış əsasında da poliklinika rəhbərliyi ölüm haqqında şəhadətnamə üçün başqa bir arayış verir. Sonuncu arayış ərazi üzrə qeydiyyat idarəsinə təqdim olunur və idarə tərəfindən mərhumun ailə üzvlərinə ölüm haqqında şəhadətnamə verilir. Loru dildə desək, heç kəs bir saatdan sonra başına nə gələcəyini bilmir. Və heç kəs ölmək üçün ərazi üzrə poliklinikaya hər gün baş çəkmir. Baş həkimin bu cür arqumentlərinə əsaslanıb, ölənin ailə üzvünün iddiasını təmin etməyən məhkəmələr yalnız Azərbaycanda mövcuddur».

Aybəniz Ramazanova Ali Məhkəməyə kassasiya şikayəti vermək fikrindədir. Ancaq deməsinə görə, aprelin 23-də Bakı Apellyasiya Məhkəməsinin qərarı elan olunsa da, hakimə dəfələrlə şifahi və yazılı müraciətlərinə baxmayaraq qərarın surəti ona verilmir.

Şikayətçi işi Avropa Məhkəməsinə qədər aparacağını deyir.

Bir sözlə, 10 aydır ki, torpağa qovuşmuş Adil Ramazanovun ölümü haqqında sənəd hələ də yoxdur. Aybəniz Ramazanova deyir, faktiki həyatda olmayan atasının hələ də şəxsiyyət vəsiqəsi mövcuddur və ölünün adına 10 aydır ki, hesabında təqaüdü yığılır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG