Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:41
-

BMT-nin yeni hesabatında deyilir ki, Suriyada sürən vətəndaş savaşında hər iki tərəfin kimyəvi silahlardan istifadə ehtimalını göstərən əlamətlər aşkar edilib.

Hesabatda qeyd olunur ki, mart və aprel aylarında 4 dəfə kimyəvi silahlara əl atıldığını deməyə əsas verən sübutlar tapılıb.

BMT təhqiqat komissiyasının sədri Paulo Pinheiro Cenevrədə keçirilənmətbuat konfransında deyib ki, «zəhərli kimyəvi maddələrdən az miqdarda istifadəni nümayiş etdirən ağlabatan əsaslar var, amma əldə olan dəlillərdən hansı kimyəvi maddələrdən istifadə olunduğunu, onların hədəflərə hansı vasitələrlə və kimlər tərəfindən çatdırıldığını söyləmək qeyri-mümkündür».

SURİYADA HƏRBİ CİNAYƏTLƏR TÖRƏDİLİB

BMT İnsan Haqları Şurasının hesabatında, vətəndaş müharibəsi gedişində hər iki tərəfin qətl, zorlama və kütləvi edamlara əl atması və insanları girov götürməsi halları qeydə alınıb.

Hesabatda xəbərdarlıq edilir ki, münaqişənin siyasi həlli tapılmayınca insan haqlarının kütləvi pozulması halları daha da artacaq və ölkəyə yeni silahların gətirilməsi vəziyyəti daha da ağırlaşdıracaq.

Avropa Birliyi embarqonu qaldırandan və Suriyaya silah verilməsinə yaşıl işıq yandırandan sonra bir neçə ölkə, özəlliklə Britaniya, bəzi üsyançı qrupların silahlandırılmasını planlaşdırır.

Bashar al-Assad

Bashar al-Assad

Hesabatda hər iki tərəfin hərbi cinayətlər törətdiyi vurğulanır və qeyd edilir ki, prezident Bashar al-Assad-in rejimi qətl, işgəncə, zorlama kimi əməllərə yol verib və insanları didərgin salıb.

Şuranın hesabatında bütün bu halların bütövlükdə bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməsinə əsas yaratdığı söylənir.

Sənəddə o da bildirilir ki, Assad rejiminə son qoymaq istəyən qrupların hamısı, istər islamçılar, istərsə dünyəvilər, savaş cinayətlərində ittiham oluna bilər, amma miqyasına görə hökumət qüvvələri qat-qat ağır cinayətlər törədiblər.

BMT hesabatında deyilir ki, münaqişə nəticəsində indiyədək 80 min insan həlak olub və bir milyondan çox adam qaçqın düşüb.

MÜNAQİŞƏNİN PƏRDƏARXASI MƏQAMLARI

Sənəddə qeyd olunur ki, Suriya regionda bir sıra başqa ölkələrin pərdəarxası mübarizə meydanına çevrilib.

Assad rejimini İran dəstəkləyir, üsyançı qruplar Qətər və Səudiyyə kimi ölkələrdən geniş yardım alır.

Arxiv foto

Arxiv foto

Qeyd olunur ki, kənardan dəstək heç bir tərəfin hərbi üstünlük qazana bilməyəcəyi vəziyyət doğurub.

BMT əmindir ki, münaqişə yalnız siyasi yolla çözülə bilər.

Media iyunun sonlarında keçiriləcək Cenevrə konfransı üçün açıqlanacaq ABŞ-Rusiya birgə planının çətinliklə üzləşdiyini də yazır.

Üsyançıları təmsil edən siyasi qrup – Suriya Milli Koalisiyası konfransda iştirakdan imtina edib.

İndi Livanın Hizbullah qruplaşması açıq şəkildə Suriya hökumətinin tərəfində vuruşur.
Rəsmi Dəməşq də sammitdə sülhə nail olacağına inanmır.

Hələlik, Cenevrə konfransının keçirilmə tarixi dəqiqləşdirilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG