Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:17

Polis jurnalistə əl qaldırıb [Video]


Xüsusi geyim də işə yaramadı
Gözlə

No media source currently available

0:00 0:06:23 0:00

Xüsusi geyim də işə yaramadı

Olay həm polis, həm də jurnalist iş başında olarkən baş verib.

-
Söhbət Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Rasim Əliyevlə qaba davranışdan gedir. O, iyunun 3-də Türkiyədəki hadisələrə Bakıda dəstək məqsədilə keçirilən aksiyanı lentə alırmış:

«Məqsədim sırf aksiyanı işıqlandırmaq idi. Polis aksiya iştirakçısı olan bir gənci ərazidən uzaqlaşdırmaq istəyərkən söyüş söydü və onunla mübahisəyə başladı. Çönüb görəndə ki, mən bu insidenti çəkirəm, dinməz-söyləməz, yaxınlaşıb üzümə yumruq atdı və «Sənə kim ixtiyar verib ki, məni çəkirsən?»– dedi. Bu sözləri təkrarlaya-təkrarlaya daha dörd yumruq vurdu və əlimdəki telefonu da aldı».

JURNALİST GÖDƏKCƏSİ İŞƏ YARAMIR?

Bu, polisin və ya digər səlahiyyətli məmurun jurnalistə əl qaldırdığı ilk hal deyil. Oxşar olaylar daha öncə də baş verib. «Yeni Müsavat» qəzetinin əməkdaşı Fərahim İlqaroğlu, «Turan» informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, RATİ-nin bir başqa əməkdaşı İdrak Abbasov və başqaları da bənzər olayları yaşayıb. Siyahını artırmaq da olar. Bəzən polisin arqumenti də olur, döyülənin əynində jurnalist gödəkcəsinin olmadığını deyir və bu üzdən onu aksiya iştirakçılarından fərqləndirə bilmədiyini əsas gətirir. Amma görünən odur ki, heç jurnalist gödəkcəsinin də işə yaramadığı hallar var. Elə Rasim Əliyevlə bağlı olaydakı kimi:

«Dedim jurnalistəm, əslində, deməyimə ehtiyac yox idi. Axı əynimdə jurnalist olduğumu göstərən gödəkcə vardı. Buna baxmayaraq, yenə dedim, amma o, cavabında bildirdi ki, həmin gödəkcədən bizim maşında 50 dənədir, gödəkcə geyinmisənsə, o demək deyil ki, jurnalistsən. Yenə etiraz etdim. Dedim, hətta jurnalist olmasam belə, bu sizə mənə əl qaldırmanıza, şəxsi əşyamı əlimdən almanıza əsas vermir».

Orxan Mansurzadə
Orxan Mansurzadə
«CƏZASIZLIQ MÜHİTİ YARANIRSA…»

Rasim Əliyevin dediyinə görə, olaydan elə yerindəcə daha yüksəkrütbəli polis əməkdaşlarına şikayət edib. Təəssüf ki, dediklərini ciddiyə alan olmayıb. Daxili İşlər Nazirliyinin məsələdən xəbəri var, amma araşdırma aparmaq üçün jurnalistin yazılı müraciətini gözləyirlər. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə belə deyir:

- Həmin jurnalist məsələ ilə bağlı polis idarəsinə müraciət etsin, müraciət daxil olandan sonra məsələ araşdırılar və ona hüquqi qiymət verilər.

- Müraciət olunmasa, siz mətbuatda yayılanlara əsasən, araşdırma aparmayacaqsınız?

- Bütün hallarda ancaq özü müraciət etməlidir.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev fərqli düşünür. Onun fikrincə, bu cür durumda hadisəyə dərhal reaksiya verilməlidir. Ən azı ona görə ki, günahkarlar cəzasızlığa meyllənməsinlər:

«Belə hadisə baş verirsə və cəzasızlıq mühiti yaranırsa, deməli, bir başqası da bunu təkrar edəcək. Bu, təhlükəli bir şeydir. Məhz təhlükənin aradan qaldırılması üçün müraciəti gözləmək lazım deyil.İkincisi də, gəlin, yaxın keçmişə nəzər salaq. Nə qədər belə müraciətlər olub... O müraciətlər heç bir nəticə vermir, axı. Sözsüz, bu o demək deyil ki, müraciət olunmamalıdır. Amma bu müraciətlərin nəticə verməməsinin özü də bir təhlükədir».

QANUN NƏ DEYİR?

Qanunlar jurnalistin peşə fəaliyyətinə mane olmağı, ona qarşı zor tətbiq etməyi yasaqlayır. Cinayət Məcəlləsinə görə, bunu edən vəzifəli şəxsdirsə, cəza daha da sərtləşməlidir. Məsələn, vəzifəli şəxs bənzər əməllərə görə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan üç ilədək məhrum edilə bilər. Bir başqa cəza iki ilədək islah işləridir. Cəzalar sırasında bir ilədək həbs də var.

Təcrübəyə gəlincə, jurnalistlərin özəlliklə polis zorakılığına məruz qalması faktları olsa da, buna görə kiminsə cəzalandırılması barədə məlumat yoxdur.

«GÖDƏKCƏ İNDİ DAHA ÇOX CƏLBEDİCİ İŞARƏYƏ ÇEVRİLİB»

Arif Əliyev bu cür halların indiyə – seçki ilinə daha çox təsadüf etməsini baş verən olaylar barədə məlumatın yayılmasını bütün vasitələrlə əngəlləmək məqsədinə bağlayır:
Jurnalistlər Bakıdakı etiraz aksiyasında, 10 dekabr 2012
Jurnalistlər Bakıdakı etiraz aksiyasında, 10 dekabr 2012
«Ümumi bir təlaş, qorxu var. Ünvanı bilinməyən bir qorxu var. Hər bir situasiyanı nəzarətdə saxlamaq cəhdi, xüsusən, informasiya yayımını nəzarətdə saxlamaq məqsədinə gətirib çıxarır. Bu məqsəddə də ən zəif yer jurnalistlərdir. Ona görə də bir zamanlar müdafiə paltarı kimi baxdığımız gödəkcə indi daha çox cəlbedici işarəyə çevrilib».

Bəs bu cür hallara cəmiyyət necə yanaşır? Peşə borcunu yerinə yetirən jurnalist döyülürsə, onun fəaliyyətinə maneə yaradılırsa, adi vətəndaşlar bunu necə qarşılayır? Bakı sakinlərinin münasibəti birmənalı oldu:

- Jurnalist azad olmalıdır, gördüyünü yazmalıdır. Məmurun onun işinə qarışmağı tamam yanlışdır. Mən buna pis baxıram.

- Jurnalist öz işini görür. Polislər jurnalistlərə qarşı pis davranır. Mən bu cür davranışa pis baxıram.

- Jurnalistə güc tətbiq etməyi pisləyirəm. Bu cür məmurlara qarşı qanunla tədbir görülməlidir.

- Jurnalist öz işini görürsə, ona müdaxilə etmək düzgün deyil. Hərə öz işini görməlidir.

- Polisin ixtiyarı yoxdur bu cür əmələ. O, bizim pulumuzla yaşayır.

- Jurnalist həqiqəti yazandır. Onu döyməyə ixtiyarları yoxdur. Elə də iş olar?!

Rasim Əliyev başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinə yazılı müraciət ünvanlamağı da düşünür. Ümid edir ki, bu dəfə fərqli münasibət görəcək və jurnalistə fiziki təzyiq göstərən polis qanun qarşısında cavab verəcək.
XS
SM
MD
LG