Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00
-
Naxçıvanın Nehrəm kəndində əkin-biçinlə məşğul olanlar susuzluqdan şikayətçidirlər.

Kənd suvarma suyuna olan ehtiyacını əsasən Araz çayı üzərində qurulan nasos qurğusu və Babək rayonu ərazisində yerləşən göllərin hesabına təmin edir. Amma indi həmin mənbələrdən gələn su tələbatı ödəmir.

SUSUZLUQDAN YANAN TORPAQ, BATAN 5 MİN MANAT

Fermer Vasif Eyvazov ötən ilin payızında 15 hektara yaxın sahədə taxıl əkib. Əkdiyi taxılı ərsəyə gətirmək üçün 5 min manat kredit də götürüb. Amma susuzluq bütün zəhmətini bada verib:

«Ailəmi dolandırmaq üçün taxıl əkmişəm. İndi su vermirlər, yandırırlar. Bircə dəfə payızda suvarmışıq, biçinə az qalıb, yazlıq su hələ də verə bilməmişik. Bizdə suvarma suyu ilə bağlı problemi həll etmək üçün Babək rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə «Nehrəm Sudan İstifadə Edənlər Birliyi» adlanan cəmiyyət yaradılıb. Cəmiyyətə rəhbərlik edənlər də suyu öz adamlarına verirlər. Əslində su var, normal bölgü aparsalar, hamıya yetər. Cəmiyyət belə müəyyən edib ki, hər hektarın suvarılması üçün 6 manat ödənilməlidir. Hər il bu vaxt süni qıtlıq yaradırlar ki, suyu baha satsınlar. İndi məndən hər hektar üçün 30 manat istəyirlər. Mən də 15 hektar əkmişəm. Hər dəfə 450 manat versəm, mən nə qazanc götürərəm? İcra hakimiyyətində şikayətə getdim, dedilər ki, gözlə, su verəcəyik. Mənim taxılım yanandan sonra neynirəm suyu? Artıq gecdir. Normalda hər hektara 40 sentner taxıl götürməyi planlaşdırmışdım. Bu vəziyyətdə heç 10 sentner də götürə bilmərəm. Bankdan götürdüyüm krediti necə qaytaracam, bilmirəm».

«NEHRƏMDƏ SU NEFTDƏN DƏ BAHADIR»

Bəzi nehrəmlilər hesab edir ki, fermerlər üçün bu cür problemlər süni şəkildə yaradılır. Onların fikrincə, məmurlar bu problemi qəsdən yaradırlar ki, torpaq sahibləri bezib öz sahələrini onlara icarəyə versinlər. Kənd sakini Kamran Teymurbəyli deyir ki, elə bu problemlərdən bezib, bir neçə ildir ki, özünün əkin sahəsi ilə maraqlanmır :

«Vaxtında su vermirlər deyə, yerimi əkmirəm. Suyun hektarı 6 manatadır, indi 20 manat eləyiblər, üstəlik də 10 manat da hər hektara sığorta adı altında alırlar. Qanım qaralacaqsa, niyə əkməliyəm? Cəmi 3 hektar yerim var. Bu problemlər üzündən əkmirəm neçə illərdir. Su olsa, niyə əkmirəm ki. Heç xəbərim də yoxdur ki, yerimi kimsə əkir ya yox. Deyirlər ki, belə neftimiz, sərvətimiz var. Gəlsinlər bizə də baxsınlar. Nehrəmdə su neftdən də bahadır. Bakı-Ceyhan neft kəmərini bağlasınlar, gəlsinlər burda o pulu sudan götürsünlər».

«DEYİRLƏR DƏ...»

Babək rayon icra başçısının aqrar məsələlər üzrə müavini Abbas Əliyev isə fermerlərə süni maneə yaradılması ilə bağlı deyilənləri təkzib edir. O, Nehrəmdə suvarma suyu ilə bağlı heç bir problemin olmadığını da bildirir.

«Nehrəmdə problem yoxdur. Deyirlər də, heç bir problem yoxdur».
XS
SM
MD
LG