Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:06
-

«Azərbaycan kitab bazarında hər şeyi sıfırdan başlamaq qərarına gəldik».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə yaradılan «Zero» nəşriyyatının yayım meneceri Pərviz Əzimov söylədi.

2 KİTAB ÇIXIB

Onun sözlərinə görə, bu başlanğıcı oxucular üçün ediblər: «Kitab bazarında çatışmazlıqlar var. Onun üzərində iş qurduq ki, oxucular üçün hər şey sıfırdan başlasın. Artıq iki kitabımız çıxıb. Avropa ədəbiyyatından iki kitab - Umberto Eco-nun «Esselər»ini və Franz Kafka-nın «İmperatorun sifarişi» hekayələr kitabını.

KİTABLAR «CİB KİTABI» SERİYASINDAN BURAXILIB

Pərviz Əzimovun fikrincə, kitabçılığın iki məqsədi var: «Biri biznesdirsə, o biri maarifləndirməkdir. Biz düşündük ki, ölkədə kitab oxuma mədəniyyəti aşağıdır və bunu da bəziləri vaxt darlığına, bəziləri isə maliyyəyə bağlayırlar. Odur ki, biz həm ucuz, həm də istənilən yerdə oxuna bilən kitab seriyası hazırlamaq qərarına gəldik. Qoy istənilən insan bu kitabı cibinə qoyub yolda - avtobusda, metroda, yaxud da səfərdə özü ilə götürüb oxusun. «Cib kitabı» seriyasının nəşrində məqsəd məşhur dünya müəlliflərini aztəminatlı təbəqə üçün daha da əlçatan etməkdir».

«CİB KİTABI» 2 MANAT YARIMA SATIŞA ÇIXACAQ

Pərviz Əzimov kitabların qiymətinin ucuz olduğunu vurğuladı: «Kitabların qiyməti 2 manat 50 qəpik olacaq. Mövzu və populyarlıq dərəcəsindən asılı olmayaraq «Cib» seriyasından bütün kitablar bu qiymətə satılacaq. Bəlkə sonra başqa kitablar - digər nəşrlər çap etsək, qiymət dəyişəcək. Hələliksə, bu seriyadan kitablar dəyişməz qiymətə satılacaq».

QİYMƏTLƏR YARIBAYARI AZALSA...

Pərviz Əzimov bu qiyməti Azərbaycan oxucusu üçün münasib sayır: «Bu yaxınlarda kitab yarmarkasına getmişdim. Şəxsi kitabxanam üçün 10-15 kitab aldım. Yarmarka olsa da, ən aşağı ödədiyim məbləğ 5 manat oldu. Biz düşündük ki, qiyməti yarıbayarı azaltmaqla ölkə əhalisinin maariflənməsinə daha çox kömək edə bilərik».

BÖLGƏLƏRDƏ DƏ SATILACAQ

«Zero» nəşriyyatının nəşr etdiyi kitablar şəhərin bütün dükanlarında satılacaq:

«Hazırda yayım işləri davam edir. «Əli və Nino» mağazalar şəbəkəsinə, «Yer Altında», həm kafedə, həm dükanda paylanılıb. «Qız Qalası»nın yanındakı dükana da kitab vermişik. Artıq Sumqayıtda da satış başlayıb. Bundan sonra regionlarda da kitab satışını təşkil edəcəyik».

YERLİ MÜƏLLİFLƏRİN DƏ KİTABI ÇIXACAQ

Pərviz Əzimov yerli müəlliflərin kitablarının nəşrinə başlayacaqlarının anonsunu verdi:

«Növbəti kitab Şərif Ağayarın olacaq. Ondan sonra yenidən dünya ədəbiyyatına müraciət edəcəyik. Planlaşdırmışıq ki, ay ərzində 10-15 kitab çap edək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG