Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Keçmiş bankir arvadının və qızının oğurlanmasında Nazarbayevi ittiham edir


Mukhtar Ablyazov

Mukhtar Ablyazov

-

Mukhtar Ablyazov Qazaxıstanın keçmiş bankirlərindəndir.

London məhkəməsi onun 5 milyard dolları mənimsəməsi barədə Astananın iddialarını araşdırıb.

Britaniyada siyasi sığınacaq almış Qazaxıstan oliqarxı həbs təhlükəsi ilə üzləşdikdən sonra Birləşmiş Krallıqdan da qaçıb və indi öz ölkəsinin prezidenti Nursultan Nazarbayevi ötən həftə İtaliyadan deportasiya edilmiş arvadını və 6 yaşlı uşağını oğurlamaqda ittiham edir.

Prezidentin ən mühüm opponentlərindən biri olan Mukhtar Ablyazov özünün Facebook səhifəsində yazır ki, Nazarbayev indi də siyasi repressiyalardan birbaşa girov götürmək kimi terrorçu taktikasına keçib:

«Ailəmin oğurlanması məni siyasi rəqib kimi məhv də bilməyən, əvəzində arvadımı və 6 yaşlı qızımı oğurlayan Nazarbayev rejiminin miskinliyini və rəzilliyini nümayiş etdirir».

Keçmiş bankir daha sonra İtaliya hakimiyyət orqanlarının ötən cümə günü xanımı Alma-nı və qızı Alua-nı saxlayaraq, şəxsi təyyarə ilə Astana şəhərinə deportasiya etdiyini yazır.

Güman edilir ki, onlar hazırda qohumlarının yanındadırlar.

Alma Shalabayeva

Alma Shalabayeva

«The Guardian» Londondakı Qazaxıstan və İtaliya səfirliklərinin bu hadisəyə şərh verməkdən boyun qaçırdıqlarını diqqətə yetirir.

Qazaxıstanın rəsmi Kazinform agentliyi bildirib ki, İtaliya hakimiyyət orqanları Ablyazov-un arvadını ölkədə qanunsuz yaşadığı üçün deportasiya edib.

Öz növbəsində, İtaliyanın Ansa agentliyi qadının saxta Mərkəzi Afrika Respublikası pasportu daşıdığına görə həbs edildiyini xəbər verir.

Ablyazov-un oğlu Madiyar anasının saxta Mərkəzi Afrika Respublikası pasportuna malik olması barədə xəbərləri təkzib edib və deyib ki, onun tam qanuni Latviya pasportu var.
O, atasının hazırda harada olduğunu bilmədiyini də söyləyir.

MİLYARDER MÜXALİFƏTÇİ

Həyat yoldaşının Qazaxıstana deportasiyası Mukhtar Ablyazov-un onsuz da qalda olan başını bir az da ağrıdacaq.

Bundan bir qədər əvvəl Britaniya məhkəməsi Qazaxıstanın BTA bankının iddiası əsasında Ablyazov-un öz ölkəsindən 5 milyard dollar oğurladığı barədə ittihamı araşdırırdı.

Ötən ilin fevralında məhkəmə Ablyazov-un sərvəti barədə yalan danışdığını müəyyənləşdirərək, onu 22 ay müddətinə azadlıqdan məhrum etmək barədə qərar çıxarmışdı.

Qazaxıstanın Milli Bankı

Qazaxıstanın Milli Bankı

Məhkəmə Ablyazov-un mülkiyyətinin və bank hesablarının dondurulması barədə də hökm vermişdi.

Bu qərardan az sonra Ablyazov Londondan Parisə gedən avtobusla Britaniyanı tərk etmişdi.

Qazaxıstanın ən böyük banklarından sayılan BTA 2009-cu ildə müflis elan edilmiş və milliləşdirilmişdi.

Bankın Britaniyanın «Royal Bank of Scotland» və «Barclays» kimi banklarına 12 milyard dollar borcu vardı.

Bəziləri Britaniya məhkəməsinin Ablyazov-a qarşı sərt qərarını məsələnin içində məhz Britaniya banklarının olmasına bağlayır.

Ötən ay Ablyazov-un borclarının qaytarılması üçün onun Londonun şimalında «milyarderlər məhəlləsi» kimi tanınan Hamsted rayonundakı 17 milyon funt-sterlinq qiyməti olan malikanəsini və 40 hektarlıq torpaq sahəsini, Vindzor yaxınlığında Oklend park kimi tanınan 18 milyon funt-sterlinqlik mülkünü də satışa çıxarıblar.

Ablyazov başına gələnləri müxalifətçi olması ilə izah edir.

Əslində, 2011-ci ilin iyulunda keçirilən məhkəmədə ona Britaniyada siyasi sığınacaq verilməsi qərarı da bu iddia ilə bağlı idi.

Hökmdə deyilirdi ki, Ablyazov Qazaxıstana deportasiya edilərsə, mühakimə oluna bilər.
İndi o, siyasi sığınacaq aldığı ölkədən də qaçıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG