Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:09

E. Məmmədyarov ABŞ-da səfərdədir


Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

XİN-in məlumatına görə, nazir ABŞ-a səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməlidir. O, həmçinin Vaşinqtonda AJC Global Forum yəhudi lobbisi forumunun açılış mərasimində iştirak edib.

APA-nın məlumatına görə, Elmar Məmmədyarov forum iştirakçılarına Azərbaycanla İsraili birləşdirən sıx əlaqələr barədə danışıb. Nazir qeyd edib ki, Azərbaycan və İsraili diplomatik münasibətlərin sərhədlərini aşan sıx dostluq münasibətləri birləşdirir. Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycan tarixində antisemitizm olmayıb və bu gün ölkədə 35 minə yaxın yəhudi yaşayır.

Nazir bu yaxınlarda İsrailə ilk rəsmi səfər etdiyini, səfər çərçivəsində Fələstinə də getdiyini xatırladıb. Elmar Məmmədyarov təklif edib ki, müsəlman, xristian və yəhudilərin dinc birgə yaşamasına dair Azərbaycan təcrübəsi İsrail və Fələstin arasında sülhün bərqərar olmasına yardım üçün «beynəlxalq körpü» rolunu oynasın.

AJC Global Forumu hər il ABŞ-ın yəhudi lobbisi tərəfindən keçirilir. Tədbirdə dünyanın 60-dan çox ölkəsindən nümayəndələri iştirak edir. Bu il forum iştirakçıları plenar sessiyalar çərçivəsində «ərəb baharı»nın nəticələrini, immiqrasiya, inteqrasiya və uyğunlaşma məsələlərini müzakirə edəcəklər.

Forumun açılış mərasimində Polşanın xarici işlər naziri Radosław Sikorski, Çexiya xarici siyasət idarəsinin rəhbəri Karel Schwarzenberg iştirak ediblər. ABŞ-ın dövlət katibi John Kerry-nin də forumda çıxışı gözlənilir.
XS
SM
MD
LG