Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:18

Aliq Məmmədovun 20-liyə düşməyən hekayəsi


Aliq Məmmədov (Nağıoğlu)
Aliq Məmmədov (Nağıoğlu)
-

- Məmurlar azından özlərini çoban kimi aparmalıdı, ya da sürünü qoruyan köpək kimi, day çaqqalcasına yox. Tfu sizin sisteminizə!- deyə yerindən qalxıb açıq qapıdan çıxdı.


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Aliq Məmmədov


Sistemin adamı



- Salam, sizi narahat edən Mikayıl müəllimdi. Yazdığınız şikayət ərizəsinə görə şəhərdən gəlmişəm. Görüşməmiz lazımdı...

- Əleykümsalam, xoş gəlmisiniz Mikayıl müəllim, hardan danışırsınız? Siz yerinizi deyin, mən bu saat gəlirəm.

- Amma, açığı inanmağım gəlmir, ürəyiyumşaq adam təsiri bağışladınız. O saatca razılaşdınız. Elə qaba adam deyirdilər sizi, bir az da çəkinirdim...

- Olur belə şeylər, fikir verməyin...

- Biz Mircavad müəllimlə magistral yolun kənarında Hacının zapravkasıyla üzbəüz yeməkxanadayıq, çay sifariş vermişik, oturub sizi gözləyirik.

- Narahat olmayın, sizi çox intizarda qoymaram, - mobil telefonu söndürüb balaca mizin üstünə qoydu. Nimdaş paltarlarını çıxartdı; əynini dəyişib həyətə düşdü. Axşamüstüydü.

- Əəə, hara yır-yığış edibsən bu vaxtı?- həyat yoldaşı suda duruladağı paltarları ipdən asmaq üçün gedirdi, ayaq saxladı.

- İndicə zəng gəldi, şikayət ərizəsi yazmışdım axı, baş idarədən gəliblər.

- Axşam-axşam noolmuşdu, səhər gedərdin də,- dərhal təşvişə düşdü.

- Mən getməsəm, evə gələrdilər, yolun başındakı Hacının zapravkasında gözləyirlər. Ayıbdı, qonaqdılar...

- Bəlkə İmanı çağırasan, gəlsin, nəsə qorxuram, tək getmə...

- Qorxulu bir şey yoxdu, axı, yazmışam, izahat verməliyəm, burda nə var ki?

Asfalt yola çıxdı; o da Allahdandı, rayon mərkəzinə gedən maşın dayandı.


Hacının yeməkxanası yarımçıq tikili olan binada yerləşirdi. Əslində binanın Hacı kimi tanınan adama aidiyyatı olmasa da, belə çağrılmağının səbəbini bilmirdi. Sahibi alçaq boylu, dolubədənli qarabuğdayı kişi onun yaxınlaşdığını görcək qabağına yüyürdü:

- Salam, xoş gəlmisən, mən də dedim, kim olar bu... Problemli iş-zad döyül ki? Böyürdə stol qoymuşam, oturublar, indi çay da verəcəm...

- Yoox, məncə olmamalıdır...- qeyri-müəyyən cavabından çayçı ət-soğan qoxuyan əllərini yana açdı.

Yeməkxananın içindən keçib, rənglənməmiş açıq dəmir qapıdan adlayıb sola buruldu. Qurtaracaqda, iri salxım söyüdün altında oturmuşdular. Onu görən kimi hər ikisi ayağa qalxdı, əl verib görüşdülər.

- Xeyli yaşın varmış... Dünya görmüş adamsan... Əyləş-əyləş,- üzbəüz üçüncü stulu göstərdi,- ancaq qaş qaralan vaxtı narahat etdiyim üçün gərək bağışlayasan. Vəziyyət belə alındı ki, bu gün mən geriyə - şəhərə qayıtmalıyam, ayın sonu olduğundan iş-güc, hesabatlar... - xoşqılıq adam təsiri bağışlayan vəzifəli qonaq danışa-danışa qarşısındakı iri qara çantanı açdı. İçindən bir neçə tikili vərəq ayırdı, çantanı kənara itələyib oturdu. Bu zaman onun uzun sifəti, burnu, bığı nəzərindən yayınmadı.

- Bu, sənin şikayət məktubundur, demək olar ki, araşdırıb qurtarmışam, gələn kimi onnan məşğulam; yazdığın faktları birbəbir yoxlamışam. Nəsə əlavən varsa, buyur, sonra sənə suallarım olacaq,- qonşu rayonda yerləşən regional idarənin baş mütəxəssisi söhbətə müdaxilə etməsə də, hiss olunurdu ki, bərk narahatdı. O da nəzərindən qaçmadı ki, qonaq elə ilk andaca “siz”dən “sən”ə keçdi.- Məktubda yazılanlar haqda, mümkünsə, ətraflı, geniş danış, çəkinmə...

- Allah rizası işbaşaran, savadlı mühəndis idi, - Mircavad müəllim stulda qurcuxdu, dodaqlarını büzüb çox mənalı tərzdə başını tərpətdi, sonra barmaqlarını şaqqıldatdı; daha danışmadı, susdu. Mircavad müəllim saitlərsiz danışırdı, aylıq hesabatı verərkən əvvəl-əvvəl öyrəşmədiyindən başa düşmürdü. Sonralar öyrəşsə də, dediklərini bəzən iki-üç dəfə soruşmalı olurdu.

- Nə olar, bir halda ki, ehtiyac var, bütün detalları göstərim...- ürəyi döyünməyə başlasa da, inamlı görünürdü. Bir müddət nədən başlamağı tərəddüdlə götür-qoy etdiyindən duruxdu.

- Deməli, mənə verilən xidmət sahəsi ağır olsa da, tək bircə faktı nəzərinizə çatdırım ki, iki il ərzində sərfiyyat yığımını üç dəfə artıra bilmişik. Düzdü, bu sıçrayış bəzi idarələrdə istehsal gücünün artımı, yenidənqurma, abadlıq işlərilə bağlı olsa da, oğurluq hallarının tərəfimizdən minimuma endirilməsi əsas qabardılmalıdır. Sayğacların qoyulması prosesində xeyli irəliləyiş olub, lakin bizdən asılı olmayan bəzi çatışmazlıqlara görə tam başa çatmayıb. Belə olan halda sizin sevimli müdirinizin əndrəbadi hərəkətləri, qanunsuz, şişirdilmiş sərfiyyyata getmək cəhdləri başa düşülən deyil: heç ödənişlər də daxil olmur, çünki ayrılan vəsait buna imkan vermir, illərlə yığılan borc xılt kimi asılı qalır. Ümid qalır nə vaxtsa yuxarıdan veriləcək silinmə fərmanına... Bizim xidmət əsasən büdcə təşkilatları ilə işləyir... Özünü elə göstərir ki, sanki bütün uğurlar özbaşına yaranır; şaddığına şittik edir. O, çox kobuddu, söyüşcüldü, sahənin incəliklərini bilmir, xidmət bölmələri arasında ayrı-seçkilik yaradır. Özəl, ticarət-xidmət sahəsindən yığılan sərfiyyatlara baxsanız, rəqəmləri təhlil etsəniz, görmək çətin deyil ki...

- Çörçilin sözü olmasın, başlasaq araşdırmağa, münasibətlərimizin pozulmasına səbəb yaranacaq. Mətləbdən uzaqlaşmayaq, siz satış şöbəsində birinci adam deyilsiniz axı...- yoxlayıcının dərhal əsəbiliklə yenidən rəsmiyyətə keçməsi qəlbini xəfif əsdirdi,- sizdən nə tələb olunur, ondan danışın, kənara çıxmayın, xahiş edirəm... İstəyirsiniz sizə xatırladım: məlumatda onu bildirirsiniz ki, tabeliyinizdə olan üç mühəndisin birinin ali təhsili yoxdu, amma mən yoxlamışam bu faktı, səhih deyil, yanlışdı, bu adamın möhürlü-qollu arayışı var,- söhbətin qəfil kadr məsələsinə yön almasını anlasa da, cavab verməli oldu.

- Biz iki ildi bir yerdə işləyirik, savadına, səriştəsinə, bacarığına bələdəm, həm də öz dilindən eşitmişəm ki, guya ali məktəbin üçüncü kursunda oxuyur. Bunu dəqiqləşdirmək üçün şəhərə yolum düşəndə həmin universitetdə oldum, bəlli oldu ki, burda, ümumiyyətlə, bu adda tələbə olmayıb; yerli-dibli yoxdur.

- Sizdə həvəsə baxın, mən otuz üç ildi bu sistemin adamıyam, birinci kərədir eşidirəm ki, orta bir işçini tabeliyində olanın təhsili narahat edir.

- Öz üzərində işləsəydi, dərd yarı idi, yazmağı, işin çəm-çevirini elə burda öyrənmişdi... Bir də ki, adətən müdiriyyət təhsili olmayan işçilərdən asanlıqla ən çirkab niyyətlərinin icrasından ötrü istifadə edir...

- Əzizim, indi biz bilikli, kompetentli işçiləri haradan tapaq?! Əlimizin altında olanlarla işləməli oluruq; bəzən kadrı illər uzunu yetişdiririk, ancaq görürsən hərdən bişmiş, sərvaxt kadr da işimizə əngəl yaradır, məcbur oluruq, onun əməyindən-təcrübəsindən imtina edək,- bu arada yeməkxananın sahibi sinidə gətirdiyi çayı stolun üstünə düzdü.

- Biz haqsız iş görmək üçün kiminsə “haqqını” veririk. Məqsəd nədir: yaxşı yaşamaq. Bu ülvi məqsədi çirkli yollarla həyata keçirən insan nə dərəcədə buna nail ola bilər? Yaxşı yaşamaq üçün ya əlin, ya vicdanın əziyyət çəkməlidir. Heç kəsə sirr deyil ki, işlədiyimiz sistemin zəncirində iki nəfərin sözü keçir: idarə rəisinin və satış müdirinin... Bu, əmək haqqında da özünü büruzə verir: aparıcı kadrlarla onların maaşı arasında az qala üç dəfəyədək fərq var. Belə olan halda mənim borcdan xətti kəsilmiş abonentləri özbaşına bərpada suçlamağım inandırıcı deyil, axı. Mən kiməm ki? Hətta sıravi işçi mənim göstərişimə əməl etməz... Vallah gülməlidi, belə iyrənc üsulla ittiham hər kəsdə ikrah doğurur... Lakin mənə elə gəlir ki, səbəblərdən digəri insana, onun ləyaqətinə, onun tam daxili azadlığına hörmətin yoxluğu ilə bağlıdı. Yeri gəlmişkən, bu hörmət qeyd-şərtsiz və ardıcıl olmalıdır. Bu bizim böyük zəifliyimizdi və bu baxımdan biz çox zaman səhv edirik. Ümumi sistem bu sarıdan əziyyət çəkir.

- Yaman qəliz danışdın,- qonaq bic-bic güldü,- bu suala birmənalı cavab vermək asan deyil, yəni tam araşdırılmalıdı. İndiki halda artıq sən bizim işçimiz sayılmırsan, ərizəni özün vermisən, amma Ayda yaşamırsan ki....

- Siz uzun müddət oturuşmuş sistemin adamı kimi vəziyyəti gözəl dərk edirsiniz. Tərəfini saxladığınız satış müdiri əliuzunluq edib abonentləri sağa bilir, həm də daha ciddi sağa bilir... Mən bir neçə sistemdə şaltay-baltay vursam da, oturuşa bilmədim, necə deyərlər. Bu əsnada sizə həsəd aparmaq olar...

- Satış müdirinin tərəfkeşliyini etdiyimi havaxt gördünüz? Yeri gəlmişkən, mən bu gün sizin bundan qabaqkı iş yerinizə də getmişdim.

- O, sizə çoxmu lazım idi?..

- Təsəvvür edin ki, hə...

- Getdiyiniz müəssisə bu rayonda ən böyük istehlakçınızdı...

- Tamamilə doğrudur...

- Həm də...- qəsdən sözünün gerisini yubatdı.

- Nə həm də?

- ... enerjidən yayınan ən iri istehlakçıdı.

- Necə sübut edərsiniz?

- Mənim ordan uzaqlaşdığım vaxt böyük zaman kəsiyi deyil. Ordakı israfçılığı, itkiləri ən sıravi işçi də görür, bilir. Nə olsun ki, hər iki tərəf, guya ona sərf edən maxinasiyaya gedir, amma sonda ziyan görən tərəf biz oluruq, barınan onlar. Düzdür ki, baş verənlər mənim vəziyyətimlə təsadüfi üst-üstə düşmədir;xatırlatma lapdan oldu.

- Amma mənim ora getməyimin başqa səbəbləri olub.

- O səbəbin birini təxmin edirəm: keçmiş iş yerimdən məni tanımaq-bilmək ən inandırıcıdı...

- Lap elə olmuş olsa belə... Təsəvvür edin ki, orda sizi bəyənmədiklərini açıq şəkildə etiraf etdilər: kəskin xarakterli, adamayovuşmaz, qapalı... İş bacarığınıza, səriştənizə kölgə salan olmadı, insafən...

- İt itin yamını verməz, atalar deyib...

- Əsəblərinizi cilovlayın, əziz...

- Baxın, çox qabaqlar magistral yolun o üzündə bir faciəli hadisə baş vermişdi; o zaman mən yeniyetmə idim, hərçənd ürəkdağlayan mənzərə indiyədək xatirimdə qalıb. Ölən adam müstəntiq idi; əzazilliyi, tamahgirliyi ilə bütün bölgədə ad çıxartmışdı. Kəsdiyi başa sorğu-sual yox idi. Özünün çox əla vəziyyətdə olan şəxsi “QAZ-21”-i vardı. Ədavət zəminində “Kamaz” maşını “QAZ-21”-in üstündən keçmişdi. Bir müddət əzilmiş minik avtomobilinin içində pərçimlənib qalan müstəntiqin naləli zarıltısına kömək üçün kimsə yaxınlaşmamışdı. Al qanın içində qıvrılaraq o dünyalıq olmuşdu...

- Kədərli əhvalatdı, amma bunun mətləbə dəxli yoxdu. Mən indi də sizin qayıtmağınızın tərəfdarıyam, baxmayaraq ki, həm indiki idarədə, həm də ondan qabaq işlədiyiniz özəl yerdə sizi müdafiə arqumentləri görmədim. Tələbim də adidi: sadəcə olaraq xidmətinizə dair bütün sənədləri imzalayın, Allah xatirinə, işinizə davam edin. Sanki çıxmaq barədə heç ərizə verməmisiniz, tapşıraram əmri dəyişərlər.

- Siz bilməlisiniz ki, orda, sənədlərdə göstəricilər necə şişirdilibdi... İdarələrin sövdələşməsi indiki zamanda kimə sirrdir ki?! Səmimi olun, mənim yerimə olsaydınız, o sənədlərə imza atardınız?

- Hər şeydən xəbərim var, amma sizin bilmədiyiniz məsələlər daha çoxdur. Kim bizim iş sistemini seçibsə,- o, sanki ağzı ilə deyil, boğazında deyirdi,- qalan qayğılarını unutmalıdır... Ancaq yatandan-yatana evinə getməlidir. Özü də bizdən çıxanları gündüz əli çıraqlı axtarırlar; hər yerdə həvəslə işə götürürlər. Biz çox şey istəmirik ki... Siz sadəcə... Siz sadəcə olaraq... istəmirsiniz... Onda lazım deyil...

- Siz bir şeydə haqlısınz ki, ancaq ağır zəhmətlə nəyəsə nail olmaq olar... Amma, bu, səmərəsiz zəhmətdi... İcazə verin sizdən soruşum: baxın, şişirdilərək yazılan sərfiyyatın pulunu kimlər yeyir? Balaca rəqəm deyil ha bu... Hər ay da inadkarlıqla buna gedilir... Yəni sizin bütün bunlardan, oğrulardan-oğurluqlardan da xəbəriniz yoxdur? Bir dəfə təsadüfən sizin sevimli satış müdirinizin bir istirahət mərkəzindən çıxandan sonra, mizinin üstündə qalan yemək qalığını görəndə dəhşətə gəldim. Və yazmışam bu barədə məktubumda... Onun qabağından qalanı yeməklə beş-altı işçini doyurmaq olardı. Bunlar gündəlik yediklərində də israfçılıq edir. Siz də belə adamı müdafiə edirsiniz?

Qonaq əsəbiliklə çiyinlərini çəkdi: yəni yeyib yeyib də, sənə nə isti-soyuğu, sənin puluna yeməyib ki...

- Amma bunlar heç yerdə öz pullarına yeyib-içmirlər... Rəis bütün yay gecələrini növbə ilə yuxarıda-dağdakı çoxsaylı istirahət yerlərində eyş-işrətdə keçirir.

Stəkanlardakı çay soyuyub buza dönmüşdü. Qonaqlar nədənsə çay içməyə həvəsli deyildi.

- İndi sizə bir şey deyəcəm, inciməyin, qadası: lap bir qərinə hür-gileylən, heç nə dəyişməyəcək! Bu mənasız hay-küydür. Əslində, zənnim məni aldatmır: həm də, bu tox adamın gileyidi... Həə, bir az əvvəl sənin tabeliyində olan işçilər öz izahatlarında burda yazdıqlarını lox hesab etdilər. İzahatlar məndədir, istəsəniz, göstərə bilərəm. Ancaq bir şərtlə...

- Hansı şərtlə?..

- Əvvəl özünüz də izahat yazın...

- Şöbə rəisi izahat verməyincə, mən bir şey yazmayacam. Siz izahat verməyə onu məcbur edin. Bir də ona qəhmər durmayın!

- Qışqırmayın...

- Mən qışqırmıram,- dedi, amma eşidirdi ki, qışqırmağa başlayır.- Artıq bu günləri heç nədən çox, təklikdən bir az yaxşı vəziyyətdəyəm. Canavarı yedirib-doyursan da, xasiyyətini dəyişmək mümkünsüzdü. İndi daha çətin olur, həyat quru görünür, insanlar çətin dərk olunur. İki il bir yerdə can qoyduğumuz işçiləri qınamıram. Bir tikə çörək qovğası çoxlarını urvatdan salıb.

Şəhərdən gələn qonaq onu dinləyir, təkəbbürlü gökəmlə başını bulayır, istehza ilə gülümsünürdü. Mircavad müəllim bircə kərə nəsə demək istədi, ancaq qonaq sözünü kəsdi, qoymadı:

- İzahatı bu formada yazarsan; yəni, əsəbi olubsan, yazdıqlarının fərqində olmamısan; belə şeylər hər kəsdə olur. Sənədləri yerinə bərpa olunanda imzalayarsan; qaldı sənin işçilərinə, onlar mənlikdi: rədd edərəm gedər. Oturub arxayınlıqla işləyərsən. Yol göstərmək kimi çıxmasın...

Diqqətlə ona baxdı. İndi yadına düşdü ki, qonağın uzun başı qaz yumurtasına oxşayır. Onsuz da uzun olan sifətini burnu, xətt buraxdığı bığ daha uzun göstərirdi. Beyni isə məşğul idi: “Hər insanın mənəviyyatında bir vicdanın yatdığına əminəm. Ayıq yatanı var, top atsan oyanmayanı var... Ancaq bir gün onu itirsək ... İtirdiyimizdə tapa bilməyəcəyimiz tək şey vicdanımız, mənliyimizdir... Burax hər şeyi, çıx get... Qoy bütün bunları başqaları həll etsin. Sən bu işdə olmayacaqsan. Bunların işi budu: hər dəfə eyni üsul-danışıqlar, yeniliklər, sancmalar, sonra getməzdən qabaq, xahiş etmək, sanki indi xatırlanırmış kimi. Sonra dirənişli xahiş, vədlər, andlar. Tələsdirmirlər-qısnamırlar, lazımi məqamda nəzakətli, incə rəftarlıdırlar. Bununla sanki gözə kül atırlar. Səbir etməyi bacarırlar, mən də səbirli olmalıyam”, - ürəyini çırpındıran həyəcan elə bil dilini, dodağını qurutdu, bədənini məngənə kimi sıxdı.

- Məmurlar azından özlərini çoban kimi aparmalıdı, ya da sürünü qoruyan köpək kimi, day çaqqalcasına yox. Tfu sizin sisteminizə!- deyə yerindən qalxıb açıq qapıdan çıxdı. Yeməkxananın içindən keçdikcə arxasıyca qışqıran Mircavad müəllimin səsi qulaqlarında cingildədi:

- Görün, iki ili bunun əlindən nə çəkmişik də! Hələ sizin buna ürəyiniz yanır!..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG