Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:06

Əlli yaşlı gəncin fəlakət dolu xoşbəxtliyi və ya Paradoks


Salvador Dalinin rəsmi
Salvador Dalinin rəsmi
-

Qız da bu nəvazişin hərarətindən əriyirmiş kimi ehtiras dolu qəribə səslər çıxarırdı. Beləcə bu, görüşün ləzzətini daha da artırırdı. Eliza öz ehtirasını doyurunca geyinib evi tərk etdi...


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Jalə Əsgərova


Əlli yaşlı gəncin fəlakət dolu xoşbəxtliyi

Və ya

Paradoks



Pəncərədən üzünə düşən zəif günəş işığı “beyin” kinoteatrında nümayiş olunan “yuxu” filmini yarımçıq kəsdi. Gözlərini ovxalayıb bir az gərnəşdi, yenidən çarpayıda hərəkətsizləşdi.

Elə bil, bütün əzaları, toxumaları, hüceyrələri donmuşdu, elə bil başını mismarla balışa mıxlamışdılar. Sanki İsa Məsihi çarmıxa çəkmiş, ya da Prometeyi zəncirləmişdilər.

Dünənki gecənin ağırlığı ruhuna, bədəninə elə çökmüş, şərab qanına elə işləmişdi ki, təpədən dırnağa keyimişdi. Üstünə axan günəş şüaları ona ruh enerjisi göndərdi; ayaqlarını çarpayıdan sallayıb döşəməyə dirədi, bədəninin tarazlığından balansın pozulmayacağını qətiləşdirdi və ayağa qalxdı.

Otağa nəzər saldı... vücudu sözünə baxmaq istəmirdi. Səndələyə-səndələyə birtəhər güzgüyə yaxınlaşdı . Aynada əksini görüncə gözlər bərəldi, hədəqəsindən çıxdı. Tomas Mor utopiyasının bəxş etdiyi dünyada gecələdiyi halda niyə qəfil Hüqonun səfilinə çevrildi?! Nədən bayaqkı filmin baş qəhrəmanı, qayğısız biri olduğu halda indi hər şey belə başqalaşdı...?!

Üzünü əllərinin içində batırıb geri çevrildi, gözlər yenə sahibini incitdi. İndi baxdığı otağın hər küncündən əcaib-qəraib məxluqlar görünməyə başladı tənhalıq bataqlığında ona sirdaşlıq etməyə gəlmiş kimi...divar saatı Salvador Dalinin portretindəki kimi əriyib tökülür, tavandakı çilçıraq fil kimi uçurdu.

Hansı səmtə addımladısa, həsrət, bədbəxtlik iyi burnunu acıtdı, başını döndürdü, əhvalını korladı. Hamam otağına qaçdı, su ilə üst -başını tənhalıq bataqlığının çamurundan təmizləməyə çalışdı. Əksinə, elə bil su əvəzinə qan buladı üst-başına. Bu vahimədən canını qurtarmaq müşkülünün həllini axtardı və qeyri-ixtiyari darısqal hamamda fikirlərini qucaqlayıb gəzindi.

Soyuq duşun altında hallüsinasiyalarını yumaq istədi, ancaq soyuq duş qarabasmalara münbit torpaq kimi həyat verdi və onlar daha da şiddətləndi. Qəfil peyda olan səs onu yatağına səslədi. Qaçaraq islanmış vücudunu yenidən çarpayıya sərdi. Döşəyi əzizləyirmiş kimi onu sığalladı, bu zaman əli dünən göz gəzdirdiyi Folknerin “As I lay dying” kitabına toxundu. Kitabı bağrına basıb yorğanı başına çəkdi. Qırıq-qırıq nəfəs almağa başladı. Uzandığı döşək ağı islaq paltarların və nəm vücudun suyunu özünə çəkir,dəsmal kimi onları qurulayırdı. O isə mövcudluq dünyasından ruh dünyasına qovuşurdu yenidən beyin kinoteatrında nümayiş olunan yuxu filminin növbəti seriyasına baxmaq üçün...

Gözlərini açdığında xəstəxana çarpayısında can verirdi... həm də Homerin qəhrəmanı Aqamemnonun Odisseyə dediyi bu kəlmələri xatırlaya-xatırlaya: “As I lay dying ,the woman with the dog’s eyes would not close my eyes as I descended into Hades”...( o biri dünyaya qovuşduğumda (cəhənnəmə vasil olduğumda) it gözlü o qadın mənim gözlərimi bağlamayacaq...)

İllər əvvəl qəfil həyatına soxulub öz tamahını öldürən qadın indi onu öldürdüyündən xəbərsiz idi... 30 yaşlı Peço siqaretini yandırmaq üçün əlini cibinə uzatdı, amma alışqanı haradasa unutmuş, ya da düşürmüşdü. Vaxt itirmədən qarşısından ötüb keçdiyi binanın açıq qapısından içəri daxil oldu. Bura adamla dolu idi.

Dünya rəssamlarının əsərləri nümayiş olunan bu sərgi şəhərdə böyük əks-səda doğurmuşdu. O, qeyri-ixtiyari özünü insan kütləsinin içinə atıb rəsmlərə tamaşa etməyə başladı. Peço bu yaşınadək ehtiyacın nə olduğunu dərk etməmişdi. Dijonda fermer ailəsində doğulmuş, üç yaşında ikən anasını itirmişdi. Atası onu başqa cür bacarmadığından yumruqlarıyla tərbiyə etmişdi. Bu cəhətlərinə görə “Xalq düşmənləri” filminin baş qəhrəmanı Mursvili xatırladan Peço elə onun kimi beyzbolu, kinonu, yaxşı geyimləri, avtomobilləri, viskini və qadınları sevirdi. Yeniyetməlik çağından Sarbonnaya köçmüş və burda azad yaşamağa başlayan cavan şərabçılıqdan və üzüm bağlarından götürdüyü gəlirlə var-dövlətə sahib atasının göndərdiyi pulları kazinolarda uduzmaqla, fahişələrlə pozğun həyat tərzi keçirməklə müşayiət olunan yaşamına xərcləyirdi. Getdikcə həyat onun üçün öz marağını itirirdi.

Bir qrup adam suprematist Kazimir Maleviçin “Qara kvadratı” qarşısında dayanıb fikir mübadiləsi aparır, bəziləri kubist Pikassonun əsərini yüksək ədabazlıqla qiymətləndirirdi. Rəsmlərin sərgiləndiyi bu oval salonda zalın darlaşan nahiyəsində səliqəli geyinmiş bir xanım onun diqqətini cəlb edir. Peço addımlarını itilədib qızın dayandığı yerə gəlir.

Gözlərini sürrealist Salvador Dalinin rəsmlərindən çəkməyən, bu əsərlərə qəribə acgözlüklə diqqət kəsilən qızın arxasında dayanır. Bu kiçik qızcığaz Sarbonna universitetinin ikinci kursunda oxuyan marselli Elizadır. O, kasıb ailənin qızı olmasına baxmayaraq həmişə səliqəli və zövqlü geyimləri ilə diqqət çəkir, elə savadıyla da bir çox varlı uşaqların təhsil almaq istədiyi Sarbonnada artıq iki ildir ki,biliklərini artırır. Amma bu yaşına qədər hələ də bakirəliyini saxladığına görə həmişə rəfiqələri arasında gülüş obyektinə çevrilməkdədir. Və bu gün məhz bu eyibini təmizləmək üçün bu sərgiyə gəlmişdi: nə olursa-olsun bir oğlanla tanış olub, onunla yatmaq. Əslində portretlər və sərgi vasitəçi alətlər idi. Bu fikirlərin ağuşunda geri çevrilir və arxasında dayanmış vəhşi Peço ilə baş-başa dəyir. Ağrı möhkəm olduğundan bir müddət hər ikisi gözlənilməz sükut və əsəblə bir-birinə baxır, kimin səhvi ucbatından baş verdiyini ayırd etməyə çalışırlar. Nəhayət, Eliza nazik səslə dillənir:

- Bağışlayın...

Eliza bu kəlməni söylədiyində dialoqun hələ bir ay daha davam edəcəyindən xəbərsiz idi...

- Bir az ehtiyatlı davransaydınız, bu zərbəsiz də keçinmək olardı. Peço kobudcasına dilləndi. Eliza bu kobudluqdan hürkmüş və canını qurtarırmış kimi növbəti rəsm əsərinin yanında dayandı. Amma qəfil oğlanın onun arxasınca gəlməsini istədi. Bir az söhbətdən sonra fikrini deməkdən də çəkinməyəcəkdi. Elə belə də oldu. Peço onda qəribə maraq oyatmış bu qıza acgöz həvəslə yanaşdı və qısa söhbət Peçonun Elizanı evinə dəvəti ilə bitdi.

Növbəti gün Peço sevimli xadiməsi Marta xalanı evi səliqəyə salmaqçün çağırdı. Qadın təmizlikdən sonra gözəl bir masa hazırladı. Qızardılmış balıq, soyuq qəlyanaltı və 1803cü ilə məxsus fransız şərabı.

Eliza deyilən ünvana yaxınlaşdıqca onu qəribə bir həyəcan bürüyür, hərdən ayaqları sözünə baxmayıb büdrəyirdi. Əlləri ilə tez-tez saçlarını qaydaya salır, paltosunun cibindəki dəyirmi əl güzgüsünü çıxarıb makiyajının pozulmamasına nəzarət edirdi. Budur, hər tərəfi dekorativ bitki kolları, unikal ağaclarla bəzənmiş, həyəti parkı xatırladan kiçik bir malikanəyə qədəm qoyur. Elə bu andan müştərisinin heç də kasıb, sıradan bir ailənin varisi olmadığını anlayır. Peço onu indiyə qədər xarakterində rastlanmamış qəribə mehribanlıqla salamlayır. Eliza içəri dəvətdən sonra ona hədiyyə gətirdiyi kitabı masanın üstünə qoyur və beləcə söhbət başlanır. Bu onların hər ikisi üçün məxsusi bir gün idi; biri ilk dəfə olaraq bakirəliyini itirəcək, o biri isə ilk dəfə bakirə qızla yatacaqdı. Söhbət əsnasında Eliza Peçonu özü üçün kəşf etmədə idi. O, uğursuz həmsöhbət, dünya ədəbiyyatı və incəsənətindən, mədəniyyətdən tamamilə təcrid ağıla malik banal biri idi. İndi Elizaya Peço ilə söhbətdən daha çox, onunla yatmaq maraqlı görünürdü.

Peço isə sanki nağıllar aləmində idi. Elizanın səlis nitqi, zadəganlara məxsus stol adətləri, etikası təbiətcə vəhşi Peçonu tərbiyələndirmənin bir addımlığında dayanmış silahı xatırladırdı. Nəhayət, onlar Co Dassin musiqisinin sədaları altında yatağa uzandılar. Peço bu işin ustası olduğundan bir göz qırpımındaca qolları arasındakı zərif məxluqu tərkisilah edib, ona qadın olmanın ləzzətini yaşatdı. Eliza indi bu görüşü bu günə qədər gecikdirdiyi üçün özünü qınayırdı. Qapıdan çıxdığında o, təşəkkür dolu baxışlarla Peçoya gülümsünüb iti addımlarla gözdən itdi.

Peço günün qalan hissəsinə maraq qatmaq üçün rəfdə qalaqlanmış porno jurnalları vərəqlədi, ancaq bu kömək etmədi və yaxınlıqdakı kazinoya getməyi qərara aldı. Masanın üstündəki bağlama onun diqqətini çəkdi. Maraqla yaxınlaşıb nə olduğunu və bura necə gəlib çıxdığını aydınlaşdırmaq istədi. Tünd şərabın təsiri yavaş-yavaş öz gücünü itirməkdə idi. O, bu bağlamanın Eliza tərəfindən ora qoyulduğunu xatırladı. Bu, Ceyn Ostinin “Qürur və qərəz “ kitabı idi. Peço kitabı vərəqlədi, yenidən masaya atıb dostları arasında daha bir qadın macərasıyla qürurlanmaq üçün kazinoya tələsdi. Amma kazinoya bir az qalmış bu xəbəri bölüşmək, bugünkü yataq döyüşü haqda danışmamağı qərar aldı və daha bir neçə addımdan sonra kazinonun səsli-küylü həyatı qulaqlarında cingildədi, çəkic kimi qulağının pərdəsini döyəcləməyə başladı. Bu ruhi çaxnaşmadan xilasın yeganə yolu evə qayıtmaq idi. Evə çatanda artıq hava qaralmışdı. Soyuq duşdan sonra yatağa uzandı və kitabı yenidən vərəqlədi. Gecənin qaranlığında,bu qaranlığın bağışladığı sükutun ağuşunda kitabı şərab kimi başına çəkib bitirdi. Ruhu təmizlənmiş kimi rahatca yuxuya getdi.

Günlər keçir, Peço isə həyatında hələ çox şeylərin çatışmadığının fərqinə varmağa başlayırdı. Bu hiss onun həyatını indiyədək yaşamadığı dözülməzliyə aparırdı. Bir neçə gün beləcə keçdi. Peço qəfil darıxmağa başladı. Eliza üçün darıxdığını anlamışdı. Onun axtarışına çıxdı. Amma heç bir ünvan bilmədiyindən axtarış bir nəticə vermədi. Eliza indi Peçonun həyatından əsmiş bir bahar mehini xatırladırdı. Əsdi, özü ilə xoş qoxu gətirdi və bitdi.

Eliza isə bu görüşdən sonra artıq rəfiqələri arasında daha da böyük hörmətlə qarşılanırdı. İndi onun davranışlarındakı məsumluq bakirəliyi ilə birgə uçub getmiş,özündən razı və cəlbedici qadın ədasıyla əvəzlənmişdi. Mühazirələrin birində yanından ötən müəllimin parfumu onu özündən çıxarır, bədənində hərarətin qalxdığını hiss edir və dərs bitən kimi birbaşa Peçonun malikanəsinə üz tutur. Günorta olmasına baxmayaraq Peço hələ də yatırdı. Eliza soyunub çılpaq Peçonun yanına uzanır.

Peço bədəninə toxunan soyuq bir şeyin yavaş-yavaş isindiyini hiss etdi. Gözlərini qıyıb altdan-yuxarı bunun nə olduğunu aydınlaşdırırmış kimi baxdı. Yanında Elizanı görüncə yuxuda olduğunu yəqin etdi və günlərdir həsrətində olduğu bu bədənin hər əzasını bir müddət sahibindən ayrı düşmüş it kimi yalamağa başladı. Qız da bu nəvazişin hərarətindən əriyirmiş kimi ehtiras dolu qəribə səslər çıxarırdı. Beləcə bu, görüşün ləzzətini daha da artırırdı. Eliza öz ehtirasını doyurunca geyinib evi tərk etdi.

Bir neçə belə görüşdən sonra həyat filminin ikili kadrlarının arası kəsilir və o yenidən tənhalıq tunelinə yol alır. Hər dəfə gəldiyində müştərisinə bir kitab hədiyyə edən Elizanın sonuncu hədiyyəsi isə Üilyam Folknerin “As i lay dying” əsəri olur. Peço bu əsəri də bir göz qırpımında bitirib növbəti görüşü və növbəti kitabı gözləyir. Və bu zaman kəsiyi düz iyirmi il çəkir. Peço arxada qoyduğu iyirmi ilin hər gününü duallıqda keçirir: gah xəyallarında Eliza ilə sevişir, onunla söhbətləşir, gah da reallığa qayıdıb guya Elizanın hədiyyə etdiyi kitabları oxuyur. Əslində isə bu kitablar ona Elizanın ayrılığından bir ay keçmiş təsadüfən qarşılaşdığı və bütün ümidləri qırılmış aciz birini xilas etmək istəyən kitabxana sahibi,yaşlı bir kişi tərəfindən göndərilirdi.

Mütaliəyə həsr olunmuş zaman bitir və bu müddət ərzində qədim yunan mifologiyasından tutmuş müasirlərədək bütün gərəkli əsərlər oxunur. Budur, iyirmi illik ağır zehni əməkdən sonra istirahət vaxtıdır. Peço sabah həyatının ən ali məqsədinə çatacağının bayramını qeyd edir. Sabah onun aliləşməsini söhbətlərində təlqin etmiş o qadını tapacaq, ona həm fiziki, həm də zehni peşəkar olduğunu göstərəcək və həyatının davamını onunla yaşayacaqdı. Şərab butulkaları Peçonun mədəsinə hökmranlıq etmək üçün onun çarpayısının yanında gözləyirlər. Peço sonuncu hədiyyə olunan kitabı daha diqqətlə oxuyur və hansısa sözü nəzərdən qaçıracağı fikriylə tez-tez bitirdiyi səhifəni əvvəldən sona gözdən keçirir. Şərab butulkalarını bitirib huşsuz yatağına uzanır......

O indi çox sevinirdi...gözlərini bağlamayacağını düşündüyü qadın tibb bacısı qiyafəsində onun son nəfəsini tapşırmasına tamaşa edirdi... Şizofreniya əlli yaşlı gənci fəlakət dolu xoşbəxtlik içində o dünyaya uğurlayırdı....

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG