Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:40
-
«İz» mədəniyyət proqramı bu dəfə ötən həftənin ən böyük olaylarından birini – Beynəlxalq Kann Kino Festivalını diqqət hədəfində saxlayıb. Artıq 66-cı dəfə keçirilən həmin məşhur festivaldan qayıdan 2 yaradıcı şəxs – kinorejissorlar Ayaz SalayevFariz Əhmədov Kann təəssüratlarını AzadlıqRadiosunu dinləyənlərlə bölüşüb.

--Şöhrətli Kann festivalına ilk dəfə qatılırdınız?

A.S. –Bəli, ilk dəfə idi. Amma mən görürəm ki, bu festival çox hay-küyə səbəb olur, hamı məni sorğu-sual edir. Həqiqətən də, bu festivalın nüfuzu böyükdür. Çox yaxşı haldır ki, 3-cü dəfədir ki, Azərbaycan da Kann festivalında öz pavilyonunu qurur. Dünya kinosuna qovuşmaq üçün bu, bir fürsətdir. Fikrimcə, hər şey belə addım-addım olur. Kann festivalında filmimizin nümayiş olunmasını istəyiriksə, əvvəl gərək gedib baxaq, görək orada nə göstərirlər. Təbii ki, konyunktura güdülməməli, hərə öz simasını göstərməlidir. Amma yenə də o ab-hava ilə nəfəs almaq son dərəcə əhəmiyyətlidir və yaxşı ki, son vaxtlar kinematoqrafçılar üçün bu imkanlar yaradılır.

F.Ə.-- Kann festivalına ilk dəfədir ki, qatılırdım. Fikrimcə, Kann kateqoriyasına görə digər festivallardan daha nüfuzludur.

–Təəssüratlarınız, təbii ki, boldur...

A.S. - Təəssüratlarım çox mürəkkəbdir və ikili xarakter daşıyır. Çünki mənə elə gəlir ki, müsabiqədəki filmlərin səviyyəsi yuxarı deyildi. Texniki parametrlərə baxanda, təbii ki, yüksək idi. Amma bəzi filmlər, elə bil, həvəskarlar tərəfindən çəkilmişdi. Bu filmlərin müsabiqəyə daxil olması məni həm təəccübləndirdi, həm də düşüncələrə qərq etdi. Dünya kinosunda bəsitləşmə prosesi gedir. Çox şey sadələşir. Bu, internetlə, audioviziuallıqla bağlıdır. Artıq tamaşaçının diqqətini cəlb etmək çox çətindir. O üzdən builki Kann festivalının proqramı əvvəlkilərdən çox fərqlənir. Bu, artıq yeni bir dövrün proqramıdır və mən deməzdim ki, onu müsbət qarşılayıram... Tamaşaçılar da bunu anlayır. Məsələn, bir neçə film oldu ki, heç alqışlanmadı. Müsabiqədəki filmləri görəndən sonra bu qərara gəldim ki, artıq müəyyən siyasət aparılsa, Kann festivalına düşmək şansımız var.

F.Ə. -- Kateqoriyasına görə bu, qlamur bir kino bayramıdır. Proqramdakı filmlər demək olar ki, birinci dəfə göstərilir. Qırmızı xalıdan tutmuş böyük təqdimatlaracan—hər şey yaddaqalandır. Bir şey də maraqlıdır ki, dünya kinoteatrlarında zallar boş olduğu halda, burada insanlar küçələrdə bilet növbəsinə dayanaraq, zallarda öz yerlərini tutmaq istəyirdilər. Gecə seanslarında da boş yerlər olmurdu. Yağmurlu havalarda da insanlar bilet tapmaq ümidi ilə kinozalların qarşısında saatlarla dururdular.

-- Kino şənliyinə hansı ünlü sənətçilər qatılmışdı?

A.S.-- Münsiflər heyətinin sədri Stiven Spilberq idi. Leonardo Di Kaprio orada idi. Amma mən tanınmış adamları ekranda görməyi xoşlayıram. Sözün düzü, kinematoqrafçı olduğumdan, ulduzlara canlı baxmaq məni çoxdan cəlb etmir. Fikrimcə, məşhur adamlar da həyatdakı adi adamlardır. Ancaq çəkdiyi və çəkildiyi əsərlərdə onların böyüklüyü aşkara çıxır. Onu da ekrandan izləyirəm.

F.Ə.— Hansı ünlü sənətçilər qatılmamışdı--sorsaydınız, daha düzgün olardı. Dünyanın ən nüfuzlu kino mütəxəssisləri, Avropadan, Amerikadan, İrandan, Türkiyədən tanınmış kino xadimləri bu festivalda iştirak edirdi. Bu barədə saatlarla danışmaq olar.

-- Azərbaycan pavilyonuna ölkədən kimlər qatılmışdı?

F.Ə. –Üçüncü ildir ki, Kann festivalında Azərbaycan pavilyonu açılır. Bu, bir növ «Azərbaycan evi» formatında təşkil olunur. Burada görüşlər keçirilir, yeni çəkilmiş və çəkilməkdə olan filmlər təqdim olunur. Kann festivalının bir özəlliyi də odur ki, nümayişlərlə birlikdə kino bazarları da təşkil olunur. Ayaz Salayev

Ayaz Salayev

Dünyanın ünlü prodüserləri bura buyurur, burada iş qurur və istehsal etdiyi məhsula alıcı tapır. Fikrimcə, ölkəmizə maraq böyükdür. Bizimlə işbirliyi qurmaq istəyən Avropa və Hollivud rejissorları, ortaq ekranlaşdırılmalı olan əsərlər var. Kinostudiyanın direktoru yüzlərlə görüşlər keçirdi və ümid edirəm ki, bu görüşlər bəhrəsini verəcək. ​

-- Azərbaycan kinematoqrafı Kanndan baxanda necə görünürdü?

A.S.--Azərbaycan kinosu pavilyonda idi. Kann festivalının müsabiqəsində Azərbaycan filmləri yoxdu. Adamlar gəlirdi, müştərək söhbətlər aparılırdı. Bu, kinomarketdir, festivalın başqa tərəfidir.

F.Ə.— Festivalın proqramına düşmək hər rejissorun arzusudur. Həm Ayaz müəllim, həm də mən bir rejissor olaraq bütün filmləri izləməyə çalışırdıq. Nəyə görə bura düşə bilməməyimizi, hansı filmlərin bura düşdüyünü götür-qoy edir, saatlarla müzakirələr aparırdıq. Fikrimcə, bizdə çəkilən filmlər texniki baxımından zəif ola bilər, amma mövzu və ideya cəhətdən heç də oradakı filmlərdən geri qalmır, bəlkə də, bəzisi güclüdür... Təəssüf ki, filmlərimizdən xəbərləri yoxdur. Bu da təbliğatla bağlıdır. Film prokata çıxmalı, festivallarda olmalıdır. Son dövrlər bir sıra rejissorlarımızı tanımağa başlayıblar, amma kütləvi halda bu proses ləng gedir.

-- Belə nüfuzlu festivallara qatılmaq üçün hansı filmlər çəkilməlidir?

A.S.-- Bu, 10 saatlıq mühazirəyə səbəb olacaq sualdır... Sualınız mürəkkəbdir. Mənə elə gəlir ki, ən əsas amil yenə də öz işini görməkdir. Öz simanı saxlamaq və bu simanı hamıya tanıtmaqdır.

F.Ə.-- Festivaldan qayıtdıqda--yolda bu fikrə gəldik ki, Kanna o filmlər düşür ki, rejissorlar öz şəxsi mənlərini və orijinal bir ideyanı ortaya qoyurlar. Bu filmlərdə rejissorun məni görünürdü və yeni bir yol açdığı, fikir söylədiyi üzə çıxırdı. Eyni zamanda, hər bir dövlətin mədəniyyəti ön planda idi. Fikrimcə, Azərbaycan mövzusu qlobal şəkildə qaldırılmış formada daha maraqlı ola bilər. Avropa tamaşaçısını təəccübləndirmək lazımdır. Biz onları yerli mövzuların yeni təqdimatıyla təəccübləndirə bilərik.

-- Azərbaycan rejissorları hansı önəmli görüşlərə qatıldılar?

A.S.-- Əsas prodüserlər və kinostudiyanın direktoru Müşfiq Hətəmov, Mədəniyyət Nazirliyinin təmsilçisi Yusif Şeyxov orada çoxlu danışıqlar apardı. Mən daha çox seyr edirdim. Hərdən imkan dairəsində mən də söhbətlərə qatılırdım. Bu, çox vacibdir. Artıq əlaqələr qurulur.

-- Nələr aydınlaşdı, nələr qaranlıq qaldı?

A.S. –Kann festivalını məqsəd götürmək lazım deyil. Bizdə iki festival tanıyırlar--Kann və Oskar. Digər festivallar da, mükafatlar da var. Nəyə görəsə Kann səs-küyə səbəb olur...

F.Ə.— Yüzlərlə mühüm görüşlərimiz, dünyanın aparıcı studiyaları ilə danışıqlarımız oldu. Bu danışıqlar artıq danışma və telefon söhbətləri şəklində davam edir. Hesab edirəm ki, ilin sonuna qədər bir neçə proyekt film halında gerçəkləşəcək.

-- Festivala yenə qatılsaydınız, nəyə daha çox diqqət yetirərdiniz?

Fariz Əhmədov

Fariz Əhmədov

A.S.—Yenə də filmlərə baxacaqdım. Hər dəfə hansı filmlərin seçilməsi, tamaşaçılar tərəfindən necə qarşılanması maraqlıdır.

F.Ə.— Dediyim kimi, Kannın strukturu elədir ki, orada premyeralar olur və 7-8 aydan sonra bu filmlər tamaşaçıya çatır. Bir də, bacardıqca daha çox görüşlər keçirilməsi, əlaqələr qurulması mənim üçün daha əhəmiyyətli olardı.

-- Mükafat alan film barədə fikrinizi bilmək istərdim.

A.S. — Mükafat alan film iki qadının məhəbbəti haqqındadır. Mən o filmə tam baxa bilmədim. Mən Kann festivalının mükafatını alan bu filmin müəllifi olmaq istəməzdim. Amma rejissorun öz mövqeyi var və s. O filmin rejissoru Fransada doğulan ərəbdir. Mənim o festivalda ən xoşuma gələn film İran rejissoru Əsğər Fərhadinin Fransada çəkdiyi «Keçmiş» filmidir.

F.Ə.— Builki proqram çox zəif idi. Mükafat alan film də həmin filmlərin içərisindən seçildi. Jürinin fikri ilə razıyam. Amma ümumi baxdıqda, mənim də razılaşmadığım nüanslar var idi.

--Kann festivalının bütöv bir şəhərin şənliyinə döndüyü deyilir. Bu, doğrudurmu?

A.S.—Yox! Eşitdiyimə görə, festival vaxtı şəhərin əhalisi 3 dəfə artır. Amma kino bayramı hissiyyatı olmadı məndə.

F.Ə.-- Əlbəttə, hiss olunurdu. Şəhərin əhalisi 3 dəfə artdığından, 5 dəqiqəlik yolu 15 dəqiqəyə gedirdik. Kinonu sevənlər Kanndaydı. Küçədə gəzdikcə ulduzlarla rastlaşmaq, onlarla şəkil çəkdirmək, hətta avtoqraf almaq olurdu. Kann şəhəri mayın 14-dən 26-dək kinosevərlərin və kinoçuların mərkəzinə çevrilmişdi...

Günün bütün mövzuları

XS
SM
MD
LG